DƏDƏ QORQUD NİYƏ SƏNİN DEYİL, AVROPANIN MUZEYLƏRİNDƏN TAPILDI?

Hit: 668
DƏDƏ QORQUD NİYƏ SƏNİN DEYİL, AVROPANIN MUZEYLƏRİNDƏN TAPILDI?

Bizdə Doğunun bədii iştahı, anlayış şəklində  o qədər də dərk olunan deyil. Bu söz dilimizə sadəcə söz şəklində daxil olub. Dilimizdə Doğu nədir, mədəniyyətlər burda necə intişar tapır, hansı özəlliklər daşır deyə bir əsər yox. Xüsusən, nəsrimizdə vurğuladığınız məsələ siz deyən o qədər də iz buraxmış deyil. Biz heç alt qatı qorxu dolu Batı anlayışının da içinə daxil ola bilmədik. Biz Doğudan, Batıdan  daha çox,  üçüncü ADDA-ADIN  altında yazıyla həmhal olmuş millətik. Biz adsızlığımızın altında bunalımlar keçiririk.

 Şeirimizdə Doğu izlərinin dərin dərin, özüllü elementləri  hökm sahibidir. Bu mövzu dışı olduğundan ayrıntılara girmirəm. Azərbaycan Yazısında, bizim mətnlərimizdə zamanı məkana tabe etdirən, Məkan öndərliyinə təslim edən mədəniyyət daşıyıcılarıyıq. Bu nədir?  Bizdə vaxt, zaman məfhumu məkanın içində əriyir. Çünki milli kimlik anlayışımız torpaqla, çoğrafiyayla daha çox bağlıdır. Göylərlə də olan irtibatımız torpaqla gerçəkləşir. Yer adlarımızın, məkan adlarımızın lüğətini çıxarıb, onların anlamının ümumi məna düsturunu oluşdursaq, o qədər dərin və metafizik qatları açığa çıxar ki.

Biz Doğuyla Batının Batıyal Doğunun keçidlərinə çəkilmiş və bu keçiddə başqalarının yorğunluğunu çıxaran, dincini aldıran, uzun zamanını, məsafəsini dincliyə, özgürlüyə, müstəqilliyə yaxınlaşdıran bir məkan mehtəriyik.Çoxlarının özgürlüyü bizdən keçəndir. Bunu min illik poeziyamızda da görə bilərsiniz.

Azərbaycan coğrafi olaraq dünya xəritəsində hansı missiyanı yüklənibsə, (məsələn ipək yolu üzərində olma kimi...) eynən də bu missiya onu Doğulu və Batılı olmağa imkan verməz. Bu anlayışları daha çox kimlərsə bizim üçün “təşkil edib” deyə bilərəm. Bu Doğu-Batı anlayışı bizim gəldiyimiz nəticəmiz, qənaətimiz, bizim varlığımzda həll olunası anlayış əsla deyil. Bu anlayış olduqca uydurma və yanlış təsəvvürlər virusudur. Öz işini də sakitcə görməyindədir. Biz belə düşünə bilərik də, əsərlərimiz içində daha çox nə qədər Batı parametirləri mövcud deyil.Biz Şərq-Qərb deyil, Doğu-Batı anlayışı üzərindən danışmalıyıq. Doğu başlanğıcların stimuludur. Batı sonlandırılmış, yəni doğulanın yenidən doğuluşu, reankarnasiya üzərində gəşt edən bir şüuraxınıdır. Batı olan, batılı olan, batılı toxumu daşıyan, doğmuş, başlanğıc bildiyimizin təkrarən doğuluşa tabe tutulması, başlanğıca sürükləndirilmə metodudur. Doğulu olmaq, batmağı, bəlli bir məsafədən, həddən, zaman və məkan intervalından sonra düz xətt üzrə davam edib sonsuzluğu sahiblənmə karizmasıdır. Doğu deyir ki, dəfələrlə eyni noqtədən təkrarən keçməkdənsə, bir dəfə olaraq bir noqtədən keçib eləcə də, sonsuz noqtələri, sonsuz batı-ları geridə qoymaq salnaməsi yaratmaq lazım, hırsına sahib olmaq lazım. Batı olan bu hırısını təkrarən eyni noqtələrdən keçməklə təmin edir, canından çıxarır. Biz burda məsələmizi aydınlaşdırmaqla, yazılarımızdakı bədii tendesiyaları dəqiq şəkildə yerində oturda bilərik. Nəsrimizdə Doğu hardadır, varmı? Biz Doğunun içinə giririkmi? Sınırlarımız hara kimdir? Çox suallar var.

