ƏSA Teatrının “Nəsimi” antreprizası böyük maraqla qarşılanıb

Hit: 517
ƏSA Teatrının  “Nəsimi” antreprizası böyük maraqla qarşılanıb

İnklüziv teatr olan ƏSA Teatrı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəssisələrində peşə reabilitasiya kursu keçmiş məzunların birgə hazırladıqları, nazirliyin dəstəyi ilə ərsəyə gələn “Nəsimi” antreprizasının nümayişləri tamaşaçıların böyük marağına səbəb olub.

Antrepriza Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində nümayiş olunub. Nizami Kino Mərkəzində keçirilən təqdimat tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi antrepriza böyük tamaşaçı marağı nəzərə alınmaqla daha bir gün nümayiş olunub.  

Tamaşada iştirak edən gənclər hərəkət məhdudiyyətli olmalarına baxmayaraq, bədii plastikadan məharətlə istifadə edərək, antreprizanın ruhunu, Nəsimi dühasını, böyük şairin dərin mənalara söykənən təkrarsız fəlsəfi-poetik dünyasını, onun mübarizliyini, qəlbən bağlandığı həqiqəti və haqdan dönməzliyini auditoriyaya dolğun şəkildə çatdırıblar. Nihad Qulamzadənin bədii rəhbəri olduğu və quruluş verdiyi tamaşada bəstəkar Vüqar Camalzadənin müsiqisi, aktyorların (Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova, Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov və b.) ifaları, xüsusən Nəsiminin ustadla qarşılaşması, ruhunun əbədi dünyada nura qovuşmağı və s. səhnələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, “Nəsimi” antreprizası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrının növbəti birgə və uğurlu layihəsidir. Belə ki, bundan əvvəl də nazirliyin dəstəyi ilə teatr Moris Meterlinkin “Göy quş” pyesini peşəkar şəkildə səhnələşdirib.









Redaktorun seçimi