Azərbaycan” pavilyonunun açılış mərasimi olub

Hit: 392
Azərbaycan” pavilyonunun açılış mərasimi olub

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. Pavilyonda Azərbaycanın mədəni irsini nümayiş etdirən eksponatlardan ibarət müxtəlif sərgilər təşkil olunmuşdur.

Onlar sırasında rəsm əsərləri, heykəllər, milli musiqi alətləri, Azərbaycan xalça məmulatları, milli musiqi alətləri, qədim və orta əsr keramika, daş və mis qablar, şəbəkə, zərgərlik nümunələri, silahlar tamaşaçıların diqqətini cəlb etmişdir. Qeyd etmək lazımdır ki, pavilyonun tarixində ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində iştirakına dair xüsusi ekspozisiya qurulmuş və burada Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatları sərgilənmişdir.

Onlar sırasında döyüşlərdə sərkərdəlik məharətini nümayiş etdirmiş iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanova, Sovet İttifaqı qəhrəmanı polkovnik Həbibulla Hüseynova, Sovet İttifaqı qəhrəmanı polkovnik Adil Quliyevə, Azərbaycanın ilk admiralı Cəlil Cavadova, Sovet İttifaqı qəhrəmanı kəşfiyyatçı Rixard Zorgeyə, döyüşlərdə qəhrəmancasına vuruşmuş Azərbaycanın ilk qadın hərbi təyyarəçisi Züleyxa Seyidməmmədovaya, Avropa Müqavimət hərəkatının qəhrəmanları, Sovet İttifaqı qəhrəmanı Mehti Hüseynzadəyə və Əhmədiyyə Cəbrayılova, reyxstaqın alınmasında iştirak etmiş Bəxtiyar Mirtağıyevə, Berlinin alınmasında iştirak etmiş Böyükxanım Mirvacadovaya aid eksponatlar xüsusi maraqla qarşılanmışdır.

Ekspozisiyada həmçinin arxa cəbhədə fədakarcasına çalışmış kimyaçı alim Stalin Mükafatı laureatı akademik Yusif Məmmədəliyev, Sosialist Əməyi qəhrəmanı həkim akademik Mustafa Topçubaşov, Sosialist Əməyi qəhrəmanı neftçi Gülbala Əliyev, Sosialist Əməyi qəhrəmanı pambıqçı Bəsti Bağırova, ilk qadın gəmi kapitanı Şövkət Səlimova, Sosialist Əməyi qəhrəmanı dəmiryolçu Firuddin Ağayev, Stalin Mükafatı laureatları musiqiçilər Üzeyir Hacıbəyli və Niyaziyə aid eksponatlar, eləcə də müharibə illərində Bakının zavodlarında istehsal olunmuş hərbi məhsul nümunələri təqdim edilir. Eksponatlarla bərabər informasiya panellərində müvafiq məlumatlar verilmişdir.

Heydər Əliyevin Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş ekspozisiya 6 ay ərzində fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki, dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir və beləliklə Azərbaycanın II Dünya müharibəsində iştirakına dair ekspozisiya ilə çoxlu sayda Rusiya vətəndaşı və xarici turistlər tanış ola biləcəklər.









Redaktorun seçimi