Mən o qədər də Doğulu olduğumuz qənaətində deyləm. Bu sarıdan da nəsrimizdə Doğunu olduqca məyus edəcək durumdayıq. Ümumiyyətlə, bizim Doğulu olmağımız və olmamğımız nəyin nəsidir, bizə nə verir? Yanlış anlaşılmasın, ədəbiyyatımızın üzərindən sükutla keçdiyi 2015-ci ildə çap olunmuş  MAQ-lar romanımla bu kontekstdə bəzi məsəllərə işıq tutduğumun qənaətindəyəm.

**

Allah deyir ki, yer üzündə yaratdığım bütün canlı  növlər öz türləri üzərində  (türü bir başqa türə calaq olmadan ) inkişaf etməli, artmalı, coxalmalıdır. Hətta hər tür, zaman keçdikcə dəyişimə uğramalı, təzələnməyə (müasirliyə)  məruz qalmalıdır. Ancaq bu dəyişim öz türü üzərindən boy verməlidir. Əks təqdirdə xaos Allahın  işlərinin  yer üzünə  birbaşa müdaxiləsidir və  bu karmaşa,  qiyam, dağıntı, çevriliş mahiyyətində təzahür edər. Sənətdə də növləşmə, (cərəyanlar , akımlar) sənət can daşımadığı üçün, özəlliklə ədəbiyyatın, SÖZün  (İlahi mətnlərə görə, Allah həm də kəlamdır) onun sənət türlərindəki dəyişimi sonsuzdur. Burda, ədəbiyyatda  nə qədər qiyam edərsən, dağıntı yaradarsan, o qədər qurular, forma və şəkil alar. Nizam və ritim işə qarışar. Bir sözlə, spirtual macəra baş alıb gedeər. O sarıdan heç kimin xarakteri cərəyan və fəlsəfi parametrə sığmır. Sən xarakterini yazıda qurtarmaq istəsən, buyur yansıt.

Digər yöndən ədəb anlayışı ədəbiyyatda  yox olur. Sən mətnlərinin üzərində bədii təyinatını düzgüün aparırsansa, öz yaradıcılığını avanqard avatarlığın poetikasında imanlayırsansa, əxalqdansan. Əks təqdirdə, əxlaq sənin düşmənindir.

