Yeni enerji siyasəti - Yenilənən enerji mənbələrinin inkişafını tələb edir - II Məqalə

Hit: 682
Yeni enerji siyasəti - Yenilənən enerji mənbələrinin inkişafını tələb edir - II Məqalə
“Azərbaycan bərpa olunan enerjinin böyük inkişaf potensialına malik olan ölkədir. Bu potensialın reallaşdırılması məqsədilə hökumət artıq öz qarşısına ... hədəflər qoyub. Lakin, təcrübədə tətbiq səviyyəsi ölkədə mövcud olan resursların miqyası və uzunmüddətli hədəflərlə müqayisədə məhdud xarakter daşımışdır” 
 
Beynəlxalq  Bərpa Olunan Enerji Mənbələri  Agentliyi (IRENA)
 
Enerji siyasətinin sənədlərdə ifadəsi
 
Azərbaycanın yenilənən enerji mənbələrindən istifadə siyasətini müxtəlif sənədlərdə ifadə olunub. Birinci məqaləmizdə adı çəkilən ABOEM-dən İstifadəyə dair Dövlət Proqramı (2005-2013) elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin potensialını müəyyənləşdirmək; milli enerji mənbələrinin səmərəliliyini artırmaq;  milli  enerji təhlükəsizliyini təmin etmək; bərpa olunan enerji sektorunun inkişafı ilə iş yerlərinin yaradılmasını dəstəkləmək kimi məqsədlər qarşıya qoymaqla dövlətin bu sahədəki siyasətini də adyın şəkilə özündə əks elətdirirdi. AR Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası (2012-ci il AR Prezidentinin 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir) ölkə üzrə əsas siyasi və strateji sənəd olmaqla, ölkə üzrə bütün iqtisadi fəaliyyət sektorların inkişafı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini də nəzərdə tutmuşdur.
 
 “Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə üzrə Dövlət Strategiyası - 2015-2020”  layihəsi  ABEMDA (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, ABEMDA  Prezidentin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdı) tərəfindən hazırlanmışdır.  Strategiyasının əsas məqsədi ABOEM-in geniş tətbiqi hesabına elektrik və istilik enerjisi istehsalı, enerjidən səmərəli istifadə, enerji təchizatının effektivliyinin artırılması və istehlakçıların dayanıqlı enerji təminatına nail olmaqdır. ABOEM-dən istifadə sayəsində generasiya güclərinin paylanılmış strukturunun inkişafı, enerji mənbələrinin diversifikasiyası, istilik effekti yaradan qaz tullantılarının azaldılması, ABOEM-in iqtisadiyyatın bütün sahələrinə tətbiqi və enerji istehlakı balansında yeni yaradılacaq generasiya gücləri hesabına ABOEM-in istehlak payının 2020-ci ili əhatə etməklə, 20 faizə çatdırılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir. Bu mənada “Strategiya” hədəfləri Avropa İttifaqının “Enerjinin səmərəliliyi” üzrə 2012/27/EU nömrəli direktivinə uyğunlaşdırılmışdı. Strategiyada nəzərdə tutulmuş ABOEM-in təyini, onun potensialının respublika üzrə hesablanması və enerji resursları üzrə dövlət kadastrının yaradılması; sahə üzrə normativ hüquqi bazanın yaradılması, o cümlədən fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının hazırlanması;  təminatlı tarif siyasətinin, stimullaşdırıcı tədbirlərin və dövlət innovasiya siyasətinin formalaşdırılması; ABOEM hesabına yeni generasiya güclərinin yaradılması və onlardan səmərəli istifadə edilməsinin təşkili və s. tədbirlərin yerinə yetirilməsi respublikada ABOEM-dən istifadənin genişlənməsinə zəmin yaradır. Qeyd etmək lazımdır ki, “Strategiya” layihəsində planlaşdırılan hədəflərin icrası detallı verilməyib, sənəd daha çox “siyasi məqsədyönümlü” strateji sənəd olaraq qəbul edilir.
 
2015-ci ilin iyulunda təsdiq edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi özəl investisiyaların cəlb edilməsi məqsədilə elektrik enerjisi və qaz  sektorlarında bazar əməliyyatlarının tətbiqinə yönəlmiş on prioritet istiqamətin 2-cisi “Enerji ehtiyatlarından səmərəli istifadə edilməsi, son istehlakçıların enerji səmərəliliyinin artırılması və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik dövlət proqramının işlənib hazırlanması”dır.
 
Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi ((I) 2025-ci ilə qədər birbaşa investisiyaların qeyri-neft sektorunda payının indiki 1,5%-lik göstəricidən 4%-dək artırılması; (II) qeyri-neft sektoru ixracının adambaşına cari 200 dollarlıq səviyyədən 2025-ci ilə qədər 450 ABŞ dollarına, 2035-ci ilədək isə adambaşına 1200 dollara qədər artırılmasını nəzərdə tutur.   
 
Sənəd bərpa olunan enerji mənbələrini üzrə 2020-ci ilədək hədəf göstəricini 420 MVt həcmində müəyyən edir və bura 350 MVt-lıq külək, 50 MVt-lıq günəş və 20 MVt-lıq bioenerji payı daxildir. Strategiya, həmçinin 2025-ci il və ondan sonrakı dövr üçün uzunmüddətli konsepsiyanı əhatə edir, lakin 2020-ci ildən sonrakı dövr üçün heç bir konkret məqsəd qoyulmur.
 
Bu uzunmüddətli konsepsiya bərpa olunan enerji mənbələrinə (əsasən külək və günəş) investisiya cəlb etmək üçün əlverişli mühitin yaradılmasını ehtiva etməklə bərabər, bu istiqamətdə aparılan geniş miqyaslı tədbirlər və sektoral islahatlar, özünü təminetmə və damlarda FV panellərin quraşdırılması, o cümlədən istehlakçılar tərəfindən istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və nəhayət bioenerji və geotermal resursların inkişafı üçün çərçivə təmin edir.
 
Həmçinin, günəş-fotovoltaik qurğulardan, istilik və elektrik enerjisini birgə istehsal edən kiçik stansiyalardan (CHP) və kiçik külək generatorlarından istifadə etməklə paylanmış istehsalın inkişaf etdirilməsi planlaşdırılır. İstehlak səviyyəsində uzunmüddətli konsepsiya sənaye və kommersiya sektorlarında enerji səmərəliliyinin artırılmasını, həmçinin elektromobillər üçün infrastrukturun  inkişafını nəzərdə tutur.
 
Həyata keçirilən tədbirlər
 
Bu siyasətin reallaşdırılması geniş masştaplı tədbirlərin həyata keçirilməsini tələb edir. Bu  istiqamətdə müəyyən addımlar  atılır və müəyyən nəticələr də var. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7556 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.  Rəsmi mənbələrə görə, ölkədə Hidroenerji gücü 1135 MVt (22 ədəd stansiya, 12-i kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66 MVt (5 stansiya, 1-i hibrid),   bioenerji gücü 38 MVt (2 stansiya, 1-i hibrid),   günəş enerjisi gücü 37 MVt (9 stansiya, 1-i hibrid) təşkil edir.  1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək – 2,7 MVt, günəş – 3 MVt və bioenerji – 1 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan MR-da ümumi gücü 24 MVt olan 3 günəş elektrik stansiyası istismar edilir. 2018-ci ildə 50 MVt gücündə külək elektrik parkı istismara verilib. 2019-ci ildə BOEM-dən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 7.3%-ni təşkil edib. 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 82,82 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırlmasını əsas hədəf kimi müəyyənləşdirib.  Bu hədəfə çatmaq üçün hazırda çiddi işlər görülməkdədir.  Məsələn, Ümumi gücü təqribən 750 MVt olan 8 potensiala malik ərazi müəyyənləşdirilib. 3 sahədə pilot layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər görülməkdədir.  “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi hazırlanıb. “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Prezidentin 2019-cu il 5 dekabr tarixli  Sərəncamı ilə ölkədə külək və günəş enerjisi üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb, bu tərkibdə yaradılan 6 işçi qrupdan biri  Ekoloji və Sosial qiymətləndirmə ilə bağlıdır.
 
