Günəşdən doğan ümidlər

Hit: 5816
Günəşdən doğan ümidlər
“Naxçıvanda bu günə qədər ümumilikdə 104 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu rəqəmin artacağı da istisna olunmur.. İranda yaşanan koronavirus təhlükəsi ilə əlaqədar Türkiyə Naxçıvan Muxtar Respublikası ilə sərhəddə, Dilucu sərhəd-keçid məntəqəsində hərəkəti məhdudlaşdırır..  ”
Təhlükəli musiqi fonunda həyəcanlı səslə çatdırılan xəbər ümid bağlarımı tək-tək qırıb, kobudcasına tapdalayırdı. Yanağımdan süzülən göz yaşımı əlimdəki-artıq çoxdan yaş olmuş dəsmala silib, televizoru söndürdüm. 
 
Kainat qəzəblənmişdi.. İnsanların bir-birindən məsafədə olmasını hökm etmiş, toy-bayramı, görüşməyi, qucaqlamağı yasaqlamışdı,sanki.. “İnsanlığın su içəcəyi bütün bulaqları qurudurdu” koronavirus adlı çoxbaşlı “əjdaha”.. Həyat uğrunda mübarizə gedirdi dörd bir yanda.. Dünyanın ən nəhəng ölkələri də “taclı əjdaha” qarşısında təslim olmuşdular. İnsan cəsədlərindən karvan gedirdi hər gün bu dünyadan o dünyaya.. Çin, İtaliya, İran hər gün eyni səbəbdən yüzlərlə vətəndaşını itirirdi. Virus sürətlə ölkədən-ölkəyə keçir, ölüm sayını durmadan artırırdı. Televiziya, radio hər gün eyni mövzudan danışır, artan insan ölümlərini açıqlayır, insanları özünütəcridə çağırır, ölümün gündən-günə yaxınlaşdığından xəbər verirdilər. Ən dəhşətlisi isə, bir qatil səbəbindən ölən minlərlə insanın kütləvi şəkildə torpağa tapşırıldığı görüntülər idi.. Hər birini koronavirus “boğmuş”, “ciyərlərini caynaqları ilə əzik-əzik etmişdi bir neçə gün içində”. Bu cani öz “qurbanlarını” eyni üsulla qoparırdı həyatdan - yüksək hərarətlə nəfəslərini qısır, öskürəklə boğur və sonda ciyərlərinə çökərək canlarını alırdı.. Sanki, bütün cəsədlər bir-birinə bənzəyirdi - eyni qatilin əl izləri vardı bənizlərində.. 
Hər kəsin gücü yalnızca öz canını qoruyacaq qədər idi. Ölüm o qədər yaxınımızda idi ki, elə bil,  toxunacağımız hər yerdən barmaqlarımızı, sonra nəfəsimizi qapacaqdı. Həyatı pəncərədən, bir də, əgər qalıbsa, ümidlərimizin kölgəsindən izləyirdik.. 
 
