Dünya düşüncəsinin altının üstünə çevirən bir sənət nümunəsi

Hit: 2079
Dünya düşüncəsinin altının üstünə çevirən bir sənət nümunəsi
Tanınmış Maleviçin məşhur “Qara kvadrat”ıyla bağlı deyilənləri bir tərəfə qoyacam. Onların heç birindən bəhs edib sizə nəyisə xatırlatmaq fikrim yoxdur. Sadəcə yüz ildən artıqdır ki, dünyanı allaq-bullaq etməyə çalışan bu rəsm əsərinin gerçək mahiyyətini gəldiyim qənaətlərlə ortaya qoymağa çalışacam.
Maleviç eksperimentləri sevən və bu istiqamətdə həmlələr edən rəssamdır. Onun supermatizm adlı cərəyan yaratması və əsərlərində bu cərəyanın mahiyyətini əks etdirməsi, ustalıq göstərərək elementləri vermə imkanları zəngindir. Bu, artıq onun çabasından ötə, daha çox ruhsal və şüursal özəlliyidir, deyə bilərik.
Qəribədir, Maleviçin bu məşhur əsərindən öncə də fransız rəssamı Alfonis Alle 1893-cü ildə “Gecəyarı qaranlıq, dərin mağarada zəncilərin savaşı” rəsminin varlığı nədən sənət aləminə bir xitab etmədi və ya Maleviçin əsərini kölgədə buraxmadı? Bəs Maleviçin “Qara kvadrat”ını bu əsərdən üstün qılan sənət gerçəyi nəyə dayanırdı? Allenin Maleviçdən 20 il öncədən çəkdiyi adını qeyd etdiyimiz rəsmi də bütün yönləriylə sənətin, eləcə də abstarksiyaçılığın gərəkdiyi cizgilərini özündə əks etdirir. Məsələ bundan ibarətdir ki, eyni tərz, janr və cərəyanda ərsəyə gəlmiş sənət nümunələri arasında 20 il fərq olmasına baxmayaraq, hardasa ortalıqda bir haqsızlıq hökm sürüb. “Qara kvadrat” qətiyyən nə qara, nə də kvadrat deyil.
“Qara kvadrat” Rusiyada 1915-ci ildə yarandı, digər əsər isə 1893-cü ildə Fransada çəkilmişdi. Bu ərəfələrdə dünyada və eləcə də Fransada, Rusiyada hansı olaylar, hadisələr cərəyan etməyə başladı? Bu zamana qədər artıq Fransa İnqilabı baş vermiş, üzərindən xeyli vaxt keçmişdi. Rusiya Birinci Dünya Savaşını 1 il arxada qoymuşdu. Rusiyanın imperiyaçılıqdan yeni bir imperiyaya qədəm qoymasına 2 il qalırdı. Qarşıda Rusiyanı Oktyabr inqilabı gözləyirdi. Fransa İnqilabı Avropada fərqli bir təsir və dalğa yaradıb ədəbiyyata, incəsənətə, mədəniyyətə və siyasətə öz həmləsini etmişdi. Rəsmlərin isə hələ də baş verən bu hadisələrin uzantılarını gələcəyə daşıyacağını kimsə bilmirdi. Çünki bu rəsmlər və istənilən rəsmin mahiyyəti magik güclə və üsulla bağlıdır.
 
