BİRCƏ QARABAĞLI OLMA - Muğam Ustası Razi Şükürova həsr olunur

Hit: 5159
BİRCƏ QARABAĞLI OLMA - Muğam Ustası Razi Şükürova həsr olunur
Allah bütün yaratdıqlarına bir səs verir. O səsi verib də, o səsdən   sahibini istəyir. Çoxları o səslə Allaha özünü verə bilmir. Razi Şükürov bir gün  özünü “Zabulla” Allaha yetirdi. Dedi, ey Yaradan, Bu da mənəm. 
Sağa solo baxıb oxuyurdu. Göyə baxıb yerə baxıb oxuyurdu. Ən zülmü isə, özünə baxıb, içinə qapılıb oxuyurdu. Belə oxumada nə aman olar, nə imdada yetişən. Razi Şükürovun bir zamanlar ifasındakı səsə əsir düşüb gedərsən. Getdiyin yerlər bilməzsən qəribçilikdi, yoxsa, yad eldir. Bir az dözə bilsən, görərsən ki, öziçinə sürgün olunmuşlardansan.
Hardan olursan ol, səsin varsa, səsin taleyinin yazılarına çevriləcəksə, bircə Qarabağlı olma. Qarabağlı oldunsa, səsini duyanı, nəfəsini eşidəni fələyinən savaşda görəcəksən. Axı ilin-günün bu vaxtı bizə bu lazım deyil, dostum. 
Ata ola Qarabağın bağrından, Şuşadan. Anan da eləmiyə tənbəllik, ola Ərdəbildən. Özü də atasının dünyalarca səsi, zəngulələri ola. Onda gəl də, bu fələyin oyunlarının qarşısında tab gətir. Matın- qutun isə qurumasın görüm necə qurumur.
Uaqlıq illəridir. Ağalıq, şahlıq, padişahlıq dönəmindir. Hər kəs başına fır- fır fırlanır. İstilər düşüb gün yandırıb yaxmamış özünü Ağdaşa salardı. Nənəsinin yanına. Nənə balaca Razini ordan da alıb Şuşaya aparardı.
Bir yerdən başqa bir yerə gəlmək, köçmək tale məsələsidir. Bakıya gəlirlər. İnsan getdiyi yerə əliboş getmir. Gəldiyi yerlərin  mənəvi havasını da çəkib gətirir. Təhsil illəri onu ağuşuna alır. Artıq uşaqlıq dünyasına yeni əlavələr, zənginliklər qatılmağa başlayır. 
Bakı onun uşaqlıq və gənclik illərinin  təhsil  məkanı olmaqla bahəm bir də dünyagörüşdür. “O illərin Bakısı” deyilən bir ifadə Razi müəllimdən də yan ötə bilmir.
Atası Azərbaycanın ən məhşur sənətkarlarındandır. Ailəyə o zamanın ən dahi sənətkarları gedib gəlirlər. Balaca Razinin onlarla ünsiyətdə olmaq, onları tanımaq şansı da ayrı bir məktəbdir. Razinin içində qıpırdayan səsi, boğazında aləmlə üsyana çıxanda, sənət yolu Ağdaşın mədəniyyət evinin səhnəsindən, o vaxtkı kolxozcular qarşısından  böyük sənətə uzanır.
Lentə alınmış olan “Dilkeş Seygah” təsnifi birdən birə yoxa çıxır. Bəli, belə işlərlə də məşğul olanlar tapılarmış. Təəssüf,  min təəssüf.
O, başqaları kimi gündə bir mahnı oxumayıb. Başqaları kimi gündə bir hava çaldırmayıb. Öz səsi olub. Razi Şükürovun sənətdə də öz havası olub, öz ritmi olub. Birini oxuyub, ama zülmünü oxuyub. 30 ildir “Zabulun” onun səsindəki bizə tutduğu divan hələ də səngimək bilmir. 
Asan üzə çıxmadı. Ağır el şənliklərində, el toylarında ta uşaqlıqdan bişə-bişə gəldi. Bir gün də bütün məsuliyyəti yüklənib  “Çahargahı” oxuyur.  “Zabula” öz nəfəsini qatır. Eşidən, duyan çörəyi qulağına yemir ki. Razi Şükürovun  çoxda  “Zabula” çevrildiyini yaxşı bilirlər.
Həyatın gözəllikləri bəzən onun uğursuzluqları ilə də tamamlanır demiş bir filosof. 1978-ci ildə ailə həyatı qurur. Ancaq burda nə səsi, nə oxuduğu “Zabul” onun köməyinə gələ bilmir.
Bir gün ana gözlərini dünyaya əbədi olaraq yumur. O yumulan gözlər bu dünyanın tənhalığını  oğluna qoyub gedir. Razi Şükürov anasının itgisini bəlkə də illərdir səsində axtarır. Bəlkə ona görə öz səsinə qarşı belə düşməncə yanaşır. 
Ruhunu dincəldən yerdir təbiətin qoynu. Hər ağac, hər daş, hər yaşıl ondan alacağını alırsa, verəcəyini də verir. Dini söhbətlərə də başqa cür vurğunluğunu gizlətmir. Hə bir də gənclər. Onlarla söhbət eləmək, onların müasir səsini dinləmək də zövqünü doyuzdurur.
Baxmayın tez-tez görünənlərdən deyil. Üzdə olmağı sevmir. Ancaq onu duyanlar, bilənlər, anlayanlar olduğu kimi, görənlər də var. 
Ola bilsin ki, indiki nəsil arasında onu xatırlayan az olsun. Ancaq onun səsi Azərbaycanın musiqi məkanında özünü çoxdan təsdiqləmişdir. Belə oxumada nə aman olar, nə imdada yetişən. Razi Şükürovun bir zamanlar ifasındakı səsə əsir düşüb gedərsən. Getdiyin yerlər bilməzsən qəribçilikdi, yad eldir, yoxsa, dost-doğmaca yurd! Bir az dözə bilsən, görərsən ki, öz içinə sürgün olunmuşlardansan.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi