B hərfinin A-dan sonra gəlməsi heç bir məntiqə sığmır

Hit: 2601
B hərfinin A-dan sonra gəlməsi heç bir məntiqə sığmır

15 il öncə yazdığım, 2010-ci ildə yayımladığım  “A MƏDƏNİYYƏTİNİN A DİLİ LÜĞƏTİ” eksperiment mətnlərə dayanaraq yazdığım kitabı necə istismar etdiklərini gördüm. Bir tərəfədən xoşuma gəldi ki, nə olmalıdır, biri yazar, yüzü dolanar, bəzənər, süslənər, üzə çıxar. Digər tərəfdən yer elədi ki, bu çirkinliyi edənlər insanlıqdan, şəxsiyyətdən yoxsul biriləridir. Bunlar həmişə ordan-burdan çıpışdırdıqlarını öz əsərləri kimi cəmiyyətə sırıyıblar, sırımaqda da davam edəcəklər. Kimlərəsə vaxt itirən deyiləm. Ən yaxşısı bir parça təqdim edirəm.

 

Dilin Bərpası

 Dilimizdə - əlifbamızda  işlənən 32 səsin, 32 hərfin  olması  şərti bir  məsələdir.

Dilimizdə, ümumiyyətlə heç bir dildə 28, 31, 32 səs ola bilməz. Bu sayda səs olmasa da, ancaq bu sayda  hərf ola bilər.

Ümumiyyətlə, dünya  xalqlarının, millətlərinin  ortalama yazı səsi, əlifba hərfi 20 ilə 32-56 arasında  olur. Ortaq məxrəc isə 32 səs, hərf  ola bilər.

Hər iki hərfin, səsin arasında bir deyil, bir neçə səs, hərf  mövcuddur.

Bir səsin yanında, bir hərfin yanında onun qohumu olan 10-dan çox səs çıxarmaq mümkündür. Hərfi isə  yazmaq, o hərfi çizmək o qədər də, asan deyil.

İstənilən hərfin bir-biriylə qohumluğu qaçınılmazdır. Ancaq bu mövcud hərflərin qohumluğu bir-birindən çox uzaqdır. O qohumluğu bir-birinə bağlayan isə 10-larla səsdirsə, yaza, tuta bilmədiyimiz hərflərdir. Bunlar hamısı öz yerində.

İndi isə gələk hərflərin hər birinin özünə. Dilimizdəki  hər hərfin, hər səsin açımı hər millətin, xalqın dilində, səsində, əlifbasında olduğu kimi açıma sahibdir. Hər səsin, hər hərfin bir mətnə, bir açılıma sahibliyi var.

Məsələn, a səsi, hərfi nə deməkdir? Nəyə görə bütün dillərdə a səsi, A hərfi başda, birinci gəlir.

Bütün bunların ola bilməz ki, səbəbi olmasın.

Mənə elə gəlir, dilimizdəki, əlifbamızdakı hər hərfin, səsin mənası, açımı birbaşa təbii, nə qədər metafizik anlam kəsb etsə də, ikinci anlamı insan bədəni ilə bağlıdır.

Dilimizdəki bütün səslərlə hərflərin  geniş şəkildə həm metafizik, həm də materialist  şəkildə anlamları, açıqlamaları yazılacaq.

1.  A – əksər dillərin yazısında, əlifbasında A hərfi ilk sırada gəlir.

Azərbaycan türkcəsində, bütün türk boylarının ləhcələrində  istifadə edilən əlifbalarda A səsi, A hərfi yenə də ilk sırada gəlir. Türk dillərinin dışında digər dillərin də əlifbalarında  a səsi, hərfi ilk sırada yer alır. Bu ilk sıralığın, öndə gəlmənin dillərə, mədəniyyətlərə görə fərqli səbəbləri mövcuddur. Ən əsası da bu səsin, hərfin əlifbaların başında gəlməyinin  əsas səbəbi  ilahi düşüncənin, metafizik mədəniyyətin başlanğıc nöqtəsindən qopan dalğanın dünya efirində səsə çevrilməsiylə bağlıdır. İlkin enerji axını efir dalğasında səsə dönüşərkən,  sıralanma olaraq A şəklində peyda olur.  Bizim düşüncəmizin A şəklində təfəkkürümüz, inancımız, şüuraltımız gedib  bu hərfin  varlığına dirənir, dönüşür. Bu hərflə şüuraltımızda, təfəkkürümüzdə həm metafizik, həm fizik şəklində Allah, Aşq sözünə, Ana, Ata sözünə açılır. A səsindən minlərlə səs törəyir. A səsinin energetikası minlərlə səsə yaranış verir, başlanğıcın hərəkətverici gücü şəklində təzahür edərək bir dalğadan on dalğa yaranır, bir dalğanı on dalğaya vurmaqla  bizim anlayış, məna dünyamızın tutumu boyunca özündə  təzahürat yaradır, şəkillənmə imkanını ortaya qoyur. Əks təqdirdə kainatın oluşum, var olma davamiyyətində böyük pozuntular bizi qiyamətə yaxınlaşdırıb, dağıntıları, xarabalıqları Şərin ixtiyarına verə bilər. A hərfi, əsasən ilkin olaraq səs kimi qəbul olunur.  Bu qəbul oluşum məsələsi  Qudsal kitabımız Qurani-Kərimə də dayanır, özünə burdan məntiqi dayaq bulur. Səs elmə, bilgiyə, mədəniyyətə, oxumağa dayandığından, biz A səsini başlanğıc kimi götürüb ( ayətdə deyilir: “yaradan Rəbbinin  adıyla oxu!” burdakı oxu hər iki  halda səslə ilgili, yazıyla bağlantılıdır) İbn Xəldunun  “Müqəddimə” əsərinə əsaslansaq,  səsin bir iqlimdə hansı məna, əhəmiyyət kəsb etdiyini, ümumiyyətlə, səsin mahiyyəti barədə ayrıntılı, olğun düşüncəyə sahib ola bilərik. Ibn Xəldunu oxuyan adam niyə birinin türk, ingilis, rus, ərəb, fransız olduğunu, niyə bu dildə danışdığını anlamış olur. Hətta inəyin mələməsini, xoruzun banlamasını, atın kişnəməsini belə rahat, dəqiq şəkildə inanaraq başa düşür. Hətta mədəniyyətlərin formalaşmasında, millətlərin tarix içində bəlli qədəmələrdən keçməyinin özəlliyini də iqlimlə, təbiətlə bağlayır, bunlara geniş izah edir, qaranlıqlara işıq salmağı bacarır.  Mədəniyyətlərin kökündə isə əlifbasız heç bir mahiyyət, təzahürat görə bilməzsiniz.

