“Qisas gecəsi” romanı müzakirə olunub

Hit: 2381
“Qisas gecəsi” romanı müzakirə olunub
Ölkə ərazisində tətbiq edilmiş sosial izolyasiya və karantin qaydaları ilə əlaqədar olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi rəqəmsal fəaliyyətini davam etdirir. Mərkəzin əməkdaşları mütəmadi olaraq ixtisasartırma təlimlərinin, müxtəlif formatlı beynəlxalq və yerli elmi konfransların, vebinarların təşkilində və videotəqdimatların, videoçarxların hazırlanmasında xüsusi fəallıq göstərir.
 
Bu məqsədlə “Birgə mütaliə” layihəsinin növbəti müzakirəsi keçirilib. Bugünkü vebinarın spikeri, mərkəzin kitabxana müdiri Validə Hacıyeva “Birgə mütaliə” layihəsi çərçivəsində detektiv əsərlər müəllifi kimi tanınıb sevilən Elxan Elatlının ”Qisas gecəsi” romanının müzakirəsini təşkil edib. Tədbirin moderatoru, Bədii təhsil şöbəsinin əməkdaşı Fəridə Kerimova yazıçı Elxan Elatlının həyat və yaradıcılığından danışıb.
 
Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova ki, bu gün cəmiyyətimizin mütaliəyə ehtiyacı olduğunu qeyd edib. Vurğulayıb ki, Elxan Elatlının vətənpərvərlik ruhunda yazılan əsərləri bizim masaüstü kitablara çevrilməlidir. Bundan əlavə, N.Rəhmanova Mübariz İbrahimovun qəhrəmanlığından və vətənpərvəliyindən bəhs edib. Həmçinin, E.Elatlının poetik kompozisiyasını səsləndirib.
 
Roman Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edir. Qeyd etmək lazımdır ki, roman gənclərimizin hərbi vətənpərvərlik ruhunun formalaşmasına öz müsbət təsirini göstərib və bu səbəbdən əsərin müzakirəsi iştirakçılar arasında geniş diskussiya yaradıb.
 
Diskussiya zamanı əsərin məziyyətlərindən söz açılıb.
 
Müzakirənin sonunda mərkəzin elmi katibi Cavid Əliyev qeyd edib ki, mərkəz tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət işçiləri üçün “Birgə mütaliə” layihəsi çərçivəsində vaxtaşırı olaraq cəmiyyət tərəfindən maraq doğuran kitabların müzakirəsi təşkil olunur. Kitab müzakirələri həvəslə qarşılanır və insanların mütaliəyə cəlb edilməsinə müsbət təsirini göstərir. Bildirib ki, bu tip əsərləri oxuyan şəxs mütləq vətənpərvər olacaqdır.








Redaktorun seçimi