Özümü uçurumun düz kənarında hiss edirdim. Bu cür xəbərlər isə ucsuz-bucaqsız qayalıqlardan eşitdiyim “at özünü aşağı” kəlimələri kimi vahiməyə bürüyürdü məni. Gözlərimi yumub, qarnımı qucaqladım. Ümidsizliyimin zülmətinə yalnız bətnimdə arabir tərpənişini hiss etdiyim körpəm zəif işıq salırdı. Sanki, o işığın ucundan tutub, mən ümidə doğru uzun bir yol qət edirdim. Bir neçə saniyə ərzində mən cücərməkdə olan yeni bir həyatın varlığına inanırdım.. 
Köksündə nəsilləri yetişdirən dünya,sadəcə, “sürətli qaçışdan sonra dərindən nəfəs almaq istəyib”.. Biz onun yeni sabahlarına xatir bu qəzəbinə, yorğunluğuna dözməli, onu şiddətləndirəcək nələrsə etməməliydik.. Ağlımı saatlarla belə dolaşıq, reallıqdan uzaq, bəlkə də heç kimin düşünmədiyi həqiqətlər məşğul edirdi. Keçirdiyim bu sərsəm hisslərin cavabında bəzən bətnim bərk silkələnir, körpəmin cəld hərəkətlərini hiss edirdim. Biz, beləcə, səssizcə, uzun-uzun dərdləşirdik. 
Bir ay idi, körpəmizin dünyaya gələcəyi tarixə birlikdə gün saymırdıq. Üç illik həsrətimizin sevincli vüsalına birlikdə sığal çəkmir, birlikdə xəyal qurmurduq. Hər gecə həyatdan soyumuş əllərimi, körpəmi hiss edərək isitməyə çalışırdım. Hər gecə.. birlikdə qurduğumuz xəyallarımızın rəngini göz yaşlarımla nəmləndirir, yuyub aparırdım. 
Son telefon danışığımızda vəziyyətin gərginliyini az da olsa bildirmişdi. Heç vaxt bunu mənə hiss etdirməsə də, bu dəfə səsindəki təlaşı duymuşdum. Hər zaman olduğu kimi nigaran qaldığı yalnız ailəsi yox, millətinin sağlığı, vəziyyəti idi. Yenə ilk cümləsi “millətim” kəliməsiylə başlayıb, söhbəti “Allah millətimi qorusun!” cümləsi ilə bitmişdi. O sadəcə hərbçi olaraq çalışmırdı, həm də hərbçi olaraq doğulmuşdu. Özünü aid olduğu yerdə hiss edirdi! Ona görə heç zaman vəziyyətindən şikayət etmirdi. Tabeliyində olan yüzlərlə əsgərin həyatı onu ən azı doğulacaq oğlunun gələcək həyatı qədər narahat edirdi. Ona görə çox zaman hansısa əsgərindən söz açanda “oğlum” deyib danışar. Ata olacağını öyrənəndə ilk sevincini də “millətimə daha bir igid yetişdirəcəm” sözləri ilə dilə gətirmişdi. Dünyanın aciz qaldığı fəlakət qarşısında da o dövlətinə olan güvənini əsla itirmirdi! “Bizim dövlətimiz bu döyüşdən qalib çıxacaq, narahat olma, əzizim! Ən az itki ilə! Çünki, dövlət hər bir vətəndaşının sağlam həyatı uğrunda var gücü ilə mübarizə aparır! Valideyn öz övladını necə qoruyursa, dövlətimiz də hər bir vətəndaşını elə qoruyur! Bu qayğını, sevgini görməmək, hiss etməmək mümkün deyil! Ona görə təlaşa düşməkdənsə, dövlətə dəstək olmaq, gücünə güc qatmaq gərəkdir! Tələb olunan qaydalara, gigiyenik şərtlərə əməl etmək, evdən bayıra çıxmamaq, virus daşıyıcısı, ötürücüsü olmamaq! Vəssalam!” Mən onun bu vətənsevər,dövlətpərəst ürəyinə aşiq idim! İkimizə aid həyatın ən xoş günlərini təkbaşıma yaşayanda da ona olan küskünlüyümü məhz o sevgi unutdururdu. 
 
Mən sıralanan qorxulu və hüzünlü günlərin arasında itirdiyim ümidimi tapmağa çalışırdım.. Tapanda isə, “bəlkə də, virus çoxdan kök salıb onların üzərində” deyərək, kənardan həsrətlə seyr edirdim. Dörd bir yanımız ölüm və təhlüklə saçırdı. Hər kəsə ölümün qorxunc siması lap yaxından od püskürürdü. Ümumdünya səhiyyə təşkilatı elan edirdi ki, qocalar və hamilə qadınlar virusun yoluxa biləcəyi ən həssas təbəqədir. 
 
Lakin, dövlət başçımız öz uzaqgörənliyi ilə milləti qoruyurdu. Vaxtında sərhədlər bağlanmış, ölkə ərazisində şəhər və rayonlararası gediş-gəliş məhdudlaşdırılmış, bütün təhsil müəssisələri qeyri-müəyyən müddətədək dayandırılmışdı. “Koronavirusla mübarizəyə dəstək fondu” yaradılmış və ilk olaraq, ölkə başçısı nəcib təşəbbüs irəli sürərək, fonda 20 milyon manat vəsait ayırmışdı. Ardınca, neçə-neçə dövlət qurumları, şirkətlər fonda dəstək olaraq, insansevərlik nümayiş etdirirdilər. Bütün bu addımlar ölkəmizi virusun qorxunc nəfəsindən kənarda tuturdu. Xalq birlikdə güc nümayiş etdirirdi. Dünya çalxalanır, fəlakətin astanasında dəhşətdolu günlər yaşayır, ölkəmiz isə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində hələki “virusun gözündən yayınmağı bacarırdı”. 
 
