“Elə gözəl gəlmişdin bu dünyaya...” - 5 il əvvəl ölən oğluna yazdı

Hit: 381
“Elə gözəl gəlmişdin bu dünyaya...” - 5 il əvvəl ölən oğluna yazdı

Tanınmmış şairə və bəstəkar Xanım İsmayılqızı beş il əvvəl dünyasını dəyişən oğlunu yad edib.  O, ürək tutmasından həyatını itirən Fərid Əliyevə şeir yazıb. 

Faktor.az X. İsmayılqızının sosial şəbəkədə paylaşdığı  “Canım oğlum” adlı şeirini təqdim edir: 

Canım Oğlum.
Sən elə gözəl gəlmişdin bu dünyaya,
O qəribə gözlərinin özü boydaydı dünya.
Seçilirdin, seçilmişdin.
Buralar doğma deyildi,
Elə bil ki, bilirdin...

 

Canım Oğlum.
Öz adının mənasını soruşurdun dönə-dönə,
Deyirdim ki, Fərid sözü qeyri-adilik deməkdi
Və həm də seçilməkdi...

Canım Oğlum.
Qucağımdan yerə qoya bildim səni,
Sevilməyi, sevməyi,
Qaçmağı da öyrətdim...
Yerdən ayağı üzüb
Uçmağı da öyrətdim...

Canım Oğlum.
Sən də mənə çox şeyi öyrədə bildin.
Bu aləmin içində azmağı öyrətdin mənə...
Bütün dadların adını yazmağı öyrətdin mənə...

Canım Oğlum.
...Titrəyən əllərinlə ətəyimdən yapışaraq,
Əlimdən tutdu əllərin...
Çiynimə qondu əllərin...
İllərimi qarışdırıb
Sığala qatdı əllərin...
Boyun boyumu da aşdı...
Sevgiyə batdı əllərin...
...Sonra da yatdı əllərin...

Canım Oğlum.
Sən elə gözəl gəlmişdin bu dünyaya,
Qəribə gözlərin dünyam qədərdi.
Seçilmişdin, seçilirdin, seçildin...
...Buralar doğma deyildi,
Bilirdinmi?..
... Elə mən də bilirdim...

 

 








Redaktorun seçimi