* * *
Bəzən hər hansı bir sənət əsərinin taleyi zamanında, dövründə gözlənilməz istiqamətə doğru dəyişir. Maleviçin də əsərini hardasa bu “sərmayə”dən izah etməyə çalışırlar. İlk dəfə düz xətt çəkiləndə kəşf sayılıb və bu düz xəttin kəşfi bəşəriyyətin şüurunu dəyişmək iqtidarında olub. Məlum olub ki, insan da, dünya da düz xətdən ibarətdir. Bu paralel xətlər imkan verib insan oğlu düşünsün ki, həm də paralel dünyalar mövcuddur. Bütün bu olumlu gəlişmələr insanın varlıq mahiyyətində sonsuz sayda aşamalar yaratmaqla, onu qarşısına çıxan keçilməz məsələlərdə gücə, onura, şərəfə, namusa yetişdirib. Günlərin bir günü adi müstəvi üzərində çəkilmiş o düz cizgi azacıq da olsa, kimsə tərəfindənsə ya sağa, ya sola doğru istiqamətləndirilib. Bu düz xəttin əyri xəttə, cizgiyə dönüşməsi isə bəşər tarixində növbəti inqilablardan biri hesab edilib. O dönən, sınan, əyilən cizgilər, xətlər insanın yaşam, varlıq, düşüncə, inam, inanc, kimlik sorunlarının növbəti mərhələsində daha yeni aşamalar yaradıb. Bu əyilən, dönən xətlər əvvəl-axır gəlib çıxdığı, əyildiyi xəttin başlanğıcına birləşib, dairə əmələ gətirib. Düz xətlərdən, paralel dünyalardan oluşan xətlərin metafizik anlam dəyəri, kvadratlar, dördbucaqlar… illüziyasını şüursal sistemimizdə oturtsa da, o əyilən xətlər, cizgilər də öz növbəsində dairə sisteminin kontroluna bizi təslim etməli olub. Biz yuvarlaq və dairə sisteminin nəzarətinə onu dərk etdikdən sonra girməli olmuşuq. Bu baxımdan pararel düz xətlər də, əslində, şüurumuzdakı öz sistematik mahiyyətini dairə, ilkin dairə, yuvarlaq, əyri-üyrü, dalğalı xətlərin sayəsində görünmə, zahiri müstəvidə gerçəkləri tamamlama təmayülünü bizlərə təlqin edir.
Maleviçin “Qara kvadrat” əsəri dairə deyil, düz xətt kontrolundan çıxmış xətdən xristian xaçının görünməz izlərini, ta əski və ilkin olma özəlliyini bizə təqdim edir. Düz xətlərin bəlli bir aşamada, məsələn, elə 1915-ci ildə (həm zaman, həm məkan baxımından), eləcə də Rusiyada dayanma sərüvəni İlahi təmayüllər üzrə sınma və bu dayanıb-sınma mərhələsindən düz xəttin qırılmasından öz üzərinə düşən qalığı – XAÇ inancının yenidən yapılanma sürəcini estetik-fəlsəfi şifrəylə yenidən izhar edir. Bu metafizik sınma əməliyyatı paralel düz xətlərdən xaça, xaçdan kvadrata doğru yönəlişin bir sistemindən, yeni bir dövrə qədəm basıb dünyanın metafizik təbəddülatından xəbər verir. Rəsmin magiya olduğunu da unutmayın. Kvadrat sosialist sisteminin nəhəng konstruktiv konsepsiyasının ağlagəlməz sənət dilindəki ifadə şəkliydi. Az sonra bu məkanda Böyük Rusiyanın yeni modeli şəkillənir. Bu qara rəng gerçək qara olmamasına rəğmən, qara illüziyasıyla yansıyıb qarşıdakı bu Sistemin içərik fəlsəfəsinin modifikasiyasının təhtəlşüur təzahürüydü. Şərin, Şeytanın xaç altında və kvadrat görünümündə bu sənət əsərində üzə çıxması sonrakı dönəmdə – 70 ildən artıq vaxtda böyük bir çoğrafiyada təlatümlər yaratsa da, görünən odur ki, hələ də o 70 ilin təsiri, ağırlığı müxtəlif qiyafələrdə davam edir.
Maleviçin bu sənət əsərini estetik yansıması, kökündəki ekstazı bitmiş, təhrifə uğramış bir inancın incəsənətdə, rənglərdə və cizgilərdəki son cəsarəti olaraq alqılamaq lazımdır. Bu rəsmin önündə durub, onun yayılan şərinin qarşısını ala biləcək gücdə digər bir sistemin varlığından xəbərdar olmağımız qaçılmaz bir əxlaq əndişəsidir. Kvadratlar, qaralar, qırmızılar artıq yetərli qədər öz sömürgəçiliyini kosmosda sürdürüb yerdə də istismarçı tələsini qurmağı bacardı. İndi sıra Dairələrin, Çevrələrin, Yaşılın, Mavinindir. Kainatı dairə və çevrə radisunun təhtəlşüur şəhadətiylə estetik səlahiyyətlər verisində izləmək, ondan barınmaq, onunla irtibat qurma yetənəyi varkən, (işıq, nur, hilal, xeyir, ədalət) nədən Şeytanın simmetiryasıyla qafalarımızı qarışdırıb ruhumuzu allaq-bullaq edək?
Kvadratlar insanları baş-ayaq edər. Kimisini kimisinə tabe etdirib, kimini kimindənsə aşağı, yuxarı bilər. Kvadratlar və qaralıq insanları şəxsləndirər, nəfsi çoxaldıb, onu mənəviyyatdan aralı qoymaqla zatını İlahi qaynaqlardan anlama şüurundan uzaqlaşdırar.
Dairə, halqa, yuvarlaqlıq, çevrə kimliyi, İnsanı sonsuz qılar, əbədiyyətə sövq edər, zatını və kamil olma kimliyini yaradıcı gücə bağlar.
 
