Yeni enerji siyasəti - Yenilənən enerji mənbələrinin inkişafını tələb edir

Hit: 805
Yeni enerji siyasəti - Yenilənən enerji mənbələrinin inkişafını tələb edir
Qlobal miqyasda məqsəd, bərpa olunan enerji mənbələrinin 2050-ci ilə qədər enerji istehlakının üçdə ikisini və elektrik enerjisi istehsalının 86%-ni təmin etməsini, qlobal temperatur artımının 2°C-dən aşağı preindustrial səviyyəyədək məhdudlaşdırılmasını tələb edir. Bu transformasiya, həmçinin dünya ÜDM-nin 2,5% artımını və adi ssenari ilə müqayisədə qlobal məşğulluğun 0,2% artımını təmin edəcək .
 
Beynəlxalq  Bərpa Olunan Enerji Mənbələri  Agentliyi (IRENA)
 
Günümüzdə dünya əhalisinin kəskin say artımı, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, məişətdə istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırmışdır. Uzun müddətdır ki,  fosil (ənənəvi) enerji daşıyıcısıları -kömür, neft və qaz kimi yanacaq növləri bu təlabatı  qarşılayır. Lakin  dünya ölkələrinin yaxın  gələcəkdə- qarşıdan gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlığı gün-gündən artır. Onu da qeyd etmək yerinə düşərdi ki, bugün dünya əhalisinin təqribən 1,06 milyard nəfəri (təxminən 14%-i) hələdə elektrik enerjisindən istifadə edə bilmir. Dünyada təqribən 2.8 milyard nəfər (38%) yemək bişirmək üçün ənənəvi metodlarla biokütlə enerjisindən istifadə edir. Beynəlxalq Enerji Agentliyi bu vəziyyətin hələ uzun müddət davam edəcəyini və 2030-cu ildə 1 milyard insanın elektriksiz yaşaycağını proqnozlaşdırmaqdadır.
 
 
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas struktur elementidir.
 
Fosil enerji resurslarının dünyada bu gün məlum olan rezervlərinin istismarı indiki templə davam edərsə, neftin 45-50 ilə, təbii qazın 60-65 ilə və daş kömürünün 140-150 ilə tükənəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, əldə olunan ikicil enerjinin də (elektrik enerjisi, hidrogen enerjisi) böyük hissəsi fosil enerji resursları hesabına əldə olunur. Ona görə də  dünya ölkələrinin enerji tələbatlarını ödəməklə baglı əndişələri   səngimir və bu səbəbdən  artıq enerji təhlükəsizliyi məsələsi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən birinə və milli strategiyalarının əsas məsələsinə çevrilib.  Bu da  öz növbəsində  istər  enerji idxal edən, istərsə də ixrac edən ölkələr  üçün bir necə məsələni aktual edib: 1)  Enerji mənbələrinin diversifikasiyası, 2) Enerji səmərəliliyi probleminın həlli, 3) Yenilənən (və ya bərpa olunan) enerji mənbələrinin inkişafı  və s. Dünyanın əksər nüfuzlu təşkilatları və mütəxəssisləri karbohidrogen resurslarının enerji bazarında hökmranlığının bir gün başa çatacağını yekdilliklə  qeyd edirlər. 1973-ci il, birinci neft böhranından sonra  bütün dünya ölkələri enerjinin əhəmiyyətini daha yaxşı başa düşmüş və  enerji mənbələrinin diversifikasiyası və alternativ enerji mənbələrindən istifadə etmə nöqtəsində mühüm addımlar atmağa başlamışlar. Ənənəvi resursların təbii ehtiyatlarının azalması, ehtiyatların bərpa olunmaması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil və dəyişkən olması, neft və qaz kimi resursların ölkələrin siyasi və geoloji maraqlarına xidmət üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, bu yanacaq növlərinin istifadəsinin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması yenilənən enerji mənbələrinə marağı gündən-günə artırmaqdadır. Bununla bərabər, karbohidrogen ehtiyatlarının tükənən olması fonunda  "Təbii mənbələrdən əldə edilə bilən və özünü daim yeniləyən bu  tükənməz enerji mənbələri” ("günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə və "dalğa" (yaxud “dəniz”) enerjiləri kimi qruplaşdırılır) ətraf mühitə zərər verən karbon emissiyalarının azaldılması, yerli mənbələr olduqları üçün idxal edilməyə ehtiyac duyulmaması və bu sayədə enerji məsələsində xaricdən asılılığın azaldılması kimi məqamlar baxımından da olduqca cəlbedici və əhəmiyyətlidir.
 
