XARİCİLƏRİ MUĞAMDAN BAŞQA HEÇ BİR MUSİQİ JANRI İLƏ TƏƏCCÜBLƏNDİRƏ BİLMƏZSƏN

Hit: 3088
XARİCİLƏRİ MUĞAMDAN BAŞQA HEÇ BİR MUSİQİ JANRI İLƏ TƏƏCCÜBLƏNDİRƏ BİLMƏZSƏN
Səkinə xanımla hardasa  6-7 il əvvəl bir çəkiliş etmişdim. O zamandan bu dəyərli sənətkarımızla hər zaman həmsöhbət ola biləcəyimə qənaət gətirmişdim. Muğamı qavalla ifa edən ilk qadın xanəndəmiz,muğam  operalarında aparıcı partiyalara imza atmış, saysız-hesabsız yetirmələri olan, Prezident mükafatçısı, “Şöhrət” ordenli ustad sənətkarımız Səkinə xanım İsmayılova ilə söhbətimizi oxuculara təqdim edirik. Xatırladıram ki, bu təqdimat müsahibə deyil, söhbət xarakterlidir.    
 
- Əvvəlcə əhval - ruhiyyənizi xəbər almaq istərdim. Necəsiniz? Ənənəvi sual.
- Vallah, şükür. Çox yaxşı. Bir sənət adamı üçün lazım olan sevgi və diqqətdir, o da var. Xalqından, millətindən, üstəlik də, dövlətindən bu qayğını, diqqəti görəndən sonra, bir sənətkar üçün daha nə lazımdır?  Bu münasibət adamı elə ruhlandırır ki, fikirləşirsən, bəli, bu qədər çəkdiyin zəhmət, keçirdiyin ömür, ötən illər heç də  hədər yerə xərclənməyib. 
-Sizin bəzi sənətkarlardan bir fərqiniz də ondan ibarətdir ki, illərdir gənc nəslin arasındasınız. Gənc nəslin yetişməyinə öz töhfənizi əsirgəmirsiniz.
-Həmişə, hər yerdə muğamın milli sərvətimiz olduğunu deyirik. Muğam sənəti bizə asanlıqla gəlib çatmayıb. Əsrlərdən əsrlərə muğamı gətirib bizlərə çatdıranlar olub. Bizə gəlib çatan bu milli-mənəvi  sərvəti həm qorumaq, həm də zənginləşdirmək missiyasını boynuna götürmək heç kimə asan gəlməsin. Bu  xəzinəmizi gələcək nəsillərə  layiqincə çatdırmaq bizim mənəvi borcumuzdur. 
- Elədir. Estafeti siz də sonrakı nəsillərə ötürürsünüz.
- Əsas məqsəd bundan ibarətdir ki, muğamı bizə necə gətirib çatdırıblarsa, biz də bu əmanəti o şəkildə gələcək nəsllərə ötürək. Necə deyərlər, ifa tərzinin klassik forması var, o ənənəni qouyaraq bu işləri də görmək lazımdır. Düzdür, ona bir az bəzək-düzək vurmaq olar. Ancaq burda, tədris ortamında müəyyən məsələləri tələbələrə gərək olduğu kimi çatdıraq. Düşünürəm ki, hər bir sənət adamı bu prinsiplə hərəkət etməlidir. Hər kəs öz sənətini, eləcə də bu yolda nə etmək lazım olduğunu gözəl bilməlidir. Tədris işi olduqca çətindir. Bizim elə böyük sənətkarlarımız olub ki, onlar belə tədris işləri ilə məşğul olmayıblar. Ustad sənətkarlardan dərs aldığım və  bu musiqi janrı həyatımın mənasını təşkil etdiyi üçün, düşündüm ki, bu işləri mütləq görməliyəm.  
- Ümumiyyətlə, istərdim, bu sənətdəki təhrif məsələsinə  bir az  toxunasınız. Məsələn, hər hansı bir mətndə bir yerin dəyişdirilməsi, elə Nəsiminin qəzəlində bir hərfin dəyişdirilməsi, hər şeyi başqa cürə ortaya çıxardır. Verilən mesaj olduğu kimi anlaşılmır. O da ola uzun zaman içində bu olaylar baş verə. Bəs muğamda, çəkdiyim misala uyğun bir vəziyyət nə şəkildə öz yerini tapır? Siz həm oxuyursunuz, həm də bu işin elmini bilirsiniz. Ona görə soruşdum. 