Analıq məsuliyyəti, analıq sevinci, həsrət, qorxu..bütün hisslərim bir-birinə qarışmışdı. Ümidsizliyimin küncündə ümidimilişib qalmış, var gücü ilə yox olmamaq uğrunda mübarizə aparırdı. Mən oğlumun nəfəs alması üçün nəfəsimi qısırdım, bəzən.. virusun ayaq aça biləcəyi hər yerdən məhrum etmişdim özümü. Onun kiçik dünyasına sığınıb, onunla güclənib, onun üçün mübarizə aparırdım. Qılınc, qalxanla yox, iradə və düşüncəmlə.. Mən onu gözəl dünyaya bəxş eləmək istəyirdim. İçində sevginin, mərhəmətin, sağlamlığın, insanlıq sevgisinin bol olduğu bir dünya.. Onu öz istəyimlə çalxalanan dünyanın ağuşuna atmaq indidən ana ürəyimi parça-parça edirdi. Düşündükcə, özümü, canımdan günahsız bir parçamı ağına-bozuna bələd olmadığı dünyanın insanlıqdan üz döndərdiyi vəziyyəti ilə üz-üzə qoyduğumu hesab edirdim.. 
Pəncərəmi tez-tez yenicə tumurcuqlamış alça budağı tıqqıldadırdı. Hər gördükcə alça yemək istəyim həddini aşırdı. Dişimi sıxır, “yetişəcək, az qalıb” deyə özümü sakitləşdirirdim. Gecələr bu kiçik çiçəklər lap aləm görünürdü. Ya da son zamanlar hər şeydə gözəllik axtarmaq məndə vərdişə çevrilmişdi. Ay işığında bu baxımsız qalmış alçanın hər kəsdən xəbərsiz açdığı çiçəkləri lap sakura çiçəyinə bənzəyirdi. Bir gecə onu yeni doğulacaq oğluma bənzətdim. Hər ikisi yeni yaranacaq dünyanın astanasında, fəlakətlərdən, xəstəliklərdən, payızdan, fırtınadan xəbərsiz doğulacaqları günü gözləyirlər. Hər gecə əlimi bətnimdə gəzdirərək, pəncərədən alça çiçəklərini seyr edir, “oğlum” deyərək, xeyli söhbət edirdim. Alça budağının zərif çiçəkləri isə dediklərimə biganə qalmırdılar. Yaz gecəsinin həzin mehindən yellənərək, söhbətimə dinləyici olurdular.. 
Körpəmin dünya boyda sevinclə gözlədiyim gəlişi indi dünyanın mənə vəhşi baxışları altında özü boyda qorxu və həyəcana çevrilmişdi.. 
Gecəyarısı əcaib ağrıların təsirindən oyandım.. Saat 03:27 göstərirdi. Pəncərədən otağa düşən zəif ay işığında yatağın lap ortasındakı böyük qanabənzər ləkə aydınca görünürdü. Təklik, qaranlıq, bir də oğlumu təkbaşıma dünyaya gətirmək qorxusu ağrını daha da şiddətləndirirdi.. Tələbəlik illərimi himayəsində keçirdiyim bacıma zəng etdim.. Güman ki, bu saatda oyaq olmazdı. Zəngi dayandırmaq istəyəndə, yuxulu və təlaşlı “bacı, yaxşısan?” sözlərini eşitdim. Deyəsən, heç yaxşı deyildim..
-“Karantin rejimi bitdi, biz birlikdə gücümüzü nümayiş etdirərək, virusa qalib gəldik!”
 
