“Külək – Bozqurdun Sirri” təqdim olundu

Hit: 769
“Külək – Bozqurdun Sirri” təqdim olundu

26 iyul 2019-cu il tarixdə, saat 19:00-da Dövlət Bayraq Meydanı ərazisində yerləşən XX-XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində gənc yazar, ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərovanın “Külək – Bozqurdun Sirri” adlı kitabının təqdimatı keçirildi. Kitab Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq superqəhrəmanlar mövzusuna yer verən “Külək” trilogiyasının sayca ikinci kitabıdır. Trilogiyanın ilk kitabı olan “Külək- Yel Kürəsinin Şahzadəsi” 2018-ci ilin bestselleri olmuşdu. Tədbir ASAN Könüllülük Məktəbi, Azərbaycan Gənclər Fondu, YARAT Müasir İncəsənət Məkanı, “Məktəblinin dostu” layihəsi və “Külək” layihəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev, millət vəkili Qənirə Paşayeva, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Azərbaycan Gənclər Fondunun, YARAT Müasir İncəsənət Məkanının, Məktəblinin dostu layihəsinin rəsmiləri, TEAS PRESS Nəşriyyat Evinin nümayəndəsi və bir sıra başqa qonaqlar çıxış ediblər. Sonra müəllif Xülya Cəfərova ürək sözlərini bölüşüb. Ardınca, tədbirin bədii hissəsinə keçid edilib. Sonda müəllifin imzalama mərasimi baş tutub və qonaqlara kitab hədiyyə edilib. “Külək” Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanları özündə ehtiva edən fentezi romanlar seriyasıdır. Seriyanın ikinci kitabı olan “Külək – Bozqurdun Sirri”ndə ötən kitabdakı hadisələrin davamı öz əksini tapıb. Kitab fantastika janrında olsa da, elmi, texnoloji yeniliklərə, tarixi faktlarla bağlı məlumatlara yer verməsi onu gənclərin intellektual inkişafına yardım edən faydalı bir vəsaitə çevirir. Burada süjet boyu daha ön planda olan Külək, Bozqurd, İnci və Qaya, habelə İşıq, Gülnur, Gülcan, Azər Alpan, keşikçi Səlcuq və Alban, şaman, Simurq quşu, qanadlı Qarabağ atı kimi personajlara yer verilib. Onların timsalında xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, türk dünyasının ortaq dəyərləri, şanlı tarixi təbliğ olunur, həmçinin birlik, bərabərlik, insan gücünün hüdudsuzluğu kimi anlayışlar oxuculara ötürülür.

“Külək – Bozqurdun Sirri” əsrarəngiz abu-havası, qeyri-adi üslubu və gözlənilməz girişi ilə oxucunu ilk səhifələrdən ovsunlayır.









Redaktorun seçimi