"Karantin sonrası üçün bir sıra planlarımız var" - MÜSAHİBƏ

Hit: 3599
"Karantin sonrası üçün bir sıra planlarımız var" - MÜSAHİBƏ

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin mətbuat katibi Pərvin Muradzadə ilə həmsöhbət olduq.

- Pərvin xanım, karantin müddətində işlər müvəqqəti dayandırılsa da, siz bu dövrdə də ən çox işləyənlərdən birisiniz. Evdən işləmək bizə vaxt qazandırsa da, çətinlikləri də yox deyil. Sizin ən çox qarşılaşdığınız çətinliklər nələrdir bu günlərdə?
 
- Bəli, razıyam, evdən işləmək vaxt qazandıra bilər, amma öz çətinlikləri də çoxdur. İşdə öyrəşdiyimiz bəlli bir mühit var ki, o mühitlə bu, eyni deyil, ələlxüsus, evdə azyaşlı uşaq və ya yaşlı nəslin nümayəndəsi varsa, sən onlara, onlar da sənə mane ola bilər. İnternetin sürəti ev şəraitində işdəki kimi olmadığından da hansısa onlayn iclaslarımız, konsertlərimiz zamanı texniki problemlər yaşanır. Amma insan hər şeyin öhdəsindən gəlir. Bu çətinlikləri dəf edərək evdən işlərimizi aparmağa müvəffəq olduq.
 
- İdarəniz karantinin ilk vaxtlarından fərqli tədbirlər - "çellenc"lər həyata keçirir. Maraqlıdır, siz özünüz bunlardan hansınasa qoşulmusunuzmu?
 
- Xüsusi karantin rejimi zamanı evdə yaranan asudə vaxtımızı daha səmərəli, maraqlı keçirmək üçün müəyyən “çellenc”lər, aksiyalar hazırlayırıq. "Yallı gedək", "Şeir de, pozitiv ol" “çellenc”ləri, yazıçılarla görüşlər, musiqi alətlərində ifalar, canlı konsertlər, onlayn müzakirələr edirdik. Bunların içərisində ən çox sevdiyim və özümün də iştirak etdiyim ilk başladığımız "Yallı gedək" oldu. Poeziyanı çox sevdiyimdən "Şeir de, pozitiv ol" “çellenc”ində də sevə-sevə iştirak elədim.
 
-"Sənətinlə dəstəklə" marafonuna bir gündə bir neçə sənətçi qoşulur. Qonaqlar idarə tərəfindən müəyyən edilir, yoxsa tamaşaçıların istəyi nəzərə alınır?
 
- Bu marafona start verəndə özümüz müəyyən edirdik. Amma bu konsertlər zamanı insanlarla canlı ünsiyyət yaratmışdıq. Hər kəs efirdə sevdiyi sənətçiyə öz hisslərini, xoş sözlərini, hansısa sualını deyə bilirdi. Buradakı tamaşaçı istəkləri, onların təhlili sonralar bizim işlərimizə də istiqamət verirdi. Bunları nəzərə alaraq repertuarımızı daha da zənginləşdirməyə, tamaşaçıların istədiyi müğənniləri dəvət etməyə, ən çox maraqlandıqları yazarları, ziyalıları aksiyalarımıza cəlb etməyə çalışdıq.
 
Bu marafonda bizim estradamızın nümayəndələri ilə yanaşı, dünyada yaşayan bir çox musiqiçilərimiz də iştirak ediblər. Bu zamanda İsveçrə, Almaniya, İtaliya, İspaniya, bir neçə dəfə Türkiyə və başqa ölkələrdən İnstaqram səhifəmizdə onlayn efirlər etmişik.
 
- Tanınmışlardan özləri müraciət edənlər olurmu bu layihələrdə iştirak üçün?
 