Biz yaradılışı, kainatı, onların fonunda mənalar dünyasını səslərlə ölçməli olsaq, bu ölçülər müəyyən hərflərdən ibarət olacaq.

Bu ölçü, deyəlim, 32 məqamdan, nöqrtədən keçməli olsa, hər nöqtə bir səs qaynağı  kimi ortaya çıxacaq. Bu səs qaynağının başında A səsi gələcək. Getdikcə bütün səslərin yanında A səsini, A səsinin müxtəlif yönümlü öl-çü¬lərini, məqamlarını, sonra isə mənaya, hikmətə dönüşünü izləyəcəyik. Bu dönüşümdə  A hərfi bütün səslərin  energetik mərkəzlərindən keçərək saysız yazılmamış səslərin də doğuşunu yaradıb, həm də o səslərin yanında qoruyuculuq missiyasına, fərqlilik, yeni anlamlar, mənalar, işarətlər baxımından   imkanlar açacaqdır.

İmkanlar axırda A səsini mərkəzi səsə gətirir.

A səsinin mərkəzi səs rolu hər bir səs məkanının energetik nöqtəsinə, məqamına yetişdiyində, növbəti bir başlanğıc, növbəti bir qığılcım, alov, atəş yaradır.

A səsinin hərfə dönüşməsi, müəyyən xətlərin birləşimindən alışdığımız, hər kəsin bildiyi, məsələn, elə latın, rus qrafikasındakı  yazılış tərzi latın, rus dünyagörüşündə deyək, məhz bu formada, görüntüdə təfəkkürümüzdə qazılır. Bu şəkildə səs hardasa məna, işarət, hikmət olaraq maddiləşir, donur. Səslər qulağımızdan keçib beyin yarımkürəmizdən hüceyrələrimizə işləyərək, hüçeyrələrimizdən atomlara, molekullara kimi yön alaraq İlahi səriştəimizin imkanları hesabına gözümüzdə işıq şüası kimi sınıb geri qayıdır. Geri qayıdaraq dəydiyi aralıqda, gözümüzün aynasında  bildiyimiz işarələrə girir. Bildiyimiz işarələrdə həm hərəkət halında, həm də sükut halında yaşayır, dayanır. Mən elə anlayıram ki, bu xətlərdən oluşan, işarət formasını alan səslər, bu dünyada müvəqqəti olaraq  hərəkətli sabitlik, (səhv eşitmədiniz, məhz belə!!!) sükut rolundan çıxıb nə vaxtsa cildindən, görüntüsündən ayrılıb  qəribə bir sonsuz uzantılara da ayaq açacaq. Bunun isə mədəniyyətin, sivilizasiyanın hansısa aşamasında, dönəmində baş verəcəyinə  inanıram.

A səsi bir səs deyildir. Bizim mənalar dünyamıza, dil olaraq alqıladığımız  nəsnənin ərazisinə bir işarə şəklində kimliyini təqdim etsə də, minlərlə, milyonlarla açılım, gedişat, çıxış imkanı təqdim edərək, özümüzün  var olma səbəblərini, suallarını, hətta varlıq təsdiqimizin başlanğıcı, ortası, sonu kimi də qəribə, dərkli - dərksiz missiyasını  yerinə yetirir.

A bir mətndir. Bu mətnin sonsuzluğu ona yanaşma, ona dalma, ondan çıxış məqamımız, giriş-çıxış yerlərimiz tutumunda Allaha, İlahi sonsuzluğa aparan  yolların təməlində silinməz izdir. Görünür bu izi müxtəlif millətlər, müxtəlif mədəniyyətlər, dillər, yazılar, dünyagörüşlər oxşar və fərqli çizgilərlə yaddaşlarından itirməməlidir. Əks təqdirdə,  Xeyirin təzahürü üzə çıxa bilməz. Onun əbədi qullarıyıq  əlifba, yazı adıyla.

 A səsi  birbaşa açılışdır, başlanğıcın açılışı.

