Bu gün Üzeyir Hacıbəyovun anım günüdür

Hit: 1776
Bu gün Üzeyir Hacıbəyovun anım günüdür
Bu gün Üzeyir Hacıbəyovun anım günüdür. Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ildə Bakıda vəfat edib.
 
Faktor.az xəbər verir ki, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin banisi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Şuşa yaxınlığındakı Ağcabədi kəndində mirzə ailəsində doğulub və bir aydan sonra onun ailəsi Şuşaya köçüb. İlk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alıb. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyeton və satirik miniatürlər dərc etdirib.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" muğam operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.
 
Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" ,"Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" ,"Əsli və Kərəm","Harun və Leyla" operalarını yazıb. Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub və burada "Arşın mal alan" musiqili komediyasını yazıb. Azərbaycan musiqi sənətinin inkişafında və dünyada tanınmasında misilsiz xidməti olan Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də dünyasını dəyişib.
 
Dövlət başçısının müvafiq sərəncamı ilə qüdrətli sənətkarın yubileyləri Azərbaycanda layiqincə qeyd olunub.








Redaktorun seçimi