Bu, tarixi hadisədir - Nazir

90 dəfə oxunub
Bu, tarixi hadisədir - Nazir

Bilirsiniz ki, Bakıda YUNESKO-nun ən böyük komitəsinin növbəti iclasının keçirilməsinin astanasındayıq. Belə ki, 3 gündən sonra Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Bu, tarixi hadisədir.

Faktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, sessiyada 3 minədək mütəxəssisin iştirakı gözlənilir: “150-dən çox ölkənin nümayəndələri gəlib dünyanın mirası, dünyanın mədəni irsi, onun vəziyyəti ilə bağlı olan məsələləri 10 gün müddətində müzakirə edəcəklər. Lakin bu tədbirlər çərçivəsində bu gün xüsusi əhəmiyyətli bir tədbir başlanır. Bilirsiniz ki, Dünya İrs Siyahısına bütün dünya üzrə cəmi 1000 abidə daxildir. Yəni, 1000 nominasiya qəbul olunub. 1000 torpaq, yer, məkan, tarixi abidə dünyanın – YUNESKO-nun Mədəni İrs Siyahısına daxildir. Onların hamısının idarə edilməsi, hamının qlobal çağırışlarla uzlaşma dövründə vəziyyətinin saxlanılması, inkişafı və təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə ediləcək. Bu, dünyanın ən narahatedici məsələlərindəndir. Çox yaxşı haldır ki, Azərbaycanın iki nümunəvi nominasiyası bu siyahıya daxil olub. Bunlar “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğudur. Onlar bir nümunə olaraq bizim tərəfimizdən qonaqların qarşısına qoyulacaq”.

Ə.Qarayev qeyd edib ki, Bakıya təşrif buyuranlar arasında həmin 1000 abidənin 60-dan çoxunun rəhbəri də var: ”Onlar dünyanın ən nüfuzlu Mədəni İrs Siyahısına daxil olan məkanların rəhbərləridir. Onların qarşısında bizim vəziyyətimizi təqdim və izah etmək, onlara bizim apardığımız işlər haqqında məlumat vermək, eyni zamanda gələcəkdə onların təcrübəsini Azərbaycanda və digər ölkələrdə tətbiq etmək olduqca vacib məsələdir. Hesab edirəm ki, bu təcrübə mübadiləsi olduqca vacibdir”.

 



Redaktorun seçimi