Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərgi açılacaq

Hit: 453
Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərgi açılacaq
Noyabrın 28-də Milli Kitabxanada görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərgi açılacaq.
 
Sərgi Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə təşkilatçılığı ilə təşkil ediləcək.
 
Qeyd edək ki, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.
 
T.Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
 
Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında gənc nəslə musiqinin sirlərini öyrədir.








Redaktorun seçimi