2. B – bu səs  qəbul elədiyimiz əlifbada ikincı sırada gəlir.  Qoy gəlsin. A-dan sonra B-nin gəlməsi hansı məntiqə, hansı düstura, qaydaya əsaslanır? Düzdür, bu sual çətin sualdır? Ümumiyyətlə, belə sualın cavabı olmur. Amma olmuyan yerdə belə sualın konkret cavabı da mümkün deyil. Qalır əlac ona, hər kəsin insafı, yəni hər kəsin öz istedadı, qabiliyyəti müqabilində cavablanır, qafil.

B  səsinin  A səsindən sonra gəlməsi, həm də B hərfinin A hərfindən sonra gəlməsi bəlkə də heç bir məntiqə sığmır. Digər tərəfdən mənim anlayışıma görə, Azərbaycan türkcəsində ilk səs  A deyil,  T səsidir. Çünki dilimizdə hər şeyin sahibi Allah olduğundan, dilimizdə Allahın qarşılığı da Tanrı olduğundan, ilk səsimiz, hərfimiz elə T səsi, T hərfi olmaq zorundadı. T səsinin  bir samit olaraq A səsiylə nə qədər bağlantısı, nə qədər yaxınlığı ola bilər? Bu da yenə çətin sualdır.

Qaldı da ikinci hərfə, məncə,  ikinci hərf A hərfiydi. Həm Ana, Ata adının ilk hərfləri, həm də Tanrı adının ikinci hərfi olaraq qəbul eləmək məqbuldur. B hərfi, səsi ikinci  səs kimi, ikinci səs dalğamızda  məqam, nöqtə gücüylə zühur edir.

Bu səsin  həm də məna, hikmət dünyamızın ikinci məkanını ifadə edir, bu ünvanı daşıyır.

B səsi hərfləşərək, eynən a səsinin hərfləşdiyi yolu keçir. Sadəcə başlanğıc olan səslə sonrakı səslərin müxtəlif missiyası, xarakterik xüsusiyyətinin fərqli  gedişatı, mənalar, hikmətlər dünyasına fərqli  qoşulma üsulları olduğu da məlum.

Demək ikinci hərfimiz B olsa da, əslində ikinci hərfimiz, səsimiz A olmalıydı. Bəs olmaması necə? Olmamasının  bilinməyən 10-larla  mənfi, dağıdıcı yöntəmləri  olur. Özü də illərcə, əsrlərcə bu yanlışlıqlar sürüb getdiyi halda artıq ilahi nizama tərs gəlməyən başlanğıcdakı səslə bağlı, hərflə, əlifbayla,  yazıyla  bağlı ümumi səhvlərin kristallaşması zaman-zaman ortaya çıxacaq.

Demək, əslində ikinci hərfimiz B olsa da, əsl səsimiz, hərfimiz A-dır. Tanrı sözündəki hərflərin sıralanması səbəbi ilə.

Digər yöndən bu yanlışlığın dışında formalaşan yanlışlıq səbəbindən ortaya çıxan, dünya dərkimizi üzdən aparan bir zehniyyət  doğulur. Bizim, əslində heç kim, heç bir xalqın bu səhvləri təkrarlamağa haqqı yoxdur. Anlamaq lazımdır ki,  səslə, əlifbayla bağlı məsələ birbaşa kosmik-kosmoqonik- metafizik, ruhani bir qatı, mayası olan məsələdir. B səsi, hərfi sırf kosmik bir mətndir. O işarə olduğu dərəcədə, oxunulan bir yazıdır, açılımdır. Bizlər bu mətnlərlə dünyayla təmas, aləmlərlə, içimizlə, təfəkkürümüzlə rabitə qururuq.   

 B, yaxud a deyək, bu səslər kosmik məkanda dalğalardan dayaq nöqtəsi yaradaraq  mədəniyyətin oluşması naminə, digər bir səs qaynağına ulaşması üçün səfərbər olunaraq yardımçılığını əsirgəmir. 

B səsi ilk duraq, yaxınlaşdığın duraq, dayanacaq nöqtəsidir.         

3. D - bu səs, hərf əlifbamızda üçüncü səsdir. Bu hərf də digər hərflərimiz kimi eyni missiyanı yüklənmişdi. Eyni rolu oynamış, eyni yükü, fərqli  çəkini mədəniyyətə transfer eləmiş, mədəniyyətə çəkib gətirmişdi.

Tantı- tenqri adını bəlli səbəblərlə nümunə aldıqdan son¬ra, üçüncü hərf  D deyil, N səsi, hərfi olmalıydı. Bunları bir yana buraxaraq konkret işə davam edək.

B səsi  məna, hikmət dünyamızın şəkillənməsində 3-cü energetik səs dalğasının funksiyasını yerinə yetirir.

D səs, hərfi  bir mətn  missiyası ilə, dünyanı, varlığı anlamaq yolundakı çabamızın başlanğıcında durur.

D səsi bir mətn olaraq A-dan B-yə, B-dən  özünə gəlişi bir ilahi nizamın tərkib hissəsi bilir. Bu ilahi nizamçılığın tərkib hissəçilik  şansını  kullanan  D hərfi, öncə səs olaraq özündən sonrakı səsin energetik dayaqlarına, nöqtələrinə  yol açır. Bu keçidlərsiz məsələ həll olunmaz, digər aləmlərin də  dərk olunması zorlaşar. Ən böyük səslər dünya tarixində 4 böyük, dini kitablarla gerçəkləşib. Ən böyük səs dalğası bu kainatda Qurani-Kərimdir. Qurani-Kərimin özü də  bir səsdir, bir hərfdir. Sadəcə həm də şifrəsi açılmış, işarəsi oxunmuş. Şifrəsi, işarəsi qapalı bir səs. Bu səslərin hərflərin nə qədər qapalı və açıq  olmasından asılı olmayaraq, hər iki variantda olduğu kimi varlığa müdaxilə edə bilməsidir.