- Bəli, səhifələrimizdə konsertləri görən sənətçilərin özlərindən də müraciət edənlər olur. İnsanların bu ünsiyyətdən nə qədər məmnun qaldıqlarını anlayaraq biz "Sənətinlə dəstəklə" marafonuna başqa səmtdə də istiqamət verdik. Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" çərçivəsində "Biz xalqın içindəyik" adlı aksiya etdik. Bu aksiyanın da özəlliyi sənətçilərimizin evakuator üzərində çıxışları idi. Onlar hər bir şəraitdə tamaşaçılarla ünsiyyətdən məmnun olduqlarını bildirdilər və aksiyamıza qoşuldular. Gün ərzində bir neçə məkanda Bakının fərqli rayonlarında çıxışlar oldu. Bununla insanlar öz evlərindən, eyvanlarından sevdiyi sənətçilərin ifalarını dinləmək fürsəti əldə edirdilər. 
 
- İdarəniz paytaxt ərazisini əhatə edir. Amma regionlarda da aksiyalarınıza reaksiyasız qalmırlar. Bəs idarə olaraq digər şəhər və rayonlarla ortaq işbirliyiniz, ya da onlara dəstəyiniz olurmu?
 
- Regionlarla əməkdaşlığımız təbii ki, var. Mədəniyyət Nazirliyi tərəfindən karantin dövründə fəaliyyətimizin daha da operativ aparılması üçün internet üzərindən bir neçə işçi qruplar yaradıldı. Bu qruplardan biri də regional idarələrin fəaliyyətini tənzimləyən qrup idi. Gündəlik olaraq hər bir regionda görülən işlər burada paylaşılır və hesabat tipli məlumatlar toplanırdı. Müxtəlif kontinentlərdə kimin hansı uğuru, yüksək nəticəsi varsa, digər idarələr də bundan faydalanaraq öz işlərini tənzimləməyə çalışırdılar.
 
- Bu layihə və tədbirləri həyata keçirərkən digər ölkələrin mədəniyyət qurumlarının onlayn iş təcrübələrindən yararlanırsınızmı?
 
- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəniyyət Tədbirlərinin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəz fəaliyyət göstərir. Bu mərkəz bütün aksiyalarımızın, tədbirlərimizin keçirilməsində böyük köməklik göstərməklə yanaşı, həm regionlarda, həm də başqa ölkələrdə internet platformalarında mədəniyyət sahəsində aktual olan prosesləri, son trendləri izləyərək təhlil edir. Bu təhlillər nəticəsində də biz öz işimizi qurmağa çalışırıq. Biz digər ölkələrin təcrübələrini nəinki müşahidə və təhlil edir, həm də çalışırıq ki, digər ölkələrdə olan mədəniyyət qurumları ilə fikir mübadiləsi aparaq. Məsələn, keçən il bizim musiqi və incəsənət məktəblərimiz Avropanın Musiqi Məktəblərinin Asossasiyasına üzv seçilib. Biz artıq onların praktikasını öyrənməklə yanaşı, öz musiqi məktəblərimizdəki tədrislə bağlı məlumatları da paylaşırıq. Bildiyiniz kimi, Moskva və Bakı şəhərləri arasında bu il mədəni tərəfdaşlığa dair protokol imzalanıb. Karantin səbəbindən Moskvanın Bakıdakı mədəniyyət günləri təxirə salınsa da, mütəmadi şəkildə onlarla danışıqlar aparırıq. Bu yaxınlarda da müxtəlif sahələr üzrə onlayn görüşlərin keçirilməsi nəzərdə tutulub.
 
- Bu layihələrə insanların marağı necədir? Aksiyalarınıza ən çox hansı yaş və status qrupu insanlar maraq göstərirlər?
 
- Deyim ki, tamaşaçıların marağı biz gözlədiyimizdən də böyük oldu. Pandemiya yaranandan sonra hər kəsin "evdə qal" çağırışına riayət etməli olduğu zamanda internetdə də neqativ əhval var idi. Hər gün virus haqqında məlumatlar insanları depressiyaya salırdı. Biz də insanlarda ruh yüksəkliyi yaratmaq, onlara pozitivlik ötürmək üçün internet resurslarımızı məhz bu cür materiallarla zənginləşdirməyə çalışdıq. Sosial şəbəkə hesablarımızda, saytımızda buna kökləndik. Çox qısa zamanda bu işin nə qədər böyük əks-səda doğurduğunun şahidi olduq. Həqiqətən də insanların bu pozitivliyə çox ehtiyacı var imiş. Beləcə biz artıq sadəcə informasiyayla yetinmədik və işlərimizi auditoriyanın tələbatına uyğun davam etdirməyə, təkmilləşdirməyə başladıq. Tamaşaçı marağı və istəyi biz gözlədiyimizdən də artıq olduğu üçün pozitiv “çellenc”lərdən başqa, daha böyük işlər, fərqli layihələr etməyə çalışdıq. İnanıram ki, buna da nail olmuşuq.
 
