“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün

Hit: 599
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi uğurla davam edir. Müsabiqənin layihə qəbulu mərhələsi 6 gün sonra, 1 fevral tarixində yekunlaşacaq.
 
Azərbaycan qızılından istehsal edilən sikkələrin dizaynı üçün həll çeşidliliyinin artırılması, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Ordumuzun parlaq qələbəsi və Qarabağın tarixi-mədəni dəyərlərinin təbliği məqsədilə keçirilən müsabiqəyə bu günədək 400-dən çox dizayn nümunəsi göndərilib. Növbəti mərhələdə müsabiqə şərtlərinə cavab verən bütün nümunələr ölkənin tanınmış mütəxəsislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında qiymətləndiriləcək.
 
İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcək. Əlavə olaraq, müsabiqədə iştirak üçün seçilən bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
 
Xatırladaq ki, müsabiqənin qalibi qismində seçilmiş dizayn nümunələri əsasında nominal dəyəri olmayan yeni qızıl sikkələrin istehsalı planlaşdırılır.







Redaktorun seçimi