D səsi nöqtəsini, yaxınlaşdığın nöqtənin üzərində durub  iki pəncənin arasına baxışdır, qafil.

4. Q – bu hərf də kosmik dalğada 4-cü səs, hərfdir.

Bu hərf də Tanrı-tenqri adındakı hərflərin ardıcıllığı nəzərə alınaraq  Q hərfiylə üst-üstə düşür.

Q hərfi də bir mətndir.

Q səsi  durduğun nöqtədən  başlayacağın hərəkətdə gəldiyin tamamlanmamış məsafədən xəttin üzərində qısa zaman kəsimində xəttə ağırlıq salaraq sürüşmək, ağırlığı xəttin üzərinə salaraq, sürətdə dəyişimi sağlamaqdır.

5. Ü –  Q hərfindən sonra Ü hərfi gəlirsə, bu həm də Ü hərfinin Q-dən doğuluşu kimi anlaşılır.

Ü səsi daralan məsafədə xətt üzərindəki ağırlığın sürətindəki təzyiqi oyatmaqdır. Çün qarşıda saysız-hesabsız keçiləsi səs mərkəzləri durub.

 Ü hərfi isə müxtəlif  xalqların əlifbasında fərqli cizgilər görüntülədiyindən, fərqli də məna, işarə  sərgiləyir.

Latın qrafikasında  Ü hərfi insan çənəsinin irəliyə doğru uzantısındakı yuxarı meyillənmədir.

Bütün hərflər insanın orqanlarıyla, bütün səslər  insanın İlahiyə indeksləşmiş məna, hikmət dünyasıyla əlaqəli bir  şeydir - varlıq təcəssümüdür.

6. E - bu səs də dəhşətli şəkildə yolun davamına təkan verir.

E  hərfi də insan orqanıyla  latın qrafikasında   işarət olaraq məncə insanın göz, yaxud sinə hissəsini ifadə edir.

7. R – bu səs kosmik dalğada  hansı xalqın hansı əlifba şifrəsindən asılı olmayaraq başqa səslər kimi özünə xas missiyanı yüklənərək  özünə qədər sıralanan səslərin çevrəsinə dönmək imkanı əldə edir.

R səsi bir hər səs kimi insan orqanizmindəki  hansısa dönüş nöqtəsini təmsil edir.

İnsan orqanizmi 28-dən 32-yə qədər ölçüdə müəyyən kosmik bölgülərə ayrılır. Bu hərf 7-ci yerdə 7-ci ölçü şəklində təzahür edir.

8. T – səsi bir çox əlifbalarda A hərfi kimi ortaqlıq təşkil edir. Bu səs metafizik dalğada kosmik nöqtəni insan orqanizmindəki müəyyən - 8-ci ölçüyə daşıyır.

T səsi tanrı sözünün başında gəlir.

T səsi başlanğıc səslərdən biridir.

T səsi milli mədəniyyətlərə, iqlimlərə uyğun gələrək öz sırasını müəyyən edir. T səsi bir mətndir.

T səsi bir hərf kimi tanrının yerdəki insan oğlunun görüntüsü, şəklidir. Bu hərf sonrakı aşamalarda xaç işarəsinə qədər yol keçəcək.

9. Y – bu səs də mətndir. Konkret açılımları var.

Kosmik dalğa olaraq 9-cu nöqtədə aşağıdan yuxarıya yönəlişi təmin edir.

 Y səsi  bu dünyaya gəlmiş mənanın yenidən geriyə dönüşündə bəlli bir məsafədən sonra yuxarıda  yolların haçalanmasıdır. Bu səsdə, bu hərfdə insanın mənasının, hikmətinin  əməllərinə, xeyirli, şərli olmasından asılı olaraq sağa, sola yönəlişi üzə çıxır. Sağla sol arasındakı haçalanmadakı boşluq  neytrallıq  üzərində özünü qoruyur.

 10. U – bu səsin mahiyyəti də maraqlıdır. Bu hərfin görüntüsü mahiyyətdə insanın bütün yönəlişini istiqamət olaraq bəlli edir.

U səsinin mahiyyət, hikmət baxımından kosmik dalğa şəklində öz nöqtəsində geriyə yolu qalmır. Yalnız başqa səslərdən fərqi irəliyə bağlı olmasıdır. Səs yaddaşında geri səriştəsi silinmişdir.

11. İ – bu səsin kosmik dalğada yerləşdiyi məqam sağdan-soldan qurtularaq sadəcə öz içində hərəkət yarada bilməsidir. I səsi bir mətndir. Konkret açılımı yer üzündə insanın tək olmaması, hətta ağacla olan irtibatı, bir zamanlar ağaca inamının təzahürüdür.