Bütün bunlara görə, xüsusən  neft böhranından sonra dünyanın inkişaf etmiş bir çox ölkələrində alternativ enerji resurslarından istifadəni dəstəkləyən siyasət inkişaf etdirilmişdir. Enerjinin davamlılığı, enerji təhlükəsizliyi  və enerji idaxalını azaltmaq üçün ölkələr alternativ enerji resurslarından istifadədə yeni siyasi xətt tutmuşlar. ABŞ, Çin, Yaponiya, Avropa Birliyinə üzv ölkələr və iqtisadi cəhətdən sürətlə inkişaf edən bir çox dövlətlər  bu sahədə hədəflər müəyyənləşdirmiş (belə hədəflər müəyyənləşdirmiş, milli alternativ enerji siyasətinə sahib dövlətlərin sayı 2009-cu ildə 89 idisə, bu gün 190-na çatıb), enerji təhlükəsizliyinin təmin edilməsində bərpa olunan enerji mənbələrindən istifadənin rolunu yüksək qiymətləndirdiklərini bəyan etmişlər. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, bu sahəyə ciddi investisiya qoyuluşu təmin edilir və enerji sistemində ABOEM-nin payı gündən-günə sürətlə artır. 2020-ci ildə günəş enerjisi gücünün 500 GVt-a qədər artacağı gözlənilirdi. Avropa Birliyi  Parlamenti tərəfindən hazırlanan "Günəş Enerjisi İstehsalı Hesabatında" 2020-ci ildə günəş enerjisindən istehsal olunan elektrik enerjisinin dünyada 1 milyard insana çatacağı, 2.2 mln. insanın bu sahədə işlə təmin ediləcəyi,  CO2 qazı emissiyanın ildə 169 milyon ton azalacağı bildirilir.
 
Azərbaycanın  bərpa olunan enerji potensialı
 
“Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Lakin bu potensialdan hələlik istifadə olunmur”-  fikri hələ  "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında ölkə  Prezidentinin 21 oktyabr 2004-cü il  Sərəncamında  ifadə olunsa da bu gün də aktualdır.  Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin (BOEM) potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
 
Məlumdur ki, Azərbaycan həm də  fosil enerji ehtiyatları baxımından zəngin ölkədir və hasil etdiyi neftin təxminən 90%-ni, təbii qazın isə 50%-ni ixrac edən əsas regional enerji ixracatçisidir. Şahdəniz Mərhələ 2 yuxarı axın layihəsi və Cənub Qaz Dəhlizi boru kəməri layihələrinin inkişafı ilə Azərbaycan təbii qaz hasilatını iki dəfə artıraraq Türkiyəyə əlavə 6 milyard kubmetr və AB təbii qaz bazarına 10 milyard kubmetr qaz tədarük edə bilər. Son on ildə, ölkə  Türkiyə və Gürcüstan üçün böyük bir elektrik ixracatçısı olmaq üçün elektrik enerjisi sektorunu da inkişaf etdirmişdir. 
 
 
Enerji siyasətində transformasiya
 
Azərbaycanın zəngin karbohidrogen resurslarına malik olması, xüsusən də müstəqil dövlət kimi  “Əsrin Müqaviləsi” sazişiylə enerji siyasətində ilk uğurlu addımı, uzun müddət əsas diqqətin bu sektorda cəmləşməsinə səbəb oldu. Əlbəttə ki, fosil enerji resurslarının iqtisadiyyat üçün əhəmiyyəti böyükdür. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, dünyada əldə olunan ikicil enerjinin böyük hissəsi fosil enerji resursları hesabına əldə olunur. Həmçinin neft bugün də strateji enerji resursudur. Dünya iqtisadiyyatının neftə olan tələbi hər il artım tendensiyası göstərir. 2023-cü ildə neft tələbi 2018-ci ildən 6,9 mb/gün artaraq 104,7 mb/gün olcağı proqnozlaşdırılır. Lakin dünyada qlobal enerji bazarında davamlılıq, iqlim dəyişikliyi, ölkələrin öz tükənən resurslarını qoruması kimi aktual məsələrin mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə alternativ enerji resurslarından istifadə etməklə enerji əldə olunması proritet məsələlərdən birinə çevrilib.
 
