“Naxçıvandan dünyaya” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Hit: 2812
“Naxçıvandan dünyaya” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova son illər sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə tərəqqiyə qovuşan muxtar respublikada mədəniyyətin bütün sahələrinin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.
 
Bildirilib ki, son illər qədim diyarımızda gənclərin incəsənətin müxtəlif sahələrinə marağının gündən-günə artması gənc nəsildə yaradıcı düşüncənin formalaşmasına səbəb olur. Nazir diqqətə çatdırıb ki, ötən il noyabrın 15-dən elan olunan “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi”nin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, qədim diyarımızın görkəmli şəxsiyyətlərinin, xalqımızın milli-mənəvi və ümumbəşəri dəyərlərinin, adət-ənənələrinin, həmçinin müstəqillik illərində muxtar respublikanın inkişafının, müasir tərəqqisinin təbliğindən ibarət olub. Müsabiqə müddətində təşkilat komitəsi tərəfindən videomaterial təqdim etmək istəyən müəlliflər üçün sosial çarxın və qısa filmin hazırlanması mövzusunda seminarlar təşkil edilib, bu istiqamətdə geniş maarifləndirmə işi aparılıb.
 
Natəvan Qədimova çıxışının sonunda qalibləri təbrik edib, müsabiqənin bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada müasir gəncliyin inkişafı üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, keçirilən müsabiqə də bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmağa xidmət edir.
 
Gənclərin aktivliyinin artırılması və onların yaradıcılıq fəaliyyətlərinə cəlb edilməsi məqsədilə bu cür tədbirlərin davamlı təşkil olunacağını diqqətə çatdıran Cəbi Quliyev qalib müəllifləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
 
Sonra müsabiqə qalibləri elan edilib və mükafatlandırılıb. Qeyd olunub ki, iki mərhələdən ibarət olan müsabiqədə 18-35 yaşlar arasında həvəskar müəlliflər iştirak edib, 13 müəllif tərəfindən 17 sosial çarx və qısa film təqdim edilib. Xronometrajı 15 dəqiqədən çox olmayan və 2019-2020-ci illərdə hazırlanan bu videomateriallar heç yerdə yayımlanmayıb.
 
Müsabiqəyə təqdim edilmiş sosial çarx və qısa filmlərə əvvəlcədən müəyyənləşdirilmiş münsiflər heyəti tərəfindən iki mərhələdə olmaqla baxış keçirilib və 10 ballıq sistem üzrə qiymətləndirmə aparılıb.
 
Münsiflər heyətinin qərarına əsasən Asim Quliyev I, Nail Nağıyev və Tural Əliyev II, Kamal İbadov və Əzim Cəfərli III yerlərə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplomlar və pul mükafatı ilə təltif ediliblər. Müsabiqədə yaradıcılıq fəaliyyəti ilə fərqlənən Kamil Məmmədli və Südabə Əliyeva isə fəxri fərmanla təltif olunub.
 
Tədbirin sonunda qalib sosial çarx və qısa filmlər nümayiş etdirilib.








Redaktorun seçimi