12. O – bu səs  A səsinin bəlli hərəkətdən sonra başlanğıcı başlanğıcda həll eləməsiylə bağlıdır.

O səsi hərf olaraq insanın bütün bədən sisteminin kosmoqonik cizgisidir. Bədən çevrəsindəki aurasının mahiyyətindən doğulub.  O səsi həm yazılışca, hərf, işarə kimi, həm də səs olaraq fərqli məqam daşıyır. İnsanın şüuraltında yapılan, fərqində olmadığımız metafizik ayinlərdə aparıcı rol oynayır. Bu səs nəticəsində sözlərimiz, dilimiz mədəniyyətdə nizam yaradır, balans sağlayır, ardıcıllıq nəzəriyyəsini kosmik sferadan fiziksəl ölçülərə qədər gətirə bilir.

O səsi  heç bir səsdən geridə qalmır, ən güclü, magik güc nümayiş elətdirir.

13. P –səsi   kosmik anlayışın təzahürü kimi özəl ecaz sərgilər.

Bu səs sükut sonrası içəridə olan  bütün gücün dışarı, başqa bir ölçüyə, aləmə keçididir. Insan orqanizmində isə  nəfəs axıra kimi boşalıb ağız boşluğundan qurtulunca, yenidən alınan nəfəsdə sürət tempi sinəni genişlədir. Sağ, sol mə¬ləklərin, yüklərin ayaqlarının altına çiyinlərimiz bu hər¬fin səyi nəticəsində çatır. Bu hərfin sayəsində mələklərin, yüklərin ayağı da sağ-sol çiyinlərimizə toxunur. Beləcə,  kənar aləmlə, mənayla, hikmətlə, anlayışlarla bağlılığımız başlayır.

14. Ö – bu səs insan oğlunun yer üzündəki qadını təsdiq edişiylə üzə çıxır. 

Bu səsin uzandığı yerə qədər u, ü səsləri də yol gedə bilir.  Həm də əksinə, u, ü-nün çatdığı yerə qədər ö səsi də  özünü yetirə bilir.

15. Ğ -  bu səs isə insan orqanizmində təmizlik işlərini məsuliyyətlə reallaşdırır. Bir süpürgəçi, təmizkar kimi əlinə təmizlik  vasitəsi alıb hər yeri silir, təmizləyir, parıldadır. Bir az da irəli getsək, hətta qazıyaraq bu işi görür. Qoşulduğu səslər isə onun sayəsində çox enerji sərf etmədən sürüşmə yoluyla mahiyyətində üzüqara çıxmır, olmur. Ğ səsi təzahür etdiyi yerdə özündən yuxarıyla özündən aşağı arasında, sağıyla solu arasında  atdığı rəməldə,  geri qayıtmaq barədə bir şübhə yeri  buraxmır. Bəzən  insan, bu səsi beyninin içində hiss edir. Bu səsin sonu beynin içində diriləndə kökündə yanğın sönür. Eynən raket kimi. Alov sönür kökündə.

16. S -  bu hərf də maraqsız ola bilməz. Milyonlarla səslərin  içərisində seçilmişidir. Bu səsin məqamı gələndə deməmək mümkün deyil. S səsi, o cümlədən hərfləşən, işarət kimi əlifbada, heroqliflərdə yer alan səslər seçilmiş, müstəsna dərəcəyə, məqama sahib səslər adını alırlar. Bu səslər insanın enerjisindən kifayət qədər istifadə etməyi bacardığından, seçilməyi də bacarırlar. Bu səslər, əlifbada yer almağı bacaran səslər  insan enrjisindən həm də  xeyrə yönələrək yararlanmaqla dış dünyada bilinirlər, yer kürəsində mövcuddurlar.

17. F – belə səslər bildiyiniz samit sələr silsiləsindəndi dilçilikdə. Bu səsin özəliyi ağız boşluğundan növbəti təkanını alan keyimiş səsin insanın almacıq sümüklərinin altından gözlərinə, göz çuxurlarına doğru hərəkətindən ibarətdir. Bu səsin səslənişi zamanı insanın göz tutumunun yerli-dibli hərəkətə gələrək beynin sağ-sol yarımkürəsindən, gicgahlardan dolaşaraq alnın tən ortasında  vəhdət təşkili heyrətamizdi. Bu kosmik səsin tutumu düşdüyü, qoşulduğu, calaşdığı məkanda böyümə, genişləmə yaradır. Dilin, mədəniyyətdə bu səs əsasında qabarması gündəmə gəlir. Bu oyunlar təbii zaman içərisində dərk edilmədən öz işini müxtəlif variantlarda, fərqli məqamlarda dışa vurur.

18. G – bu səs qədər ağırlıq yaradan ikinci bir səs yoxdu. Əvvəlcə ağız boşluğunda ağırlıq yaradıb düyünlənir, komalaşır, sonra isə dilin ucunda dağılıb damaqlardan aşağı damır. G səsi ən çox insan orqanizmində hərəkətə səbəb olduğunda, nəfəs burun dəliklərindən sürətlə dışarı şığıyır.

Bu səs kosmik sferada dalğasını harda işıq şölələri varsa, oraya doğru  yönəldərək, bu işıq komalarının üzərində  basqı rolunu oynayır. Mədəniyyətin təzahürü olaraq dilin varlığında bu səs ritmi yavaşıdaraq dilin mətn daxilində manipulyasiyasına şərait yaradır. Dil bu, yaxud bu xarakterə sahib səslərin vasitəsi sayəsində nəfəs dərmə imkanı qazanıb növbəti təkanını dilin mənasında, hikmətində təfəkkürə uyğun şəkildə atır.