- Hər bir sənətkarı sevdirən, qəbul etdirən, onun sənətə yaradıcı yanaşmasıdır.  Məsələn, bir də gördün deyirlər ki, siz oxuyanda, biz muğamı çox sevirik. Başqa bir ifaçıya qulaq asanda, o muğam başqa cür təsir edir. Deməli, mənim muğama olan yanaşmam, həmin o dinləyicini sevindirir. Onun istədiklərini özündə formalaşdırmağa çalışmaq lazımdır. Biz, bunu tapmalıyıq. Muğamı, ancaq  klassik yolu saxlamaqla, onu nəfəsinlə, boğazınla, xırdalıqlarınla yeniləməlisən. Bunu bacarmaq lazımdır. Biz özümüzdən yeni heç nə kəşf etməmişik. Yüz illərdir oxunulanı oxuyuruq. Xalq mahnıları həmənki xalq mahnılarıdır. “Azərbaycan maralı” var, “ Şahnaz”, “Şur”,  “Bayatı- Şiraz”, “Mahur” və s..... Əlbəttə ki, bu mahnıları gözəlləşdirən, sevdirən fərqli üslublar və fərqli ifa tərzləridir. 
- Mən sizi yaxşı başa düşürəm və dediklərinizi də qəbul edirəm. Sənətkarın hər hansı bir nümunəyə özündən əlavəsi, özünün yaradıcı qatqısı olmalıdır. Siz çağdaş dövrü nəzərə alaraq, muğamın mahiyyətində yeni nələrsə etməyə ehtiyac hiss edirsinizmi? Muğamı ənənəvi ampulasından çıxarıb yeniləmək olarmı, bu vacibdirmi?
- Muğamı olduğu kimi də oxumaq hər adamın işi deyil. Hər adam da onu bacarmır. Muğamı dəyişməyə ehtiyac yoxdur. Siz elə bilirsiniz, hər muğam oxuyan bu işin öhdəsindən gələ bilir? Qətiyyən!  Muğamınkı odur ki, çıxıb açıq meydanda bacardığını ifa edəsən. Hər dəstgahın öz qapısı var. Bu qapıdan girdiyin kimi o qapıdan da eyni səsinlə çıxacaqsan.  O qapıdan səsi olan çıxacaq, olmayan çıxa bilməz. Biz, səsi olanlardan, həqiqi sənətkarlardan söhbət edirik. Yoxsa, bu gün biri gedib nə isə oxudu, ifasına azca muğam qatdı, bunlardan söhbət getmir. Gözdən pərdə asmaq olmaz.  Müasir imkanlarla birinin səsini təmizləməkdən, xırıltısını arıtlamaqdan bəhs etmirik. Onlar başqa şeylərdir. Bu gün muğam oxuyanın Allahdan verilən səsi olmalıdır. Qayda budur. Diapozonun, duyumun, ritmin, üslubun olmadan necə muğam ifası təqdim etmək olar?  Bu gün məşhurlar, tanınmışlar çoxdur. Onların birinə muğamın bir şöbəsini ver, görüm oxuya bilərmi. İnanmıram.
- Qədimdə bir qızı bir oğlana vermək üçün,  onun qarşısına düyünlü kötük qoyurmuşlar. Bu kötüyü yara bilməsən, qız sənin deyil. İndi  sonuncu fikriniz mənə nədənsə bu adəti xatırlatdı. Yəni bir adamın istedadlı olmasını həm də muğamla sınaqdan keçirmək olar, deyirsiniz.
- Bilirsiniz, mənim yaradıcılığım operada başlayıb, ordan keçib. Yüz on illik tarixi olan operanın 30 ili mənim yaradıcılığımla bağlıdır. O tələblərin öhdəsindən gələ bilənlər operaya gələ bilər. Opera bu qədər asan olsaydı, orda adam əlindən tərpənmək olmazdı. Hər kəs özünü bir dəfə sınaya bilir,yəni  bir dəfə oxuya bilir. Sonra o çətinliyi görüb bir daha getmirlər. Niyə getmirlər? Getsinlər, oxusunlar görüm, necə oxuya bilirlər. Səhnədə qalmaq, obrazlar yaratmaq, Gülbahar, Şahsənəm, Leyli olmaq olduqca çətindir. Səs varsa, o, özünü mütləq göstərəcək. İllər keçir, baxırsan,  qocaman sənətkardır, bir gəncin yanında elə  oxuyur ki, gənc onun yanında kölgədə qalır. Mən sizə canlı oxumaqdan, səhnədən danışıram. 