Elan olunan bu şad xəbərin fonunda ətrafdan gülüş və şadyanalıq səsləri eşidilirdi.. Hər kəsin üzündən xoşbəxtlik saçırdı. Havadan əsl zəfər qoxusu gəlirdi! Hərbçilər, həkimlər, polislər təşəkkür əlaməti olaraq onlara verilən saysız-hesabsız gülləri sevinclərindən səmaya atırdılar. Sanki, virusdan ümidləri göyə sovrulmuş şəhərin  səmasından indi güllər ələnirdi. Bu qorxulu hekayənin əsas qəhrəmanları artıq lazımsız hesab etdikləri tibbi maskaları çıxarıraq, eyni vaxtda bir neçə telekanala müsahibə verirdilər. Qısa zamanda tarixə yazdıqları şərəfli xidmət və qazandıqları qalibiyyət barədə..! Onları yüz minlərlə insan alqışlayırdı. Günəş ən gur şəfəqlərini mənə hədəfləmişdi. Səmadan üzərimə yağan gülləri hiss edir, amma gözlərimi aça bilmirdim. Çoxdan eşitmək istədiyim doğma səslə qulağıma “Sənə hər şeyin yaxşı olacağını demişdim” sözləri pıçıldanırdı.. Günəşin hərarəti və əlindən tutduğum bu doğma əllər mənə dünyadan başqa heçnə istəməməyə əsl səbəb idi ! Xoşbəxtlikdən qanad açıb uçmaq istəyirdim.. Kaş bu yuxu gerçək olaydı..
Yavaş-yavaş gözlərimi açmağa çalışırdım..Günəşin narıncı şəfəqləri solğun rəngli tül pərdənin arasından gözlərimə şığıyırdı. Yarıaçıq gözlərimlə pəncərənin qarşısında ən sevdiyim güllərdən toplanmış dəstəgördüm.. Günəşin şüaları altında necə də cazibədar görünürdülər! Bağlamanın ortasına kağızı taxılmış və üzərinə nəsə yazılmışdı. Oxumağa çalışdım: “Bu gecə sevgimiz çiçək açdı, SEVDİYİM! Hər ikinizi çox sevirəm! Hər şey yaxşı olacaq! Tezliklə sizi bağrıma basacam! Güclü və səbrli ol! Lap az qaldı..”
 
Bu güllər vəkəlimələr “ata” olduğunu Naxçıvanda-İranla sərhəddə, yüzlərlə əsgərinin yanında, gərgin iş rejimində, şərəflə və vicdanla xidmət göstərdiyi işinin başında öyrənən həyat yoldaşım tərəfindən göndərilmişdi. Bütün bədənim yorğunluqdan keyimişdi. Amma kəlimələr damarlarıma yayıldı, gözlərimə işıq gətirdi,sanki. Gülümsədim, yanağımdan süzülən yaşlar gülüşümə qarışıb yoxa çıxdı..
-“Ana” adınız mübarək!
Həkimin sevincli səsi baxışlarımı əks tərəfə çevirdi..
-Dünən bizi yaman qorxutduz.. Amma çox şükür ki, sizi də, oğlumuzu da sağ-salamat qurtara bildik.. Gecə patoloji şöbənin baş həkimini də növbədənkənar işə çağırdıq. Vəziyyət o qədər gərgin idi ki.. 
Gülərək, “bizi qorxudan o igidi görmək istəyirsiz?” dedi.. Qucağındakı körpəni yatağa qoyub, “yedirt, birazdan gəlib götürəcəm” dedi və otaqdan çıxdı.
-Bu gecəni ailəsindən uzaqda keçirən təkcə bizim atamız deyilmiş, oğlum.. Həkimin də oğlu gecə anasını düşünərək oyanıb bu sabaha.. Sabah görüşəcəyini ümid edərək, yatacaq gecəni.. Və tezliklə sənin kimi çiçək açacaq onun da ümidləri.. 
Həyatıma doğan günəş indi qucağımda idi.. Yolunu nə çox gözləmiş, üzünü görmədən nə çox darıxmış imişəm. Qoxusunu dərindən içimə çəkdim və bu möhtəşəm hisslər üçün TANRIYA yavaşca təşəkkür elədim..
 
Publisist 
MAYA İMRAN
 
 
 








Redaktorun seçimi