**

Mənim üçün gerçəklərin ölçüləri başqa boyutlarda cövlan edər. Sizcə bu qədər vurnuxmalara və çabalara dəyərmi?  Məqsədin bir şey verməkdir, qatqıda bulunmaqdır, yoxsa səni kimlərinsə tanımasını istəməyindir. Biz etnos və etnos üzərindən ilahi  kimliyini tanıtmaqdan çox, şəxsi tanıtım üzərindən gedirik. Bu yanlışdır. Millətin dünyanı duyma imkanlarını arxa plana salıb eqomuzu gözə soxmağa ölürük. O başqa məsələdir ki, başqaları buralarda necə əzbərlənir və əzəbərlədilir. Batıda tanınmaq asandır. (Sanki  batı dünya deməkdir bu yerdə) . Burda  ortaq dəyər söz konusudur. Anqlo-sakson saksafoniyası buna derlər. Sən türkdilli toplumlar arasında tanın, bu haqqından istifadə et, gör səni Batı necə yeyir. Sən Orhun -Yeniseyi, Şumerləri, Mu-ları.... (ilk dəfə var olasından xəbər verən)  özün nə vaxt üzə çıxardın ki, ya Dədə Qorqudu öz muzeylərində nə vaxt qorudun ki, sənin də yazarlarına qarşı dünya səmimi olsun. Bütün dünya arxivləri sənin əlyazmalarınla doludur. Hanı səndə olan başqalarının yazıları. Varmı, yox! Mədəniyyət burda özünü göstərir. Mədəni olmayan qəbul edilmir. Hələ də kimlərinsə gözündə vəhşisən sanki. Böyük olmadan, mənimsənilmək mümükün deyil. Sən 300 milyonluq bir qövmün mədəniyyətini göz ardı edəndə, 300 milyonluq bir ulusun dilini yazıda  unudanda ,sənin “Azərbaycan xalqı”,” mədəniyyət”, “ədəbiyyatı” və “Azəri xalqı “deyəndə, sən kimsəyə lazım ola bilməzsən. Bu gedişatda başqasına lazım olmanın ölçüləri yalnız səmimiyyətdir. Bəs o hardadır? Bu qədər imkanları itirən, göz ardı edən yazarın kimlərəsə maraqlı gələcəyinə inanmıram. Camaat bu hesabı məharətlə aparır, sonra harasa yönəlir, vaxt sərf edib mənimsəmə mexanizmini işə salır. Biz (konseptual mədəniyyətin ədəbi-bədii və poetik ehtiyacını qarşılama konusunda) səmimi deyilik. Çünki gözəl düşünürük, ancaq düzgün düşünmürük. Öz mədəniyyətimizi yaradırıq, ancaq onu gəlişdirmirik. Ədəbiyyatda yenilik olmayan, kiflənmiş olan nə varsa onları  təlqin edirik. Şəxs deyil, millət konteksindən buralara yönəldiyin zaman o səmimiyyət qarşılıq tapır. Kimlərisə qarşında görürsən. Bu zaman buyur da o içlər acısı, əsrlərdir özlədiyin dialoqunu başlat. Sənin Dədə Qorqud haqqında bir sitat gətiriləsi bir əsərə müəlliflik edən araşdırmacı alimin, yazarın yoxdur. Qorqutdan danışan sənə aidiyyatı olmyan müəlliflərdən sitat çəkir. (Bunlar çox önəmli məsəllır) Sən Qorqudu dünyaya təqdim et, o sənə öz övliyalığı ilə bir yol açar. Müsəlmanam deyirsən, İslamla bağlı bir sanballı yazın yox ortalıqda. Qorqudun, Quranın, Məhəmmədin sənin yazar zehniyyətindən doğaraq dünyaya maraqlı gəlməyincə, burda başqalarının səni səmimi bulmadıqca, onlara Füzuli də, Sabir də dınqıltı görünəcək.

 Camatın əsərlərini Bibliya önə düşüb təbliq elədi.Baxdılar ki, bunlar, Batılılar Bibliyanı oxuyub anlayır və özlərini də o İlahi sənətə adapdə edə biliblər. (Yazı hər şeyi ələ verir) Biz isə, Quranı göz ardı edib Bibliya ilə getmək istəyirik sənətdə gedəcəyimiz yerlərə. (Azərbaycanda sistematik olaraq 70-80 ildir bir müsəlman yazısı, bir müsəlman yazarı yoxdur. Bütün mətnlər xristian struktualisliyinin köləliyinə sığınıb.)  Mənim anladığım, sənətdə səmimi olmadınsa, başqalarının sənə qarşı aşağılama kopleksi işə düşəcək. Ədəbi və mədəni realitə bunu tələb edir. Yoxsa kiminsə küçə söyüşlərini qafiyələndirməklə dünya ədəbiyyatına çıxmaq kimi söhbətərə dalmaq gülüncdür.

Xanəmir Telmanoğlu









Redaktorun seçimi