- Yeni dövrdə sizin tələbəniz olan gənclər də çıxdı ortaya. Onların ifasında sizi ən çox qane edən nədir, hansı məqamlardır? Nəfəsdirmi, üslubdurmu, səsdirmi, səsin tempidirmi, muğama yanaşma  tərzidirmi, nədir?
- Hər kəsə məlumdur ki,  2005-ci ildən Azərbaycanın hüdudlarını aşan bir Muğam Müsabiqəsi başladıldı. Bu müsabiqə zamanı 300 - 400 gəncə qulaq asırıq. Hətta rayonlara, bölgələrə gedirik. Onların içindən 20-lik seçirik.  Bu 20 - lik 3 ay müddətində televiziya məkanında yarışmağa başlayır. Sonra onların içindən də 1,2,3-cü yerlər seçilir. Bizim muğamda qazandığımız nə olur?  O 3- 4 nəfər. Baxın, 300-400 nəfərin içindən neçə nəfər çəkib çıxara bilirik. Muğam üçün gündə ifaçı yetişmir, yetişə bilməz də. Seçdiyimiz o uşaqlarda fərqliliklər, özünəməxsusluqlar olduğu üçün, onlar seçilir. 2005-ci ildən Təyyardır, Babəkdir, İlkindir, Ehtiramdır... İndi onlar, maşallah, nə qədərdilər.
- Seçdiyiniz uşaqların  sizin ifaçı nəsldən fərqi nədir?  Onlar da sizlər kimi oxuyur, ya da oxumalıdırlar?
- Bizdə nəinki mən, mənimlə birgə münsiflərdə əyləşən digər sənətkarlarımız da,  bizə qədər gələn yolu o gənclərdə gördüyümüz üçün onları seçirik.  
- Sizcə bu yaxşı bir şeydirmi sənətdə?  Çünki sənətdə çərçivədən kənara çıxmamaq kimi qaydalar, yaradıcı fərdin yaradıcılıq psixologiyasında qısıtlama yaratmazmı? 
- Sizin dediklərinizin muğama aidiyyatı yoxdur. Muğamınkı meydandır, özünə güvənirsənsə, inamın varsa, o zaman buyur, oxu. Təsəvvür edin, biri  operada  Üzeyir bəyin Leylisini oxuyur. Sizin fikirlərinizlə yanaşsaq, biri qalxıb “ bu partiyada indiyə kimi oxunulanları oxuya bilmirəm, buranı dəyiş”, desə, onda hansı vəziyyətlə qarşılaşarıq? Üzeyir bəyə, onun əsərinə, operaya əl vurmaq olar? Əgər dediyiniz kimi bir mənzərəylə qarşılaşsaq, bilirsənmi nələr olar? Elə şeylər var ki, o toxunulmazdır. Muğamın milli xəzinəmiz olduğunu dönə - dönə vurğulayırıq. Hər yetirən bir şey götürsə, o xəzinədən geriyə bir şey qalmaz. Əgər mahnı, estrada oxusan, buyur, nə istərsən elə…
- Muğam dünyaya son illərdə çıxa bildi. İctimai şüurda belə muğama qarşı təpgilər səngimədi. Muğamın fars musiqisi olduğunu, şüurları keyitdiyini də deyənlər tapıldı.
- Mən elə  fikirləşmirəm. Muğamı başa düşməyənlər əvvəlcə mənəvi dünyasını zənginləşdirməlidir. Belə fikir kimin ağlına gəlirsə,  gedib özünü yetişdirsin, daxili dünyasını tərbiyələndirsin. Muğamı dərk edən adam, savadlı, intellektual, duyumlu olmalıdır. Ailələr var,  həmişə operaya da, teatra da gedir. Ailələr var ki, Operanın harda yerləşdiyini heç bilmir. Burda kimin günahı var?
