SİRRİ FAŞ OLAN ADAM - Səsin Alimi

Hit: 680
SİRRİ FAŞ OLAN ADAM - Səsin Alimi

Kasıb bir mühitin içi-dışı zəngin bir uşağıdır. Səsinin heç fərqində deyil. Heç özü də bilmir səsi onu haralara, hansı diyarlara, ürəklərə, aləmlərə çəkib aparacaq. Ailəsi kasıbdır, Allahın verdiyi uşaqlığı, hələ kimsələri yerindən qımıldatmayan səsi ki kasıb deyildi.

Alim səsdir. Bəlkə də bütün mədəni səslərin sintezindəki faniliyin cəmidir alim. Onun adını hardasa, nə vaxtsa səs, səs, səs deyə çağırsalar, dönüb cavab verəcəyi inancındayam. Elədir alim səsdir. Alim səsdir alim səsdir, səs. Bu göy qübbəsinin altında səs olmaq rəng, söz, naxış, əlifba olmaqdan betərdir, qafil. Kiminsə xatirinə oxuduğu olmaz. O, məhz bu dünyada oxuya bildiyi üçün, oxumağın gərəkliliyini hiss etdiyi üçün  oxuyur.

Kimlərəsə elə gəlir, alim muğamı kökündən qoparıb aparır, daha doğrusu, kökündən ayırır. Onun illərdir apardığı eksperimentlər, elədiyi sənət namlı yeniliklər gəlib muğamın köklərinə dayananda, muğamlarımızın qədim-qayımlığı az qalır desin ki, bağışlayın, biz dünənki uşağıq. Budaq da, kövdə də bizik. Kök elə sənsən ki varsan, Alim Qasımov.

Onun oxusu haqqında xeyli fərqli fikirlər izhar ediblər. Birini də biz təkrar edək, xeyirli olsun:əksər deyənlər doğru deyir ki, ustadın oxusu oxu deyil, zikirdir, meditasiyadır. Ona varmaqda ən incə, ən həssas, ən munis, ən kəsdirmə yoldur. Ancaq bilməyənlər bu yolun əzabını da heç bilməzlər ki  bilməzlər.

Ona sənətin bütün yenilikləri yaraşır. Indi təsəvvür edin ki, alim Füzulidən, Nəsimidən, Seyyiddən bir qəzəl deyil, Dədəm Qorqud dastanlarındakı sərbəst şeir parçalarından nələrisə səsinə salır. Dədəm Qorqud dirilib gəlməzmi onun səsinin iksirindən.Getdikcə adam oğlu adam dərk edir ki, o iksirin  varlıq qutu dirilişə, zühura meyilli oduğundan,bəzən  günaha girməmək üçün, ustad səsinin ona gətirəcəyi vəsvəsədən, həzzin ekstazından qorxub çox da dərinə getmir. Amma o istəsə səsiylə muğamın dolanbaclarında, qayalıqlarında, çöllüklərində  məsihliyini boynuna da alar.

O təkcə oxumur. O təkcə öz səsiylə camaata divan tutmur. Ona baxıb oxuyanlar, ona baxıb tələbəsi olanlar, ona baxıb tələbəliyinə qəbul olanlar da, ustadlarının qəddarlığından betər zülümlə məşğul olurlar. Bunlarınkı deyəsən elə insanlara divan tutmaqdır, qafil.

Olduqca açıq fikirlidir. İnanmırsınızsa,  səsinə fikir verin. Səsində də açıqlıq: -  gülün açılışı, çiçəyin açılışı, zambağın pardaqlanması, suyun ləpələnib gözlərini açması varoğlu vardır. Yetər ki, ”onun yeniliyini bəyənmirəm”  deyənlər, onunla üz-üzə oturub ciddi arqumentlər gətirələr. O da ürəkdən bir iç çəkiminə varıb, bir oxqaaaayyy-deyə bilə. YOXSA BU  bu olmadı ki, qafil. Bu yaxşı, bu pisdir deməklə, alimin kefinə, sənət əhvalına da soğan doğramaq asan məsələ deyil.

Çoxları musiqini əyləncə kimi anladı və anlatı. Ancaq musiqinin kosmik başlanğıcla təması, onun cana, ruha verdiyi impulslar, gerçəkdən adama deyir ki, budur məqam, budur imkan, qalx da, əxlaqlı ol, mədəniyyətini nümayiş elətdir, ərdəmini göstər, yenilməzliyindən, azadlığından dəm vur.

Səsi onu satır. Onun səsi onun bütün gizlinlərini üzə çıxarır, xalqa car çəkir. Onun daha bundan sonra sirli qalması üçün gərək, oxumasın. Alim də oxumadısa, vay bizim halımıza. Onun səsi deyir ki, Alim bərk  darıxır. Bir yerdə durmur, səsiylə aləmləri dolaşıb dönür. O dəqiq bilir ki, dünya duracaq yer deyil ey can səfər eylə.... misrasının təşnəsi gətirdiyi ənginlik, üstəlik səslə izdivaca girəndə, gəl gör də, bu yeni qalanan ocaq, qoyulan “təməl” sənin kimliyinin hansı üzündən xəbərlər verəcək, qafil...

O,  muğam oxumur. O,  dua edir. O, dua edir yaradılışa. Ən zərrəsindən ən nəhənginə, ən uzağından ən yaxınına, ən damlasından ən okeanına, ən qarışqasından ən filinə.... dua edir ki, Yaradan, Uca olan, Böyük Güc sahibi unudulmasın. Çünki bizim hamımızın min oyunu bir Onunla, elə BİR olanladı.

Uzaqdan yaxından səsinin sehrinə düşüb cazibəsinə qapılanlar ondan öyrəndiklərini heç kimdən heç yandan öyrənməyiblər. Qızı da tələbəsidir. O da onun canından ayrılıb özgə bir canla indi aləmləri yandırıb yaxır səsiylə, ritmiylə, avazıyla, qafl.

Durub gözləyir. Səsinə heç əziyət edən, basqı göstərən kişi deyil. Səsinin qulu, sənətinin ağasıdır-bəlkə də sözünün ağasıdır ALim Qasımov. Gözləyir ki, aləmləri varlığında cilvələndirən, aləmlərə  toy tutan səsindəki haləti-ruhiyə yenidən öz yerində, Alimin ürəyincə olan bir yerdə lövbər salsın. Ondan sonrası, Alimlikdir. Özü bilir, səsiylə hansı sövdələşmələrdən, sevdalardan keçəcəklər.

Güclü  inanc sahibidir. Səsi də bizi ONA yönəldir. Səsindəki oxular da, sözlər də ORA yönəlikdir. O gözəl dərk edi, heç nə bizlik deyil. Necə, hansı, nə cür yeniliyimiz, varımız, mülkümüz varsa, hamısı ONUNDUR. Bizə qalan sadəcə bu göy qübbəsi altında həzin bir xatirə, hüzün dolu sevda, ayrılıqlar, hicranlar, təşnə könüllərdir...buna da min şükür. Bu şükür sözünü də onun səsini eşitdikcə daha rahat, daha dərindən və içdən hayqırmağı bacarırsan..

O inanır ki, burda çəkdiyimiz əzab-əziyyətərimiz, əməyimiz boşuna gedəsi deyil. Eləcə də səs. eləcə də səsimiz.. eləcə də iman dolu, ayrılıqlar, hicranlar, təşnəliklər gətirən onun dolub daşan səsi...elə ORADA da köməyimizə yetəcək, dadımıza çatacaq...

Xanəmir Telmanoğlu

 









Redaktorun seçimi