Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır

54 dəfə oxunub
Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır
10-15 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində XXI ənənəvi Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.
Albaniyalı rejissor Adonis Filipinin bədii rəhbərliyi ilə ərsəyə gələn "Skampa-2019" festivalı çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatları, konsertlər, sərgilər, görüşlər, həmçinin mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadiləsi barəsində geniş müzakirələr keçiriləcək.
Albaniya ilə yanaşı, ABŞ, İtalya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif, nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək və Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstərəcək.
Qeyd edək ki, Xalq artisti, professor Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.
Hər kəs tərəfindən birmənalı qəbul edilməyən, dərin fəlsəfi mənaya malik olan absurd tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.
Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.
Bundan əlavə ''Qodonun intizarında" tamaşası dekabr ayında İran İslam Respublikasında – Təbrizdə keçiriləcək II Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.



Redaktorun seçimi