Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı olub

Hit: 784
Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı olub

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün uğurlarını müzakirə edib, qarşıda duran məsələlər haqqında danışıblar. Teatrın direktoru Naidə İsmayılzadə 91-ci teatr mövsümünün əlamətdar hadisələrindən söz açıb və məzuniyyət müddətində binada görülən işlər haqqında məlumat verib: "Mən hər şeydən öncə bizə etdiyi dəstəyə görə Mədəniyyət nazirliyinə, başda cənab nazir Əbülfəs Qarayev olmaqla, minnətdarlığımı bildirirəm. Ötən mövsüm bir çox uğurlara imza atdıq, 8 yeni tamaşa hazırlandı, hər biri də maraqla qarşılandı. Bu mövsüm də başlayar-başlamaz artıq dörd yeni tamaşanın hazırlıqları gedir. Rejissorların, aktyorların rahat işləməsi üçün hər cür şərait yaratmağa çalışırıq. Məzuniyyət vaxtı teatrda  müəyyən təmir işləri də görülüb. Dövlətin mədəniyyətə qayğısı göz önündədir, biz də bu şəraitdə əlimizdən gələni əsirgəməməliyik. Bu mənada gənclərin işinin stimullaşdırılması da çox mühümdür. Ona görə biz elə mövsümün başlanğıcında, fərqlənən gəncləri mükafatlandırmaq qərarına gəldik. Həmçinin teatrımıza dəstək olan, onu təbliğ edən dostlarımız da diplomlarla təltif ediləcəklər. Bu mövsümün sonunda isə yeni təsis etdiyimiz və nizamnaməsini hazırladığımız adlı mükafatlar - Yusif Vəliyev və Firəngiz Şərifova mükafatları veriləcək".

Daha sonra teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov mükafatların gənclər üçün xüsusi əhəmiyyətini vurğulayıb: "Bu kimi mükafatlar yaradıcı adamları həvəsləndirir, onları yeni maraqlı işlərə sövq edir. Ona görə biz ötən mövsümdə xüsusi fəallığı, zəhmətkeşliyi ilə fərqlənən gənc əməkdaşlarımızın işini bu şəkildə qeyd etmək qərarına gəldik..."

Əməkdaşların mükafatlandırılmasından öncə teatrın mətbuat xidməti Pərvin Nurəliyeva "Ən fəal tamaşaçı" nominasiyasında teatrın daimi tamaşaçısı Sevda Əliyevaya, "Teatrın dostu" nominasiyasında SOCAR şirkəti və Mədəniyyət kanalının nümayəndələrinə diplomları təqdim edib. Mədəniyyət kanalının direktor müavini Riad Quliyev  teatrın uğurlarını hər zaman işıqlandırmağa hazır olduqlarını qeyd edib: "Gənc Tamaşaçılar Teatrı həm uşaqların, həm gənclərin, həm də yaşlı nəslin sevdiyi mədəniyyət ocağıdır. Burda sənətin, teatrın inkişafı adına ciddi işlər görülür, biz də Mədəniyyət kanalı olaraq bu hadisələri işıqlandırmağa, geniş tamaşaçı kütləsinə çatdırmağa hazırıq hər zaman. Bu diploma, teatrın dostu statusuna görə də minnətdarlığımızı bildiririk".

Daha sonra teatrın baş rejissoru Bəhram Osmanov müxtəlif nominasiyalar üzrə diplomları əməkdaşlara təqdim edib.

 

Qeyd edək ki, "Peşəyə sədaqət" nominasiyasında teatrın truppa müdiri Ələsgər Muradxanlı, Ən yaxşı texniki işçi kimi - Zaur Abbasov diploma layiq görülüblər. Həmçinin, Nurlan Xəyyam oğlu Süleymanlı - "Uğurlu debüt", Ramil Şamil oğlu Məmmədov və Mehriban İsmayıl qızı Hüseynova - "İkinci planda uğurlu rol",  Manaf Məcid oğlu Dadaşov - "İlin  ən uğurlu aktyor işi", Anar Qubat oğlu Səfiyev və Anar Ağaverdi oğlu Seyfullayev - "Mövsümün ən fəal aktyоru", Telman Şıxı oğlu Şıxıyev - "Mövsümün uğurlu rəssam işi", Ayla Bəhram qızı Osmanova - "Mövsümün uğurlu eksperimenti" nominasiyalarında təltif ediliblər.









Redaktorun seçimi