Qazaxıstanın Dövlət Televiziyası Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Hit: 336
Qazaxıstanın Dövlət Televiziyası Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın "Kazax TV" telekanalının əməkdaşları Beynəlxalq Muğam Mərkəzində olublar.

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş "Media-Soy Production"un "Kazax TV" telekanalı üçün Azərbaycanda "Folk Art" və "The school of nomads" adlı iki layihəsi çərçivəsində hazırlanan verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək.

"Media-Soy Production" şirkətinin prodüseri Dana Nukeyeva və şirkətin çəkiliş qrupu bir gün ərzində Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Çəkiliş zamanı Beynəlxalq Muğam Mərkəzinin yaranma tarixi və fəaliyyəti barədə Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov məlumat verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Bu Mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi oldu. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib.

Bəşəriyyətin  şifahi  və  qeyri-maddi  irsinin  şah  əsərlərindən  biri olan Azərbaycan muğamı haqqında məlumatları isə Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvü Sürəyya Ağayeva çatdırıb. O, orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi haqqında məlumat verərək qeyd edib ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə dövrünü işıqlandırır. Bu əsərlərdə Azərbaycan türk musiqi mədəniyyətinə dair önəmli faktlar yer alıb. Hər iki dahi alim, eyni zamanda, Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

 

"Kazax TV" telekanalının çəkiliş qrupu yaradılan şəraitə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. Şirkətinin prodüseri Dana Nukeyeva bildirib ki, telekanal tərəfindən lentə alınan proqram digər turkdilli dövlətlərdə də nümayiş olunacaq. Bu isə informasiya müharibəsi dövründə mədəniyyətimizin təbliğinə xüsusi töhfəsdir. Bu baxımdan yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi vacibdir. Yaxın günlərdə reportajla bağlı əlavə məlumat KİV -nə təqdim olunacaq.









Redaktorun seçimi