Təyyar Bayramov: “Sami Yusufla bir səhnəni bölüşmək qürurverici idi”

Hit: 704
Təyyar Bayramov: “Sami Yusufla bir səhnəni bölüşmək qürurverici idi”

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında  kompozisiya hazırlayıb.

Faktor.az xəbər verir ki, yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib.

Məşhur müğənninin “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.

Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisuyada muğam hissələrini əməkdar artist Təyyar Bayramov, oğlu Kənan və aşıq Samirə səsləndirib.

Yutube sosial şəbəkəsində yerləşdirilən “Sığmazam” kompozisiyası 16 saat ərzində 100 000-dən çox insan tərəfindən izlənilib.

 “Sığmazam” qəzəlinə üz tutmuş sənətkarları 57 nəfərdən ibarət orkestr və vokalçılar müşayiət edib.

Sami Yusuf kompozisiyanı bir müddət öncə - iyunun sonunda Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib.

Əməkdar artist Təyyar Bayramov “Sığmazam” kompozisiyası təəsüratlarını modern.az saytı ilə bölüşüb.

“Həmin tədbir dövlətimizin sifarişi ilə keçirilirdi. Tədbirdə “Şirvanşahlar”, “Qobustan” və s. adda repertuarlar var idi ki, onlardan biri də “Nəsimi” kompozisiyası idi. Ümumi konsert ərzində həm “Nəsimi”də, həm də digər layihələrdə ifalarım oldu.  “Nəsimi” kompozisiyasını hazırlamağı dövlətimiz Sami Yusufa təklif etmişdi. Konsertdən 2 ay öncə mənə xəbər verdilər ki, Sami Yusuf Kənanın səsini eşidib, bəyənib və onunla birlikdə oxuyacaq”.

Təyyar Bayramov qeyd edib ki, Sami Yusuf Azərbaycana gələndən sonra məşqlər başlayıb:

“Hər gün səhərdən axşama kimi gərgin məşqlər keçdi. Konsert olduqca gözəl və uğurlu alındı. Sami Yusufla bir səhnəni bölüşmək qürurverici və sevindirci haldır. Onu da qeyd edim ki, Mədəniyyət Nazirliyinin əməkdaşları bütün məşqlərdə iştirak edib. Konsert Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçdi”.









Redaktorun seçimi