-     Mən sizinlə sırf sənət məzmunlu söhbət edərdim.Ancaq ictimai prosesləri nəzərə alan, publikanı maraqlandıran suallar da verməliyəm. Bu baxımdan söhbətimizin istiqamətindən qətiyyən incimiyəcəyinizdən əminəm. 
- Muğamı bu gün anlamaq ehtiyacını hiss edən adam öz savadını artırmalıdır. Bir kütlənin içində hər cür,müxtəlif düşüncəli fərdlər var. Kimisinin zövqü olar, kimisinin olmaz. Mən isə deyirəm, bu,  bizim milli musiqimizdir. Sənin zövqünün inkişaf edib etməməyindən asılı olmayaraq,  bu musiqini sevməlisən.    Bayrağı, gerbi, vətəni necə sevirsənsə, muğamı da elə sevməlisən. Mənə görə, muğam da  milli atributlarımızdan biridir. Muğam bizim mənəvi  gerbimizdir. Bu mənim fikrimdir. 
- Siz yetəri qədər xaricdə olmuş sənətkarsınız.   Bir əsəri xaricdə oxumaqla burda oxumaq arasında heç fərq hiss etdinizmi? Belə bir hissiyyat ola bilərmi?
- Orda həmvətənlərin varsa, onlar səni daha çox dinləmək istəyirlər. Bu təbiidir. Qaldı ki, getdiyimiz o xarici ölkələrdə Muğamdan başqa heç bir musiqi janrı ilə başqalarını  təəccübləndirə bilməzsən. Mən şəxsən bu gün də bunun şahidiyəm. Digər musiqilərin ən zirvə nöqtəsi xaricilərdə var. Onları musiqi ilə heyrətləndirmək olduqca çətindir.Hər janr var, ancaq muğam nə gəzir? Muğamı Allah bizim xalqa bəxş edib. Bu səs, bu boğaz, bu xırdalıq bizim sənətkarlara xas olan bir xüsusiyyətdir.Bu zənguləni harda, hansı xalqda tapa bilərsən? Düzdür, muğama oxşayan musiqilər bir neçə xalqda mövcuddur. Ərəblərdə, farslarda, hindlilərdə, türklərdə də var. Hər kəs bu janra ümumiləşmiş bir ad qoyub:- Muğam. Ancaq bizdəki təkmilləşmələr, fərqlər tamam başqadır. Bu qədər beynəlxalq müsabiqələrdə niyə bizim muğam birinci yeri tutur?  Bu yerləri bizə onlar özləri verirlər. Niyə? Çünki bizim muğamda rəngarəngliklə yanaşı həm də ifaçının səsi var, özünəxas səsi. 
-  Həm də istənilən köklü və ciddi sənətdə millətin taleyi, keçdiyi həyat yolu özünü yansıda bilir.
- Musiqi ilə hər şeyi görmək olur. Allah rəhmət eləsin Rəşid Behbudova. Onunla eyni səhnəni paylaşmışam. O deyirdi ki, biz çıxıb səhnədə bir musiqimizi göstərənə qədər, artıq vətənimiz, millətimiz, sənətkarlarımız haqqında görünüşümüz, baxışımız, mədəniyyətimiz çox şey deyir. Sonra isə musiqi başlayır. Ancaq bu musiqiyə qədər çox şey nümayiş olunur. Getdiyimiz yerlərdə xaricilərin musiqimizə olan münasibətini çox görmüşəm. Mən bir dəfə Fransada olanda,  gəlib məndən müsahibə götürdülər ki, o zənguləni necə edirsiniz. O qədər maraqlanırdılar ki. Elə zallar olur, biz orda mikrofonsuz oxuyurduq. Onlar bizim ifamıza təəccüb edirdilər. Gəlib boğazımıza baxırdılar ki, bunlar bu musiqini necə səsləndirirlər.Bunları görmək lazımdır, inanın.
- Səkin xanım, sizcə, dövrümüzdə toylar musiqini gözdən salırmı, məhv edirmi, yoxsa?
- Fikir verin,  musiqini öldürənlər sırasında olanlara üç- beş ildən sonra rast gələ bilərsinizmi? Yox. Hər şey ələkdən keçir, geriyə lazımlı, ciddi dediyimiz sənət nümunələri qalır. 
