Bir səhləb söhbəti... Söhbətləşdi: Dəli ceyran...

Hit: 756
Bir səhləb söhbəti... Söhbətləşdi: Dəli ceyran...
Adətən çay dost payıdır, qəhvə(kofe) tək qalmağın mahmurlu gözəlliyini hiss etmək üçündür, ən yaxşı halda yalnızlığın könül dostu ilə içilər. Meyvə suyu cilovsuz şıltaqlıq ünsürüdür.
 
Su bəşərilərin həyat kimi, ölüm kimi, eşq kimi vazkeçilməzidir. Bir də səhləb var, udum payları arasında. Onun yeri apayrıdır. Çünki özününküləşmək, özləşmək, özünlə üzləşmək istəyənlərin tərcihidir səhləb udumlu anlara müsafir olmaq... Uzun sözə, nə hacət?! Deyəsən, bu aralar məni də səhləb çiçəyinin qoxusu sarıb-sarmalayıb. Səssizləşəndən bəri səhləblə səmimiləşmişik. Yenə bu gecə əmrə müntəzir qonaq kimi bir-birimizin qulluğundayıq. Allah üçün deyim ki, onu içməyin haqqını verirəm, yəni, səhləb qurtumlayıb içilməyi sevməz, bir nəfəsə də içilməz, soyusa dadı qaçar, çox istiykən ağzını yandırar və yenə də ağız dadını teyləyər. Ahəstəcə gözlətməyi sevir. Bir az da maraqpərəstdir. Gərək ki, “qurtdalayasan ora-burasını (üstündəki darçın ya da zəncəfil tozunu yumşaqca qarışdırmaq)”!
 
Və nəhayət işin pik nöqtəsi burada başlayır: İçərkən qoxlamalısan, təzə gəlin kimi ətri ilk udumda bambaşqa olur, son udumda bir başqa. Xəyallarından qoparır adamı. Diqqət orbitinin oxunu özünə döndərirsən. İçindən çölünə özləşə-özləşə aşıb daşırsan. Gözlərinin məhvərində ehtiraslarının mozaikası görünür. Qopursan bütün adlardan, adlanmışlardan. Adının mizahına dalırsan, ağız dadını irdələyirsən, bir yerlərdə haçansa varlığının hamisi olan birinin qoxusunun unudulmuşluğunun feyzini yaşayırsan və... beləcə səhləbin son udumunun soyuq, səssiz, sakin bitişinin fərqinə varırsan. Nəhayət bir az da olsa, hopursan özünə, könlünə...
 
Hələ-hələ iradən güclüdürsə, ən azından o gecəni (ya da səhləbləşdiyin o günü) unutmuşlar cərgəsində sabahlaya bilirsən. Sonrası Allah Kərimdir... Siz baxmayın "kərim" deməyimə. Eşqin kəraməti kəfən olar varlığından keçib gedən sevənlərə. Bu sevən siz deyən sevənlərdən deyil ha! Böyüyə-böyüyə sevənlərdir, mənim nəzərdaşlarım. Böyümək yanvarı- yayı tülbəndindən çıxarmaqla da deyil! Böyümək - pərən-pərən olmaqdır; ömrün astanasında kələfin ucunu itirməkdir. Böyümək qayğılaşmaqdır. Qayğısı olmayanın sevdası da olmaz. Deməli, qayğılarla sevdalar eyni mərtəbədə olur. Kimsəsizin, yetimə baxanın və xəstə olanın qayğıları ən ağır qayğılardandır. Onların ürəyi ətmətən, sevdası qranit olar. Atam balası, sevda dediyin hər nəfəsdə əsim-əsim əsməməli, ürküb tir-tir titrəməmlidir. Sevmək - ən başlıcası sevdabəniz olmaqdır. Sonra dünya heyzindən sappalam saflaşmaqdır, tərtəmiz arınmaqdır. Qeyd-şərtsiz insan olmaqdır. 
 
