Bakı Uşaq Teatrı mövsümə yekun vurub

Hit: 388
Bakı Uşaq Teatrı mövsümə yekun vurub
Növbəti mövsümə qədər sevimli tamaşaçıları ilə səhnə sovqatlı sağollaşan sənət ocaqlarından biri də Bakı Uşaq Teatrı oldu. İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda mövsümə yekun vurub.
  AZƏRTAC xəbər verir ki, ATXİ-nin tamaşa salonunu dolduran müxtəlif yaş qrupundan olan tamaşaçılar qarşısına çıxan teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun keçən mövsümə qısa nəzər salıb. Müxtəlif idarə və müəssisələr, nazirlik və təşkilatlarla reallaşdırdıqları birgə uğurlu layihələrdən, maarifləndirici aksiyalardan, qastrol səfərlərindən bəhs edib. Direktor "Bütün Azərbaycanı səhnə bilirik” ifadəsini qüvvətləndirmək üçün fərqli rayonlarda tamaşaçılar qarşısında etdikləri çıxışlardan, onların teatra sevgi və marağından da danışıb.
Tamaşanın maarifləndirici missiyasına xüsusi önəm verdiklərini deyən Əməkdar artist uşaq, yeniyetmə və gəncliyin sağlamlığı və əmin addımlarla gələcəyə irəliləməsi üçün teatr olaraq təbliğat maşını funksiyasını yerinə yetirməyə çalışdıqlarını dilə gətirib.
  Yeni mövsüm vədlərinin ardınca isə il ərzində yaradıcı fəaliyyəti ilə seçilən, eləcə də teatra dəstək olan, onun təbliğatı işini quran bir neçə şəxsə təsis etdikləri "Gümüş körpə” mükafatı verilib.
  Mükafatçılar arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da var idi. O, təltifə görə teatrın kollektivinə minnətdarlığını bildirib, yeni yaradıcılıq uğurları arzulayıb.
  Teatrın əməkdaşları arasında keçirilən sorğuya əsasən müəyyənləşən digər mükafatçılar teatrşünas və media mənsubları idi.
  Daha sonra balaca tamaşaçıların rəy sorğusuna görə, teatrın əməkdaşları Şahbuz Quliyev, Zəminə Allahverdiyeva, Leyla Hüseynova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Qasımov, Mehman Piriyev, Ədalət Ağaverdizadə, Günay Pirizadə, Emin Balayev və digərləri mükafatlandırılıb.
  Sonda tamaşaçılar müasir dövrün qlobal problemlərindən olan insan alverinin fəsadlarına həsr olunan "Günahsız günahkarlar” tamaşasına baxıblar.
  Böyüklər üçün nəzərdə tutulan tamaşanın səhnələşdirəni Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
  Tamaşa gənclər arasında yayılmış "mafiya” oyunu üzərində qurulub. Gənclər bu oyun sayəsində özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? "Günahsız günahkarlar" tamaşası bu suallara cavab üzərində qurulub. Özlüyündə bir sıra ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılanıb.
 

 









Redaktorun seçimi