- Amma gizli bir əl bayağı musiqilərə, bayağı müğənnilərə geniş arealda yayılması üçün sanki dəstək verir. Bunun qarşısını almaq olarmı, ya almaq lazımdırmı, almağa dəyərmi?
- Yox, bu işlərin qarşısını kim alacaq, necə alcaq ki? Sənin zövqün budur, bunu istəyirsən, onun zövqü başqa bir musiqi istəyir. Sənətdə xüsusi olaraq nəyinsə qarşısını almağın, sədd çəkməyin tərəfdarı deyiləm. Gec - tez zaman öz sözünü deyəcək.
- Yəni deyirsiniz, xalq kimi istəyir, necə istəyir, elə də edir.
- Xalqın nəsillərə ötürəcək muğam sənəti var. O kimin istəyib - istəməməsindən asılı olmayaraq yaşayıb, yaşayacaq. Yüzlərlə elə-belələri gəlib gedəcək. Necə ki, indiyə qədər də belə olub. Sabun köpüyü kimi çəkilib yox olanlar hər zaman məlumdur. Qısa zaman çərçivəsində kimlərsə nəsə edə bilərlər. Ancaq həqiqət öz kəsərli hökmünü verəcək. 
-Cəmiyyətdə sayılıb - seçilən, uğurları bol olan insanlara qarşı ətrafında qısqanclıqlar, bir az kin-küdurət kimi münasibətlər olur. Sizə qarşı necə,  kin -  küdurət olurmu, ya olubmu?
- Hər bir kəsin ətrafında hər cür təbiətə malik insan olur. Bu təbii bir şeydir. Mənə qarşı kiminsə kin-küdurətinin olub - olmadığını bilmirəm. Mən Allaha bağlı adamam. Uca Yaradan mənə hacc yolunu açdı, müqəddəs yerləri  ziyarət etməyi qismət elədi. Mən orda insanlar arasında fərq görmədim. Vəzifəsindən, mövqeyindən, kimliyindən asılı olmayaraq, hər kəsin bərabər olduğunu gördüm. Hər kəs ağ bir parça içində Kəbənin ətrafında Allahın xatirinə dönürdü. Bu da Allahın öz bəndələrini bərabər görməsi və öz bəndələrinə lütfünü eyni şəkildə paylaması deməkdir. Kiminsə nəsə deməyi, nəsə düşünməyi məni o qədər də maraqlandırmır. 
- Hansısa bir işinizdə, layihənizdə sizə qarşı gələnlər, əngəl olanlar olurmu, əslində bunu nəzərdə tuturam.
-  Allah hər yaratdığını öz istədiyi mərtəbədə görür. Səni bir zirvəyə qaldıran varsa, yenə də qaldıran Allahdır. Yüz min bəndə gələ, Allahın səni qaldırdığı zirvədən heç cürə aşağı sala bilməz. 
- Yəni bu qədər inanclısınız.
- Əlbəttə. Pislik edən adam, özü bir pisliyə düçar olmayınca, bu dünyadan köçə bilməz. Kim nə iş tutubsa, o işinin cəzasını aldıqdan sonra  dünyadan ayrılmağı mütləqdir. Buna görə də,  elə şeyləri mən ciddiyə almıram. İllərdir,  özümə aid olan əxlaq normaları var ki, ona əməl edirəm. Böyüyüyn, kiçiyin yerini bilib ona görə davranram. Özümün olarlarım, olmazlarım var. 
- Bir sözlə, sizin öz qaydalarınz var .
- Bəli. Öz qaydalarım var. Mənə görə, insan hər könlü istədiyini, kəsinliklə, edə bilməz. Necə yəni, könlüm istədi, mən də bunu etdim, deyə bilərsən?  Belə şey olarmı? Bəlkə sənin könlünün istədiyi bir şey, bir başqasının qəlbini qırır, ruhunu zədələyir. Könlün istəyəni elə etməlisən ki,  digərlərinin qəlbi qırılmasın, ruhu zədələnməsin, varlığı alt-üst olmasın.  Bunlar həssas mövzulardır. 
- Namaz qılırsınızmı?
 - Əlbəttə ki.
- “Quran” oxumağı da bacararsınız yəqin. 
