Afaq Bəşirqızı "Şəms" Milli Mükafatına layiq görülüb

Hit: 1198
Afaq Bəşirqızı "Şəms" Milli Mükafatına layiq görülüb
 Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə, mədəniyyət tariximizdə xidmətlərinə görə sevimli səhnə ustası, "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı "Emedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
Afaq Bəşirqızı ona və Akademik Musiqili Teatrın solisti, balet artisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevə təqdim olunan  mükafata və teatrın digər istedadlı gənclərinə göstərilən diqqətə görə “Emedia group”un sədri Elşən Əliyevə minnətdarlığını ifadə edib.
 
"Bu mötəbər tədbirdə mükafatlandırılan xalqımızın nümunəvi millət vəkilləri, rəsmi şəxsləri, media nümayəndələri, iş adamları, incəsənət və digər sahələrdən olan peşəkarlarının sırasında çalışdığım Akademik Musiqili Teatrın solisti, Əməkdar artist Emin Əliyevin də olması məni sevindirir. O, Nəsimi ilində  Akademik Musiqili Teatrın hazırladığı uğurlu layihələrindən biri – Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” balet-kompozisiyasının həm quruluşçusu və həm də Nəsimi obrazının ifaçısıdır. Mükafat kollektiv zəhmətin nəticəsidir.  “Şəms” Milli Mükafatlandırma mərasiminin bədii hissəsinə dolğunluq gətirən, dahi şairin həyat və yaradıcılığını əks etdirən digər tamaşa-kompozisiya teatrımızın istedadlı gəncləri – Zaur Əliyev, Əmrah Dadaşov, Fərid Rzayev, Nərmin Əliyeva, Zinyət Qurbanova, Əli Kərimov, Murad Əliyevin ifasında hamı tərəfindən rəğbətlə qarşılandı. Bütün bunlar bizim teatrın uğurudur! Davamlı olmasını arzulayıram”,- deyə A.Bəşirqızı çıxışında vurğulayıb.







Redaktorun seçimi