 
Beynəlxalq qurumlarla əməkdaşlıq
 
 
Beynəlxalq qurumlarla əməkdaşlıqda da bir sıra  fəaliyyətlər həyata keçirilib və keçirilməkdə də davam edir. Belə ki, 2014–2017-ci illərdə Azərbaycanda Aİ Şərq Tərəfdaşlığı ölkələri üçün Yaşıl İqtisadiyyat- “EaP Green” Proqramının maliyyə dəstəyi ilə Strateji Ekoloji Qiymətləndirmə (SEQ) üzrə fəaliyyətlər həyata keçirilib.  SEQ-in praktiki tətbiqi üçün “Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə üzrə Dövlət Strategiyası - 2015-2020” layihəsi SEQ üzrə Pilot layihə olaraq seçilib və bu  Azərbaycanda ETSN tərəfindən SEQ üzrə həyata keçirilən ilk layihə olub.  2015-ci ildə sözügedən Strategiyası üzrə  Strateji Ekoloji Qiymətləndirmə nəticələrinə dair qısa icmal ictimaiyyətə açıqlanıb. Onu da qeyd edək ki, hazırda SEQ üzrə Avropa Direktivi 42/2001/EC, eləcə də BMT AİK-in SEQ üzrə Protokolu vacib hüquqi baza rolunu oynayır.  Lakin Azərbaycan BMT AİK-nın SEQ üzrə Protokolunu ratifikasiya etməmişdir.  Avropa İttifaqı ümumi büdcəsi 21 mln. avro təşkil edən EU4Energy proqramı çərçivəsində Azərbaycanın enerji sektorunun islahatına və dayanıqlı enerji siyasətinin hazırlanmasına dəstək verir. Hazırda ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanmasına dəstək verilməsi məsələsi beynəlxalq təşkilatlarla müzakirə edilir. Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyi (IRENA) ilə birlikdə həyata keçirilən “Bərpa olunan enerji  mənbələrindən istifadəyə hazırlığın qiymətləndirilməsi (RRA)” layihəsi çərçivəsində Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə üzrə mövcud vəziyyəti qiymətləndirilib. AYİB-in dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” layihəsi həyata keçirilib. Hazırda AYİB ilə  “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir.  AİB-nın dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi də icra olunmaqdadır.  2020-ci ilin yanvarında EN  ilə baglanan  muqavilələrə uyğun olaraq Səudiyyə   Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, BƏƏ-nin “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilir. Lakin bütün bunlara - son illərdə  ABOEM-dən istifadə sahəsində aktivləşməyə və  15 ildə həyata keçirilən bütün  tədbirlərə baxmayaraq  bu sahədə görülən işlər qənaətbəxş hesab edilmir.
 
 Vəziyyəti  necə dəyişməli?
 
IRENA-nın  2019-cu ilin dekabrında çap olunmuş “Azərbaycan Respublikasında bərpa olunan enerji  mənbələrindən istifadəyə hazırlığın qiymətləndirilməsi” Hesabatında  qeyd olunur ki, “Azərbaycan bərpa olunan enerjinin böyük inkişaf potensialına malik olan ölkədir. Bu potensialın reallaşdırılması məqsədilə hökumət artıq öz qarşısına 2020-ci ilə qədər bərpa olunan enerji mənbəyinə 420 MVt potensialın əlavə edilməsi vəzifəsini qoyub. Bu məqsədi əldə rəhbər tutaraq, ölkə... layihələr həyata keçirməyə başlamışdır. Lakin, təcrübədə tətbiq səviyyəsi ölkədə mövcud olan resursların miqyası və uzunmüddətli hədəflərlə müqayisədə məhdud xarakter daşımışdır”.  Agentlik bu  vəziyyəti dəyişmək üçün  olkəmizə 9 tədbirin həyat keçirilməsini tövsiyyə edir: 1) Bərpa olunan enerji mənbələri haqqında qanunun qəbul edilməsi, “Elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi haqqında” qanun layihəsinin hazırlanması başlanmışdır: 2) Bərpa olunan enerji mənbələrindən istifadəyə icazənin verilməsi prosedurunun rasionallaşdırılması: 3) Bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin satın alınmasının genişləndirilməsi; 4) Alıcı ilə bağlı risklərin aradan qaldırılması üçün xüsusi maliyyələşdirmə mexanizminin yaradılması;  5)  Elektrik enerjisinin alışı ilə bağlı standart müqavilənin tətbiqi;  6) Uzunmüddətli enerji ssenarilərinin tərtib edilməsi; 7) Bərpa olunan enerji mənbələri üzrə uzunmüddətli hədəfin qəbul edilməsi;  8) Dəyişən bərpa olunan enerjini inteqrasiya etmək üçün standartlara əsaslanan şəbəkəyə qoşulma məcəlləsinin hazırlanması və həyata keçirilməsi; 9) Məlumatlılığın artırılması və bacarıqların qurulması üzrə strategiyanın hazırlanması.
 
Ümid edək ki,  Azərbaycan  bu qiymətləndirmənin tövsiyyələrini nəzərə alacaq və  tezliklə potensialına və hədəfinə uyğun nəticələr ortaya qoymağa nail olacaq.
 
 
H. İsmayilova
 
Məqalə   Şərq  Tərəfdaşlığı  Vətəndaş  Cəmiyyəti  Forumunun  Azərbaycan  Milli Platforması “Restart: Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafı təşəbbüsü” layihəsi çərçivəsində  hazırlanıb.      








Redaktorun seçimi