- “Quran” oxumağı yalan deyərəm. Ancaq Haccdan gələn gündən namazımı qılıram.  Hacca getdim, o yolda namazı öyrəndim. Bu günə kimi bir dəfə də olsun,  namazdan uzaqlaşmamışam. 
- Sizin namaz qılmamışdan öncəki həyatınızla namazdan sonrakı həyatınızın fərqi varmı? Bu fərqi hiss etdinizmi?
- Onda da, indi də  yaşadığım həyat eynidir. Bəlkə də ona görə Allah insana çox şeylər nəsib edir. İnsanın tutduğu yola görə, şəxsiyyətinə görə  ona kömək edir ki, sən o yolda özünü görə biləsən. Heç vaxtı haqq bildiyin yolundan dönməyəsən. 
- Bəzən görürsən ki, birinin namaza başladığı vaxta qədərki həyatıyla namazdan sonrakı həyatı arasında xeyli fərq var.
- Ola bilər. Adamlar var, fanatikdır. Adam var,  dədə -  babadan gördüyümüz kimi etiqadlı insandır. Mən isə bir müsəlman olaraq Allahımı sevirəm. Mənim Allah rızası üçün bu həyatda gücüm nəyə çatırsa,  onu da yerinə yetirməyə çalışıram.
- Heç ürəyinizdən keçibmi ki, “Quran”dan hansısa bir parçanı oxuyasınız?  Bu sizin ixtiyarınızda olan bir şeydir. Heç belə bir istək olubmu?
- Elə insan var, bütün ömrünü dinə həsr edir. Allahım mənə bir səs bəxş elədiyi üçün, mən də öz müqabilimdə dini özümdə yaşatmağa, əməl etməyə  çalışıram. Bu gün muğamı tam bilirəmsə, bu ayrı bir məsələdir. Axundlar, şeyxlər yanında mən də qalxıb desəm ki,  dindən nəsə bilirəm, bu yalan olar. Ən azından bir insan kimi Allahı sevməyin nəyi pisdir ki? Bir dostunun, qonşunun, sənət yoldaşının uğuruna, sənətdəki irəliləyişinə sevinməyin nəyi pisdir? Dinimiz bunu deyir : - yaxşı nə varsa, ona sevin. Sevin ki, Allah da onun iki qatını sənə bəxş eləsin. 
- Son zamanlar cəmiyyətdə, özəlliklə, kitab oxumuş, elm sahibi insanlarla söhbət əsnasında hiss edirəm ki, islam dininə qarşı qəribə bir kin, əsəb, gərginlik var. 
- Məncə, dinlə bağlı cəmiyyyətimizdə belə faktların  olması olduqca üzücü haldır. Bizim dinimiz necə gözəldir ki, Allahımız, görün, nələri buyurur. Allahımız deyir, görmədiyini danışma. Sənə aydın olmayan, bilmədiyin şeylər haqqında məlumat vermə. Heç kimsə barəsində mənfi danışma. Heç kimin uğurunu pis görmə. Kimsənin haqqına girmə. Heç bir qulun əməyini əlindən alma. Bunların nəyi pisdir? Əgər bu gözəlliklər kimləri qorxudursa, demək qorxmalıdır. Məncə, o  şəxslər hələ  insan kimi yetişməyib. Dinimiz bunu deyir. Din deyir, kin saxlama. Mehriban ol. İnsanları sev. Heç kimsə ilə düşmənçilik yaratma. Peyğəmbərimiz deyir, bağışlamağı bacarmayan, mənim ümmətimdən deyil. Əgər Allah, insanların günahlarını bağışlayırsa, niyə biz insanlar bir - birimizi bağışlamağı bacarmayaq. Mən dindən bu gözəllik və saflığı götürürəm. 
- Sizi həm də bu yanaşmalarınıza görə  sevirlər.
- Kim məni sevirsə, Allah da onu sevsin. 
- Məsələn, inanmaq olmaz ki, Səkinə xanım Azərbaycanın hansısa ucqar bir kəndinə gedə, kimsə ona qapısın açmaya, mehriban qarşılamaya, evinə dəvət etməyə. 