 * * *
 Allenin rəsminin Maleviçin rəsminə nəzərən sükutla qarşılanmasının bir özəlliyi isə, birincinin nümunəsində insanın iztirabları insan surətiylə görüntülənməsindədir. Maleviçdə insan yoxdur, insanın bütün dönəmlər üçün üz-üzə qalacağı bir düzən, xaos, yapı, sistem var. Qara rəng və kvadrat olan bir tablo. Əslində, Allenin rəsminin özəlliyi və mahiyyəti Maleviçin “Qara kvadrat”ında özünə haqq qazanır, kimlik əldə edir. Mağaradakı zəncirli döyüşçü rəsmi (20 il içərisində) çox keçmədən özünün süqutunu insanlığın süqutu fonunda kvadratda itirir və ya yox olur. Bu yoxolma yeni dönəmin varlığından xəbər verməklə, həm də hardasa Promoteyin çarmıxa çəkiməsinə də bir göndərmə edir. Əslində, elə mağaradakı gecə vaxtında təsvir olunmuş zənci savaşçı – yanmış, yanmış, yanmış və nəhayətdə bu uzun dünya yaşantısından, tarixin bu mərhələsində yanğından qaralmış Promoteydir. Promoteyin mağaraya gecənin qaranlığında sürüklənməsi, savaşçı adı və kimliyi əldə etməsi – bütün bunlar tarixin bəlli bir kəsimində insanlığın keçdiyi metafizik-mifoloji-real rıçaqlara və qaynaqlara dayanan sayğacında qarşıdakı zamanı məchulluqdan qurtarma işarəti, təlqini, vurğusudur.
Hətta Allendən qabaq 1882-ci ildə Pol Bilhodun Parisdə çəkdiyi “Zirzəmidə zəncilərin döyüşü” əsəri də Allenin “Gecəyarısı mağarada zəncilərin döyüşü” əsərindən 11 il öncə çəkilməsinə baxmayaraq, yenə də “Qara kvadrat”dan geri qalsa da, eynən sənətsəl özəlliyi ilə deməyə imkan verir ki, artıq bu rəsmlərin hər birinin çəkildiyi ərəfədə dünyada kosmik proseslərin yerə verəcəyi payı, göndərəcəyi cəmiyyətlərdə yaşam impulsları yetişmiş halındaydı. Elə bu əsərdə də zəncilərin məhz başqa irqlərlə deyil, elə zəncilərlə savaşı dünyanın eyni güclərinin bir-birini qırıb, qanını su yerinə axıdacağı dönəmindən və bu qanlar üzərinə qurulacaq sistemlərin əsla Xeyir niyyətindən, sifətindən əsər-əlamət qalmayacağına göndərmə deyilmi?
 
Osmanlı sultanlarının həyatından bəhs edən bir hekayətdə nə vaxtsa oxumuşdum ki, orta əsrlər dönəmində, Batılı bir ölkənin diplomatı sultanla görüşmək üçün saraya gəlməli olur. Sonralar öz təəssüratlarını bölüşərkən Batılı diplomat qeyd edir ki, mən içəri daxil olarkən dairəvi bir masa ətrafında içlərində sultan da bulunmaq şərtiylə bir neçə dövlət adamı vardı. Təbii ki, bu insanlar ölkəni idarə edən şəxslər idi. Onların dairəvi masa başında əyləşməsi aralarında sultanın kim olduğunu ayırd etməkdə mənə çətinlik yaradırdı. Çünki dairənin, çevrənin başı-ayağı bilinmir. (Xatırladım ki, 2005-ci ildə yaratdığımız “ÇÖLÇÜLƏR Ədəbiyyat Mərkəzi”ni də bu sistem üzərində qurmuşduq.) Ancaq bizdə, Batıda dövlətin başqanı düzbucaq, ya kvadrat deyə biləcəyimiz masa başında əyləşdiyindən onun kimliyi və görəvi həmən bəlli olar. O orta əsr diplomatının qeydlərindən belə anlaşılırdı ki, Osmanlı sarayına gedən və dönən bu şəxs, hələ də bilməyib ki, o adamların arasındakı sultan kim olub. Çünki kvadrat, düzbucaq masada deyil, dairəvi masa ətrafında əyləşənlər Yaradıcı güc, xalq, dövlət qarşısında öz şəxsiyyətlərini geri itib, Allahın ədalətini, nizam və sistemini ortaya qoyarlar.
Sözsüz ki, Maleviçin məşhur “Qara kvadrat”ı heç vaxt, məsələn, Qara Dairə, Qara Çevrə ola bilməzdi. Çünki onu çəkən Hilaldan, Qızıl Almadan deyil, Xaçdan ilham almış, əsinlənmişdi. Qara kvadratlardan fərqli olaraq heç zaman qara dairələr, çevrələr çəkilmir. Çünki Türklərin təfəkkürünün yazılı yox, şifahi ilahi indeksə hesablanması bir az da buralardan gəlir.
 
X.Telmanoğlu
 








Redaktorun seçimi