19. H – bu səs qədər dərin, içli-dışlı bir səs hələ kosmik dalğalarda görünməmişdir. Dünyanın ilk səsidir bu səs.  Bu səsdən sonra gələn hansı səs, hansı heca, məna olursa olsun, yalnız ona tabe olar, yalnız mənanı da, mahiyyətini də ondan umar, ondan tələb edər. Hətta, H səsinin yanında bulunan heç bir səs öz imkanlarından, mahiyyət, məna imkanlarından, səriştəsindən istifadə edə bilmir. Daha doğrusu, buna H səsi başqa səslərin əllərini cibinə salması üçün şans vermir. H səsi HU sözünün tərkibində  daha  məşhurdu. Bir də Ha. Bu Ha səsi də Qurani Kərimdən gəlir.  Eynən hüruflar kimi, eynən MİM kimi. H səsi də əslində Ha, Hu-dur. Bu səsin dərinliyi, ulaşa biləcəyi məqama heç bir səs, heç bir məna, mahiyyət, hikmət ulaşa bilməz, əsla.

Onun kosmik dönüm sürəti, sürəci misilsiz dərəcədə kainatdan böyükdür. Desəm ki, aləmlərin energetikası bu səsin varlığındadır, inanmazsanız. Aləmlərin mahiyyət enerjisi əgər bu səsin varlığında isə, deyə bilərsiniz, gündə min yol o səsi işlədiriksə, nədən bir sonuca ulaşıb, bir trans durumuna mübtəla ola bilmirik. H səsindəki aləmlərin, kainatın energetik durumunu  toplayıb onunla əlaqəyə, rabitəyə keçməyimiz üçün, heç olmasa  bizim də o halda, o səviyyədə, o tutunma uyğun gələn bir məqam sahibləri olmağımız gərəkir. Misal üçün, onu söyləyə bilərəm, dərvişlər, avatarlar, sakral həyat yaşayanlar bu səsin, bu səsdəki  məna və mahiyyətin nə, necə olduğunun fərqindədirlər. Bu səsin sehrindəki  güc, elə bir güc yoxdur, energetik güclər, ruhani güclər, onu özündə bulundurmasın, onu özünə ram eləməsin.  Bütün bunları, söylədiyim bir qism sözləri nəzərə alaraq H səsinin qudsal dəyərindəki amanatı ehtiyatla kullanmalı olmalıyıq, mesajına sayqıyla yanaşmamız gərəkir.

20. J – bu səs keçmə səsdir. Başqa etnosların planetindən bizim etnosun planetinə gətirilib, ya keçirilib, ya da keçib. Samit, saitliyi olmayan bu səs də özgür bir mətndir. Az sayda sözlər, adlar bu səslə başlar. Ancaq azərbaycanın bəzi bölgələrində feillərin sonunda,  son hecada  J səsi işlənir. Gələjəm, gedəjəm, öləjəm, güləjəm.....kimi...

J səsinin digər özəlliyi isə onun qəzəb, hirs, əsəb, hücum tonu sərgiləməsidir.

21. K – bu səs səsləndirilidiyi zaman insanın özünü təsdiq ehkamı görünür. Samit səsdir. Saitlərə uyuşandır, saitlərlə sorunsuz əlaqələr  yaradır, hecalarda, sözlərdə özünü rahat  hiss edir. Elə biləsən insanın içinin dərinliyindən çıxıb onu geri itələyir bu səs. Sözsüz, hər səs kimi kosmik dalğalarda  bu səs də, bir səsdən başqa səsə keçidi sağlayır, səsləri başqa bir səsə aparır, calayır.

22. L – bu səsdən heç danışmamışıq. Kimsə bu səsin törəsindən, bu səsin ayilərindən danışmayıb. Danışıbsa belə, yazmayıb. Sizlərə ədəb-ərkanla söyləyim, bilin. L səsi də M, H səsləri kimi qudsal kitabımı Qurani Kərimin ayətlərindən biridir. Hüruf-ül müqəddə adıyla anılır. Əslində L səsi, kitabımıza görə LAM kimi oxunmalıdır, qəbul edilməlidir. Bu səsin mahiyyəti əslində L deyil, Lam-da saklıdır. Lam səsi, L səsi göydən yerə doğru enişin mahiyyətini açır, bu yöndə üzərinə düşən kosmik səs dalğaları içindəki balansı sağlayaraq, bizə intiqal edən səbəbi nəticələndirir. Lam səsi, L səsi çıxıb gəldiyi, düşdüyü yerdən bir daha geriyə eyni şəkildə qayıtmır, dönüş sağlamır. Bütün səslər kimi o da geriyə qayıdır, sadəcə başqalarından fərqli olaraq şəklini, formasını, mahiyyətini olsun ki, dəyişib qayıdır. Bu qayıdış məsələsi təkcə səslər üçün keçərli deyil, bütün nəsnələr, tərkibində mahiyyətində mənbə, hikmət gəzdirən nə varsa. Yəni hər şeyin qayıdışı qaçınılmazdır. Bu ilahi  kurallardan biri, önəmlisidir. Bir sözlə səslər də insanlar kimi hicrət eləməyi bacarır. Səslərin hicrəti də eynən insan, dindəki, müsəlmanlıqdakı fəlsəfi  hicrət mahiyyətininə hesablanmış kimidir. Sadəcə, səslərin hicrətindəki kosmik aləmdə, metafizikadakı mənada dəhşətli dəyişkənliklər yaradır. Minlyonlarla kosmik uğultular içərisində bu hicrət missiyasına hesablanmış səslər hicrətini İşıq, Nur kimi seçilərək tamamlayır.

23. I – səsi ən çox sinəni hərəkətə gətirmək şansına sahib. Bir bax, I!!!! Bu səsi tələffüz edərkən həm də boğazdan yuxarı qalxan səs dalğalari kafamıza doğru hərəkətlənir min qoldan. Bu səs insan təniylə, orqanlarıyla ən yaxından təmasda olan səsdir. Sait olmağında tək yönümlülük yoxdur. Bəzən elə səslərin yanında, əhatəsində gələ bilir, tələffüzdə samitə keçid imkanları da yaradır.  Elə saitlər var, nə qədər keçid rolunda rahat şərait yarada bilsə belə, ən çox özgürlüyünü qoruya bilir. I səsi ən çox da bəzi azsaylı sözlərimizin başında gələndə bədənlə, orqanlarla əlaqəsi dışa vurur. Məsələn, Irqıt, ırmaq, Işıq, ıhlamur, ıtır-ıtır, ınımaq!!!

24. Ə – bir sait kimi dilimizdə geniş imkanlara sahibdi. Sözlərin, hecaların varlığına genişlik yayır. İnsanın yapısında, xarakterində də özəl gedişatlar edərək ən azından kişinin psixolojisini qadın şüurunda qorxuzur, dayandırır. Kişinin xarakterini qadının ruhaniyyəti üzərində şkala kimi dondurur. Ə səsinin kosmik alandakı sakrallığı, energetik funksiyası genişliyə açılım, bu genişliyi dolanıb gəlmə, səsin düz xətt boyunca deyil, dairə boyunca sirkulyasiya olması kimi bir yapı sərgilər. Ə saiti a, e səslərinə, o, u səslərinə  qaynaqdan hədsiz eynilik təlqin eləsə də, mənbədən ayrıldıqdan sonra müəyyən bir məsafədə ayrılma, fərqliləşmə cizgiləri nümayiş elətdirirlər. Bu fərqlilik, sadəcə, xətlərin eyni nöqtədən çıxıb ayrılıq yaparaq, düz xətt boyunca, yazılmasıdır.

25. Z – dilimizdəki bu səs bəzən sözlərdə s kimi, s yerinə də işlənir. Z səsi olan yerdə  ətrafa qarşı oyaqlığını əldən verməyə bilərsən. Z səsi də öz varlığında, yanında, böyür-başında onlarla səslər barındırır. Bu səslər sadəcə z səsində təmərküzləşib. Z səsini önə verib, onun zühurunu tələb edib, istəyib bir növ. Insanların ruhaniyyəti də metafizik anlamda belə bir sərgüzəşt  göstərir. Beş-on varlıq, ruhaniyyət sahibi toplaşıb bir ruhda, mənada təcəlli edərək bir varlıq adı altında, bir varlıq kimi zühur edir, doğulur.

26. X -  çox dillərdə bu səs  yoxdur. Məncə, x səsi insanlığın ən kobud səsidir. Bu səslə şər qüvvələri qovmaq imkanı olduğu kimi, xeyir qüvvələri də ortaya çıxarmaq mümkün. Ümumiyyətlə, səslərin əsas funksiyalarından biri də, məna, hikmət olmaqdan çox, bu missiyalarından əvvəl kosmik arenada, məkanda xeyir imkanı, xeyrin təntənəsini, mühitini yaratmaq, şərin məğlubiyyətini, yox olma, itmə, uzaqlaşması yolunda bir addımdır, İlahi bir addım. Səslər, hərflər mədəniyyətin kosmik etnos adına içində düzənlədiyi bir ayin, törəndir.  Bu törənin, ayının reallaşması, kosmik arenadan ta yer kürəsində hər hansı bir mədəniyyət müstəvisində ayinə, törənə dönüşməsi, İlahi nizamı, balansı təmin etmək, sağlamaqdır.

Bir sözlə, səslərin əsas olan ilahi qayəsinin kökündə  Ulu yaradanın  bizlər üçün yön gördüyü, məsləhət bildiyi sağlam ortamın oluşumunu reallaşdırmaq, o  xoş energetik mühiti qoruyub saxlamaqdan ibarətdir.

27. C – bu səs də samitdi, özü də dava-dava deyən samitlərdəndi. Bu səsin əsas özəlliyi tam bir şeyi ortadan ayırıb bir tərəf üstə davam etnəsi, digər tərəfi yerində buraxmaqdan ibarətdir. Bu ilahi missiya, ilahi bir trayektoriya cizərək  mədəniyyətimizin şəkillənməsini dil üzərinə gətirmişdir. Səslərin misilsiz xidmətlərini lazımi şəkildə bilmədiyimizdən, hərflərin, əlifbaların mahiyyətinə o dərəcədə müdaxilə edib vara bilmirik. Bu C səsi elə biləsən tam olan bir şeyi ortadan kəsib, şaqqalayıb yarısını yerə salır, yarısını isə, yenidən bütövlüyünü oluşdurması üçün  yerində saxlayır.

Bizə görə heç bir səs, qəbul olunmuş hərf, əlifbada yer alan heroqlif  şərə dayana bilməz. Çünki ən azından o səsin içində yer aldığı sözün də kökü elə o səsin özü kimi İlahi qaynaqdan  gəlir, Ordan süzülür, sızır.