 - Bəli. O gün tələbələrlə söhbətim oldu. Mən onlara dedim ki, siz elə bilməyin ki, mənim bu gün 3 yerdə imarətim yoxdur, maşınlarım yoxdur, ancaq mənə qarşı elə bir hörmət, elə bir istək var ki, bu gün gedib Fransada bir qapını açsam, orda bir dostum olar. Bu gün Amerikada bir qapı açaram, orda mənim bir dostum var. Eləcə də, Almaniyada, dünya ölkələrinin hər yerində mənim şəstlə qapısını aça biləcəym dostlarım var. Oralarda mənim sənətimi və şəxsiyyətimi sevən insanlar çoxdur. Daha bundan gözəl nə olmalıdır? N.Xəzri deyirdi ki,  Nəbiyəm, zirvəyəm, uca bir dağam, Demə zirvəndəki o duman nədir. Bütün varlılardan daha varlıyam. Dövlətim məhəbbət, varım sevgidir. Bir insanın varı sevgi ola, ondan dövlətlisi ola bilərmi?
- Bilirsiniz ki, indi Milli Məclisə seçkilər ərəfəsidir.Heç millət vəkilliyinə namizədliyinizi vermək barədə düşünmüsünüzmü?  
- Yox. Yox.
- Heç bu barədə düşünməmisiniz ki?
- Yox. Heç vaxtı bu barədə düşünməmişəm.
- Bəs bu barədə kiminsə təklifi olubmu? Ərki çatan, yaxud hansısa bir qurumdan, partiya və təşkilatdan heç təklif edən olubmu ki, gəlin, namizədliyinizi irəli sürək. Siz də millət vəkili olun. Xalqı o uca tribunadan bir az da belə təmsil edin. Gəlin, səmimi danışaq, mümükünsə?
- Belə danışıqlar olub. Deyirlər, çox demirlər. Deyirlər, biz sizi çox istəyirik, gəlin, siz də,  məsələn, bu işə qoşulun. Ürəyinizə bələdik. Şəxsiyyətinizə hörmət edirik. Arzu, istəklərimizi sizə bildirərik. Belə sözlərlə mənə  müraciətlər çox olub.
- Siz də yaxşı bilirsiniz ki, cəmiyyətdə bəzi sevilən insanlar var. Günlərin bir günü o sevginin qarşılığı olaraq, sanki ictimai bir tələb gəlir. Bəzilərini zorla, bəzilərini saxta yollarla xalqın millət vəkili edirlər. Məncə,  xalqın sevgisi, məhəbbəti olan insanlar xalqın o sevgisini, məhəbbətini də yandırmamalıdırlar. Elə biri də siz.
- Vallah,mən də istərdim ki, xalqın seçdiyi insan, onu təmsil eləsin. 
- Deyək, insanların problemlərini siz dilə gətirirsiniz. Məncə, gözəl bir yaşamdır.
- Bəli, bəli. 
- Hələ də gec deyil, bəlkə namizədliyinizi verəsiniz. Biz də dəstəkləyək sizi. Kompaniyanızda yaxından iştirak edək. Mən sizin namizdliyinizi irəli sürürəm. Nə deyirsiniz, varmısınız?
- Vallah, heç vaxt düşünməmişəm bu barədə. O şeylər haqda fikirləşməmişəm. 
- Sizi sevən insanların problemləri olmamış deyil. Azərbaycan insanının problemlərinin önündə özünüzü görə bilirsinizmi? Bunun kəndçisi, şəhərlisi var, çobanı, fəhləsi, idmançısı, alimi, tələbəsi, müəllimi,oğrusu ... var.
- İnanın, heç vaxtı bu məsələ ağlımdan keçməyib, heç bu barədə də düşünməmişəm. Mənə görə, kiməsə kömək etmək, əl uzatmaq üçün mütləq Millət vəkili olmaq lazım deyil. Bu o qədər vacib də  deyil. Əsas olan odur ki, sən insanlara, insanlığa lazım olasan.  Biri gəlib məndən nəyisə soruşur. Gücüm çatmayan bir işlə bağlı, ən azından məsləhət verirəm. Mənə o qədər müraciətlər olur ki. Bacardığım qədər nəsə etməyə çalışıram. Gücüm çatmasa, ən azından deyirəm ki, bu işin yolu budur. Bunun üçün millət vəkili olmağa ehtiyac görmürəm. 