Bir də sevilmək var, adına el arasında topluca dil sürüşməsiylə “sevişmək” deyilir. Bu, zəmanəylə ayaqlaşaraq azca nəsib-qismət işidir, azca da “afyorluq” məsələsidir. Daha doğrusu, biri sevir kimi görünür, ya da sevdiyini zənn edir, digəri sevildiyini düşünür, ya da elə düşündürülür. Nəticə etibarilə, cisimdə can ararsa, kimsə kimsəni sevmir. Sevənlər də gün gəlir sevməyin özünücə sevir. Eşq cismanidirsə, tezi-geci heç olur, cahannümadırsa bir gün cücərir, bar verir. Çünki bəşəriyyət eşqsiz qalsa dünya hədəqəsindən çıxar. Mətləbdən uzaq düşdük, amma özümüzdən iraq düşməmək üçün qayıdaq səhləb söhbətinə...
 
Səhləbim, səni, sevdiyimi sevmək istəmədiyim üçün sevirəm. Səninləykən Onun olan can möhnətimin Onun dəyərsizləşdirdiyi qədər dəyərli olduğunu hiss etməyi sevirəm. Bir də bəyaz bardaqdan mənə doğru “qız, necə də sevdalı-sədalı sevirsən belə?!"- deyişini sevirəm. Mənə eşqin bir adının da MƏN olduğunu öyrətməyini sevirəm. Üstəlik sevginin qadını necə gözəlləşdirdiyini anlatmağına aşiqəm. Sevərkən dünyanın təkbucaqlı olduğunu, o bucağın da O olduğunu təsdiqləməyinə heyranam. Necə ki bir zamanlar onunlaykən, indi də səninləykən mənə insan olmağın, xüsusən də qadınlığın möhtəşəmliyini yaşatmağına vurğunam. Di gəl ki, sənə dodaq payı qədər yaxınkən, ona dünyalar qədər uzaqlığı mənə diqtə edişinə nifrət edirəm. Özümdən çıxıram. Sözümdən çıxıram. İynə-iynə sancılıram həsrətin qınına. Ruhumun məhrəmində ayrılıq at oynadır. Onun yoxluğunu fürsət bilib, dilimin ucunda adı doğram-doğramdır. Qorxularım eşqimin boynuna ip kimi dolanıb; sürgünəm nəfəsinin gəldiyi yerlərə. Bir sədəflik əmanət qalan ətir qoxusu xoşbəxtliyimin zəfər zəhəridir, yəni hər üzünə məhkumam fərəhsiz (ONSUZ) ömrün notlarıyla bəstələnməyə. İkimizin bir saçı varkən mən o saçlardan asılıram, Onun tutmadığı sözlərinin günah çəmbərində. Saflar sevdalananda eşq mələyinə dönürmüş, mən də məhəbbət mələyi kimi qısılmışam Onun çəpərinə. Mənim iztirablarımın boyu uzanarkən, onun mərhəmətinin boyu düyüləşir. Yetimə çörəyin bayatı düşən kimi, mənə də rəhmsizlərin kralı düşüb. Yox! Yox! Bu, şikayət deyil! Sevmək caniyə, cünüpə, cahilə, caizə baxmır. Birinin əli məcburiyyətdən qanlı ola bilər, ya da başı qadalı, ürəyi qayğılıdırsa, sevməyə dəyər. Eşq dediyin dolunay olmalıdır. Dopdolu, amma təmənnasız, səssiz, ancaq ağrılı, qarşılıqsız və izinsiz...
 
Səhləbim, səninlə hər dəfə özləşə-özləşə Onunkulaşıram. Bax, səni əslində bunun üçün sevirəm...
 
Eşqə gedən yolda cəfakeş, yoldaş, duyğudaş ararsanız, siz də dilsiz-ağızsız səhləb çiçəyini yanınızdan ayırmayın. Və unutmayın bütün yollar sevgidə kəsişir, hər cığır-iz eşqə çıxır. Hətta ölüm də məhəbbətə aparır...
 
 Rübabə SAHİB
 








Redaktorun seçimi