28. V – elə səslər var, insanın psixologiyasını, şüuraltını  vəhşiliyə, zorakılığa yuvarladır. Elə səslər var isə insanın şüuraltını, düşüncəsini, təfəkkürünü şərə deyil, xoşgörüyə, xeyrə, dostluğa, uyuşumluğa yönəldir. Bu baxımdan,  ilahi, xeyir olan, şər, şeytani olan səslər vardır. Sözlər də ilahi hikmətə, mənaya, mahiyyətə aidiyyatı olduğundan,  bu sözlərin  tərkibindəki  səslərin də xeyrə, Ilahi qaynağa dayanması gərəkir. V səsini də dilimizdə kifayət qədər sözlər öz tərkibində, varlığında, bünyəsində qoruyub, böyütdüyündən, xeyir gücünün məhsuludur. Təbii, istənilən alma kəsmək üçün düzəldilən bıçağı da insanın bədəninə soxub öldürmək mümkün. O baxımdan v səsi insan enerjisinin toplanması baxımından ən gözəl taktikalardan biridir. Həm də səslərin bir araya gəlməsi, toparlanıb öz aralarında sintez olunaraq lazımi bir anlam, hikmət, məna kəsb etməsi üçün V səsi qaçınılmaz imkanlara, şanslara sahibbdir, ya malikdir.

29. N – bu səs M səsinin qonşuluğunda, yaxınında duran səslərdəndi. Hətta N səsinin M səsiylə uzaq-yaxın qohumluğu var. N səsi M səsinə çatmamış dayanır, durur. N səsi geri qaytaran, çağıran bir səsdir. Kosmik anlamda bu səs qaynağını hardan götürürsə, elə ora da dönüşünü  gerçəkləşdirir.

N səsi qaynağından çıxıb yenidən qaynağına dönərkən içində, dışında  xeyli səsləri də özüylə gətirmə, dəvət etmə bilincini əldən vermir. Belə olan halda N səsi fərqli bir müstəvidə fərqli bir energetikayla işini tamamlamış sayılır.

30. M – bu səs Quranda da təqdim olunur birbaşa. Bu səs milyonlarla sözdən, onlarla millətin dilindən daha çox gücə sahibdir. Məsələn, ƏLİF. LAM. MİM, əslində M səsi MİM kimidir. Bu ilahi səs yasasıdır. Mən bunu kimin nə deməsindən asılı olmayaraq belə qəbul edirəm. M səsi kainatın bir nöqtəyə yığılması, bir nöqtədən idarəsidir. Hansısa səsi hansısa səsdən üstün qılmaq, göstərmək istəməzdim. Hər səsin öz səslənişi, məqamı, xüsusiyyəti olduğu aydındı. Sadəcə, M səsi kosmik harmoniyanın ifadə şəklidir. M səsi, denildiyi kimi MİM  kimi qəbul olmalıdır. M səsi elə bir səsdi, ondan sonra, ondan əvvəl gələn nə qədər səslər varsa hamısı ona bağlanır, tabe olur. Xüsusi bir gücə, energetikaya sahib olduğu nəzərdən qaçırılmamalıdır. Bunu unutmaq böyük yanlışlıqlarla üzləşdirər  bu mövzumuzun içində yürüyənləri.

31. Ç – bu səsin samitliyi hərf olmaqdan, işarə olmaqdan, əlifba malzəməsi olmaqdan 10 dəfə çox  kosmik dalğanın  mədəniyyətdəki karmasında beynin tavanından aşağıya doğru basqı-dilin dibinə doğru basqı şəklində hərəkət edərək nəfəsi yuxarıdan aşağı istiqamətləndirib bədənin sinə hissəsindən çiyinlərə doğru əlaqə yaradıb bir bütövlük təşkil edir.

Ç səsi  adamı geri qaytaran bir psixoloji təlqinə sahib. Ən çox da dilimizdə şəkilçi kimi görünün  hecalarda nəzərə çarpır.

Ç səsində sakit, həm də şübhəli bir etiraz notu da üzdədir. Saitlərə qoşulan ç səsi etirazını geri alıb rabitə yaradır, özündən sonrakı səslərin altından öz ağırlığını, ismarıcını ötürür.

Səslər var bu işini özündən sonrakı səslərin üzərindən, bəziləri isə ortasından keçirir.

Ç  səsi şəkilçi tərkibində olub sözə qoşulduqda isə özündən  əvvəlki  hecaları, mənanı dala, özünə tərəf çəkir.  Bu missiya  hər səsdə bir cür zühur edir.

32. Ş – bu səsin  yaranışı kosmik mənbədən çox, kosmik səbəbə bağlıdır. Daha çox yer kürəsindəki bəzi iklim qurşaqlarındakı səs dalğalarından, bəzi səslərin boğazdan sonra dodaqdakı, dil ucundakı qovşağından törəyir. Ş səsi səsi yerindən tərpənməyən, yerinə mıxlanmış bir qəzəb nümayiş eləyir.  Bu səsin qoşulduğu səslər, iştrakçısı olduğu hecalar, sözlər, mahiyyətində bulunduğu mənalar  ( ş-şar, şor, şimal, şənlik, şapalaq, şiddət... kimi) qəzəb, çoxluq, üsyan ifadə edir, büruzə verir...

Xanəmir Telmanoğlu

ARDI VAR...









Redaktorun seçimi