 
Qeyd etdiyimiz kimi, Azərbaycanın əlverişli təbii coğrafi şəraiti onun yenilənə bilən enerji resurs potensialının yüksək olmasına şərait yaradır. Azərbaycan bu potensilından hələlik  tam istifadə etməsə də bu sahənin böyük perspektivi vardır. Buna görə də son illər  bir çox ölkələr kimi, Azərbaycan da milli iqtisadi təhlükəsizliyin mühüm hissəsini təşkil edən enerji təhlükəsizliyinin təmin olunması üçün  enerji mənbələrinin diversifikasiyası siyasəti,  yenilənən enerji resurslarından istifadə etməklə enerji istehsalını inkişaf etdirmək  siyasəti yürütməyə başlamışdır. Son onilliklər ərzində neftin qiymətinin dəyişkənliyini də nəzərə alsaq, Azərbaycanın  iqtisadiyyatının və enerji mənbələrinin daha da şaxələndirilməsinə, müasirləşdirilmiş enerji sisteminə keçilməsinə kəskin ehtiyac yaranmışdı. Görünür, bu ehtiyacın diktəsilə, son illər Azərbaycanda da iqtisadiyyatın, eləcə də enerji mənbələrinin  şaxələndirilməsi baş verməkdədir.
 
Beynəlxalq təşkilatlar və mütəxəssislər əmin edirlər ki,  bərpa olunan enerji mənbələrinin enerji balansında daha yüksək payı, iqtisadiyyatın və enerji mənbələrinin  şaxələndirilməsindən başqa, digər  çoxsaylı faydalar  da  gətirə bilər. BOEM ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkədə texnoloji innovasiyalara imkanlar yaratmaqla,  iqtisadi dəyərin və bununla bağlı ÜDM artımının təmin edilməsi üçün yeni sektorlar açmaqla yeni məşğulluq imkanlarının katalizatoru qismində çıxış edə bilər. Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpa olunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına gətirib çıxara bilər. Həmçinin, yenilənən enerji mənbələrindən istifadəni genişləndirməklə, korbohidrogen ehtiyatlarının ədalətli və səmərəli istifadəsinə, ehtiyatların gələcək  nəsillərə saxlanılmasına nail olmaq da  mümkündür.
 
Enerji siyasətindəki transformasiya, yeni enerji siyasəti  iqtisadi inkişafın davamlılıq prinsipləri əsasında hәyata keçirilməsinin təmin olunmasını hədəfləməklə bərabər, inkişafın ekoloji baxımdan davamlı olmasına nail olmaq üçün, iqtisadi fәaliyyәt zamanı meydana çıxan ciddi ekoloji problemlәri önləmək və ya aradan qaldırmaq, ekologiyaya mәnfi tәsirləri minimuma endirmәk strategiyası formalaşdırılır.  Başqa cür ifadə etsək, yenilənən enerji mənbələrinin inkişafı, eyni zamanda, qlobal iqlim dəyişməsi probleminin həlli üçün  də bir vasitə hesab olunur.
 
 
Qlobal iqlim dəyişməsi probleminin həlli üçün bir vasitə
 
Bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı, digər dünya ölkələrinə  olduğu kimi, Azərbaycana da qlobal  iqlim hədəflərinə nail olmaq üçün kifayət qədər nəzərə çarpan aşağı karbonlu həll təklif edir. Məlum olduğu kimi, Azərbaycanın da aralarında olduğu 190-dan çox dövlət BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini imzalayaraq planetdə  ortalama temperatur artımının sənayeləşmə dövrünə qədərki səviyyədən 2°C-dən xeyli aşağı saxlanılması və temperatur artımının 1.5°C-dək məhdudlaşdırılması üçün səy göstərilməsi və  atmosfer tullantılarının azaldılması barədə razılıq əldə ediblər. Qeyd edək ki, Azərbaycan Respublikası bu Sazişi  22 aprel 2016-cı ildə  imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. Sazışə görə, hər bir ölkə tullantıların azaldılması siyasətini müstəqil şəkildə  müəyyənləşdirir. Azərbaycan  Paris Sazişinə əsasən  özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) sənədini Konvensiya Katibliyinə təqdim etmiş  və qlobal iqlim  dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq  baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür. Bu hədəfə nail olmaq üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə vacib əhəmiyyət kəsb edir və bu  mənbələrdən istifadəninin nkişafı ekoloji mühitin qorunmasının gücləndirilməsi üçün rasional strategiyaların formalaşması prosesinə təkan verir.  Qeyd edək ki, Azərbaycan   hələ 2004-cü ildə qəbul edilmiş “Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə dair Dövlət Proqramında” (2005-2013) məqsədlərindən birinin “CO2 emissiyalarını azaltmaq” olduğunu  ifadə etməklə   bu məsələyə diqqət ayırmaq niyyətini göstərmişdir.
 
 
H. İsmayilova
 
Məqalə   Şərq  Tərəfdaşlığı  Vətəndaş  Cəmiyyəti  Forumunun  Azərbaycan  Milli Platforması “Restart: Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafı təşəbbüsü” layihəsi çərçivəsində    hazırlanıb.  








Redaktorun seçimi