Kiçikdən böyüyə bütün yaş qrupları üzrə tamaşaçılarımız var. Çünki biz layihələrimizi planlaşdırarkən müxtəlif yaş qruplarını nəzərə almağa çalışmışdıq. Mütəxəssislərimiz olan kitabxanalar, mədəniyyət evləri, Bakı Uşaq Teatrı tərəfindən kiçik yaşlı uşaqlar üçün "Nağıl saatı" təşkil olunurdu. Orta məktəb şagirdlərimiz üçün təlim aksiyaları keçirirdik. Bildiyiniz kimi, İdarənin nəzdində bir çox ədiblərimizin ev və xatirə muzeyləri fəaliyyət göstərir. Bu muzeylərə virtual səyahətlər edirdik. Uşaqların dünyagörüşünü artıracaq informativ çarxlar hazırlayırıq. Orta yaşlı nəsil üçün onları maraqlandıracaq mövzularda onlayn görüşlər, müzakirələr təşkil edirik və bu müzakirələrdə də çalışırıq ki, mədəniyyət və incəsənətimizdə olan müxtəlif problemlərə toxunaq. Gənclərin zövqünü oxşamaq üçün rep, hip-hop yönümlü onlayn verilişlər hazırlayırıq. Klassik musiqini sevən tamaşaçılarımızı unutmadıq. Bakı Kamera Orkestrı, "Cəngi" estrada və folklor orkestri bu işdə bizə dəstək oldu.
 
- Kitabxanalar, Heydər Əliyev mərkəzləri, musiqi məktəbləri də bu zamanda çox layihə, aksiyalarla diqqət çəkdi.
 
- Bəli, kitabxanalarımız da çox yaxşı işlər görürlər. Onlar "Mən oxudum, sən də oxu", "Evdə qal, evdə oxu" şüarları altında mütaliənin artırılması üçün müxtəlif aksiyalar keçirirlər. Onlardan "Kitabxanaçı tövsiyəsi" layihəsi diqqətçəkənlərdəndir. Burada kitabxanaçılar hansısa klassiklərin, məşhur ədiblərin kitablarının bir növ təqdimatını edirlər.
 
Eyni zamanda, Heydər Əliyev mərkəzlərində Ümummilli liderin irsinin öyrənilməsi ilə bağlı "Evdə qal, evdə öyrən" aksiyası da məktəblilər arasında marağa səbəb oldu.
 
Musiqi məktəblərində onlayn dərslər həm Mədəniyyət Kanalında keçirilirdi, həm də müəllimlərimiz fərdi şəkildə öz şagirdləriylə məşğul olurdular.
 
- Onlayn müsabiqələr də təşkil edirsiniz. Bir az da bunlardan danışaq.
 
- Bəli, müəssisələrimiz tərəfindən onlayn müsabiqələr də keçirilir. Biri elə bu gün yekunlaşdı - 9 may Qələbənin 75 illik yubileyinə həsr olunmuşdu. Digəri də dizaynla bağlıdır. Koronavirus mövzusunda dizayn işləri müsabiqəsidir ki, bunlara da maraq böyükdür.
 
Ümumi şəkildə desək, xüsusi karantin dövründə, sosial təcrid müddətində insanların asudə vaxtını daha əyləncəli və ən əsası faydalı etmək məqsədilə sosial şəbəkələrdəki platformalarımızda bütün mədəniyyət müəssisələrimiz "evdə qal" çağırışına əllərindən gələn bütün dəstəyi göstərməyə çalışırlar.
 
