Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

Hit: 2702
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb
Bu gün Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokolun rəsmi imzalanma mərasimi baş tutub.
 
Faktor.az xəbər verir ki, sənəd 23-25 yanvar tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans çərçivəsində imzalanıb.
 
Azərbaycan tərəfdən sənədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb.
 
Protokol Bakı ilə Moskva şəhərinin Mədəniyyət idarələri arasında konsert fəaliyyəti, muzey-sərgi işi, kitabxana işi, mədəni istirahətin və asudə vaxtın təşkili, badii və musiqi təhsili istiqamətlərində birbaşa əlaqələrə əsaslanan ikitərəfli əməkdaşlığın inkişafı məqsədi daşıyır.
 
“Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində həmçinin “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa keçirilib. Rusiya Federasiyası tədbirə 150 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Nümayəndə heyətinin tərkibinə nazirlər, Moskva Hökumətinin nümayəndələri, deputatlar, alimlər, ali təhsil ocaqlarının rektorları, mədəniyyət və incəsənət xadimləri daxildir.
 
TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərinin də gerçəkləşəcəyi gözlənilir.








Redaktorun seçimi