"Hər zaman sənətimizlə ermənilərə qalib gəlmişik"

Hit: 3807
"Hər zaman sənətimizlə ermənilərə qalib gəlmişik"
Xalq artisti Xuraman Qasımova Teleqraf.com-a müsahibə verib.
 
Müsahibəni təqdim edirik.
 
- Xuraman xanım, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribat nəticəsində şəhidlərimiz oldu. Ümumiyyətlə, baş verənləri, cəbhədəki vəziyyəti izləyirsinizmi?
 
- Təbii ki, izləyirəm. Pandemiya səbəbindən sanki həyatımız dayanıb. Belə bir dövrdə ermənilər tərəfindən törədilən vəhşiliyi mən və Fidan xanım pisləyirik. Çünki beynəlxalq təşkilatlar da qeyd edir ki, bu çətin vəziyyətdə gedən müharibələr durdurulsun. Düşmənlərimiz dinc əhaliyə və ordumuza atəş açırlar, sərhəddimizi keçməyə çalışırlar. Bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Cənab prezidentimiz İlham Əliyev düzgün istiqamət götürüb və hamımız təmkinli olmağa çalışmalıyıq.
 
Mən və Fidan xanım nə lazımdırsa, istər sənət, istər də siyasət baxımından təbliğat aparmağa hazırıq. Həqiqəti dünyaya çatdırmaq lazımdır. İndiki pandemiya dövründə ermənilərin vəziyyəti bizdən qatbaqat pisdir. Siz dinc xalqdan nə istəyirsiniz? Bizim torpaqlarımızı işğal etmisiniz! Qarabağımızı qaytarsınlar, ondan sonra sakit yaşayaq. Getsinlər pandemiya ilə mübarizə aparsınlar.
 
Şəhdilərimizə Allah rəhmət eləsin. Onların ailələrinə səbr diləyirəm. Şəhidlərimiz qəhrəmancasına vətən uğrunda canlarından keçdilər.
 
Mən və Fidan xanım hər zaman sənətimizlə ermənilərə qalib gəlmişik. Biz öz işimizi sənətimizlə görmüşük. Xarici ölkədə yaşayanda belə ordumuza nə qədər köməklik göstərmişik. İndi də dəstək olmağa hazırıq, təki bizə göstəriş verilsin. Hər zaman xalqımızın, ölkə rəhbərimizin yanındayıq.
 
- Paytaxtımızda yürüş zamanı təxribat baş tutdu və iştirakçıların bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil oldular, bir sıra dağıntılar törətdilər. Bu haqda nə deyə bilərsiniz?
 
- Baş verən hadisəni pisləyirəm, bunu hüquq-mühafizə orqanları araşdıracaq. Mənə elə gəlir ki, onlar hansısa qüvvələr tərəfindən təşkil edilmiş insanlar idi. Sanki bir anda göydən düşdülər. Dinc əhali şəhidlərimiz üçün and içəcəkdilər. Onlar haradan çıxdılar və niyə belə etdilər? Bilmirəm.
 
Cənab prezidentimiz əmr verib, məsələ araşdırılacaq, xalqımız doğrunu biləcək. Bəzən yaxın dost, qohum da insana xəyanət edir. Bu yaşa çatmışıq və bu kimi hərəkətləri görmüşük. Bizim xalqımız düzgün, cəsarətli, güclü və qonaqpərvər insanlardırlar. Hətta cəbhədə baş verən son hadisə zamanı bir erməni ölkəmizə keçib və kömək istəyib. Biz daim bütün xalqa qapımızı açmışıq.
 
Hazırda dünya pandemiya ilə mübarizə aparır. Ordumuza güvənirik və hər zaman əsgərlərimizin yanındayıq. Allah onlara güc versin. Biz qalib gələcəyik. Xalq olaraq ordumuzun ətrafında birləşməliyik.
 
İnsanlara demək istəyirəm ki, təxribatlara uymasınlar və emosiyalara qapılmasınlar. Bilirəm çox ağırdır və ölkəmizdə çətin vəziyyət yaranıb. İnsanlarımız bir-birinə kömək etsinlər. Yuxarıda da qeyd etdiyim kimi bir erməni bizim tərəfə qaçıb. Belə hallar dəfələrlə təkrarlanıb. Hətta islam dinini qəbul edən ermənilər də olub.
 
Bu vəziyyətdə hər birinizə təmkinli olmağı və ağılla hərəkət etməyi arzu edirəm.
 
- Daxili İşlər Nazirliyi vətəndaşlara müraciətində pandemiyanın ciddi təhlükəsini unutmamağa, yoluxma riskini artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırıb. Yürüş virusun yayılmasına nə dərəcədə təkan verə bilər?
 
- İlk öncə deyim ki, koronavirus qorxulu bir xəstəlikdir, epidemiyadır. Bu haqda çoxlu çağırışlarım olub və xalqımın həyəcanını bilirəm. Özüm də virusdan qorunmağa çalışıram. Baxmayaraq ki, gənclik illərində ağır xəstəliklər keçirən insanam. Amma özümü atəşə atmağa hazıram. Savaş dayansın, qan axmasın. Həyatın qiymətini bilmək lazımdır.
 
Pandemiya fəlakətindən özümüzü qorumalıyıq ki, xəstəlik yayılmasın. Eləcə də qaydalara riayət etmək lazımdır. Yürüş zamanı yaşanan həyəcan Allah etməsin ki, xəstəliyin yayılmasına təkan versin. Heç kim xəstələnməsin. Xəstələnənlər isə, inşallah, tez sağalsınlar.
 
- Xuraman xanım, pandemiya ilə necə mübarizə aparırsınız? Yaxınlarınız arasında virusa yoluxanlar varmı?
 
- Ətrafımda və yaxınlarım arasında virusa yoluxanlar oldu, kimi ağır, kimisi yüngül keçirdi. Virus yalan deyil. Əgər ölkə başçımız maska ilə gəzirsə, biz niyə maskadan istifadə etməyək və əlcək taxmayaq?
 
Bir müddət məsafəni qorumağa diqqət edək. Bilirəm ki, yay fəslidir və ağırdır. İnsanlar çimərliyə getmək və təbii D vitamini qəbul etmək istəyirlər. Onları başa düşürəm. Düşünürəm ki, bütün qanunlara tabe olsaq və qoruyucu vasitələrdən istifadə etsək virusa qalib gələcəyik.







Redaktorun seçimi