- Siz səsinizlə də milyonlara kömək eləmisiniz. Bunu yaxşı anlayıram. Bəs yüksək dairələrdən, lap hökümət tərəfindən belə bir təklif gəlsə, dəyərləndirə bilərsinizmi?
- Mən hər bir şeyi anında düşünən, dəyərləndirən adamam. Oturub belə xəyala dalam, bu, mənə xas olan xüsusiyyət deyil. 
- Xəyal etmək pis bir şey deyil ki. Romantik də deyilsiniz?
- Romantik olmaq üçün təbiətin qoynuna çıxaram. Baxaram, görərəm, duyğulanaram. Amma reallığı sevirəm. Real olmaq istəyirəm. O dediyiniz məsələyə yalnız həmən anda cavab verə bilərəm. Ancaq indi yox. 
- Elə təklifə ailə fərdləri, yaxud həyat yoldaşınızın münasibəti necə olar?
- Həyat yoldaşım mane olmaz. Mane olmalı vaxtlarda mane olublar. İndi isə daha mənə qarşı gəlmirlər, ancaq işlərimdə hər cür dəstək olmağa çalışırlar. 
- Yəni sizə də nə vaxtsa maneçiliklər olub deyirsiniz?
- Əlbəttə. Mən sənətə elə bir dövrdə gəlmişəm ki, o dövrdə heç kimin ürəyi xarab olmurdu:- nə atanın, nə ananın ki, mənim qızım getsin oxusun, oğlum səhnəyə çıxsın. İndi sənəti oldu olmadı, səsi oldu, olmadı, gəlib deyir ki, mənim uşağım oxumalıdır. Oğlan olanda deyir uşağımın səsi Xan Şuşinskinin səsindəndir. Qızı olan da deyir, qızımın səsi Şövkət Ələkbərovanın səsindəndir. Bax,  belədir vəziyyət. Ancaq o zamanlar belə deyildi. 
- Görünür böyüdüyünüz mühit də çətin mühit olub, Səkinə xanım.
- Bəli. Mən Bakılıyam. Bakı mühitində böyümüşəm. 
 - Axı necə icazə veriblər sizə, çıxıb oxumusunuz, səhnə almısınız? 
-Nə yaxşı ki,  O məhlənin olarları, olmazları olub.  Məhləmizin öz qayda - qanunları vardı . Indi o qayda - qanunlar üçün adamın burnunun ucu göynəyir. Kimin nə həddi vardı ki, məhlədən kiminsə xanımı, ya qızı keçəndə, bir balaca ona başqa cür baxardı? Neçə ildi xanımlar sürücüdür bu şəhərdə? Bilirsiniz, necə baxırlar? Adam dəhşətə gəlir hələ də bu şəhrdə bu mənzərəyə. 
- Maşından özünüz istifadə edirsiniz?
- Yox. Şöfer aparıb gətirir. 
- Xanım sürücülərə qarşı şəhərdəki o baxışları yaman dediniz ha..
- Düz deyirəm. Elə şey olar? Bilirsiniz, necə baxırlar, xanım sürücülərə? Adam dəhşətə gəlir. Bir müddət mən özüm də avtomobil idarə elədim. Canım sıxıldı. Evdəkilər də mənə məsləhət etdilər ki, həm də bu məsləhət şüar kimi səsləndi: əsl xanımı maşın aparar, maşın gətirər.  İndi şəhərin  yarısı qadın sürücülərdən ibarətdir. Sanki  qadınların sürücülüyünə yaxşı baxmırlar. Yaxud da görürsən elələri var ki, xanım sürücü görəndə, çalışır onu sıxışdırsın. 
- Dediyiniz məsələlər olduqca qan qaraldıcı bir şeydir.
- Biz də bu gördüklərimizdən istər istəməz nəticə çıxarırıq. 
- Qanınızı qaraltmayın. Bu da keçər, Səkinə xanım.
- İnşallah. Mən də keçəcəyinə inanıram.
- Dərsiniz olduğunu bilirəm. Sağ olun ki, söhbətləşmək üçün vaxt ayırdınız.
- Siz də sağ olun. 
 
Söhbətləşdi: Xanəmir Telmanoğlu  
 








Redaktorun seçimi