 
- Bu layihələrin hansısa karantindən sonra da davam edə bilərmi?
 
 
- Təbii ki, hər bir müəssisəmiz öz xüsusiyyətinə, funksional istiqamətinə görə karantindən sonra fəaliyyətini davam etdirəcək. Amma bununla yanaşı, biz artıq onlayn apardığımız işlərin hazırda müasir zamanda vacibliyini görərək fəaliyyətimizdə müəyyən deformalar etməyi düşünürük ki, bugünkü işlərimizin sürətini gələcək də qoruyub saxlaya bilək. Məsələn, bu zamanlarda yaratdığımız yeni Bakı Mədəniyyət Kanalı adlı Yutub kanalımızın fəaliyyətini gələcəkdə genişləndirib, beynəlxalq səviyyədə idarə etmək istəyirik. Burada kontentin ən az üç xarici dildə əks olunması, fərqli musiqi istiqamətlərdə platformaların yaradılması nəzərdə tutulur. Artıq dünyada musiqi sahəsində fəaliyyət göstərən, incəsənətimizi layiqincə təmsil edən azərbaycanlıların platformasını yaradıb, müzakirələr aparırıq. Bunu da gələcəkdə daha geniş formatda həyata keçirməyi düşünürük.
 
 
Karantin sonrası üçün də bir sıra planlarımız var. Bir sıra musiqi məktəblərimiz, kitabxanalarımız əsaslı təmir olunub. Karantindən sonra insanların istifadəsinə veriləcək. İki böyük beynəlxalq müsabiqəmiz vardı: "Kaspian etüd" və "Sun late way". Onlar təxirə salındığı üçün biz bunların əvəzinə onlayn müsabiqələr keçiririk. Düşünürük, bu onlayn müsabiqə təcrübəsini də gələcəkdə mütləq davam etdirəcəyik. Çünki bu, hazırda dünyada çox önəmli bir tendensiyadır ki, müsabiqələrin çoxu onlayn keçirilir. Azərbaycanda bu, elə də populyar deyildi. Biz ilk olaraq 9 mayla bağlı müsabiqəmizdə insanların necə aktiv iştirak etdiyini görüb bunu gələcəkdə də məmnuniyyətlə davam etdirmək qərarına gəldik.
 
 
- Bu ötən müddəti dəyərləndirsəniz, sizcə, mədəniyyət bizi həqiqətən birləşdirə bildimi?
 
 
- Çox maraqlı sualdır. Yaşadığımız sosial təcrid günlərində biz bir daha əmin olduq ki, mədəniyyət yalnız görünən və əlçatan olmaq məcburiyyətində deyil. Mədəniyyət bizim daxilimizdə olan, içimizdən gələn və müəyyən məqamda bizimlə məhdudlaşa bilən bir amildir. Mədəniyyət hər bir insanın öz daxili aləmi, özünü ifadə etməyə imkan verən bir müstəvidir. Və bu bir ay əsas etibarilə bizə insanların içərisindəki istəyi göstərdi. Ciddi karantin rejimində, psixoloji baxımdan gərgin dönəmdə köməyimizə yenə mədəniyyət çatdı. Mədəniyyət insanların həyata, gələcəyə inamla bağlanmasına dəstək oldu. Düşünürəm, gərək daha çox mütaliə edək ki, virtual aləmlə bərabər, mənəvi dəyərlərimizdən də uzaqlaşmayaq, onları yaşadaq. Hər bir evin qapısı mənəvi zənginliklərimizə, sərvətlərimizə nə qədər açıq olsa, bir o qədər birlikdə bu çətinliklərin öhdəsindən gələ biləcəyik. Bu günlərdə bu cümlə çox populyar olsa da, təkrar deməliyəm ki, dövlətimizin rəhbərliyinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və  tələblərinə ciddi şəkildə riayət etməliyik. Bu günlərdə hər kəsə "evdə qal" çağırışını həyata keçirən zaman ruhumuzun qidası olan mədəniyyət, incəsənət və ədəbiyyatımıza daha yaxın olmağı arzulayıram. (525.az)







Redaktorun seçimi