İnklüziv ƏSA Teatrından tamaşaçılara şad xəbər! - VİDEO

116 dəfə oxunub
İnklüziv ƏSA Teatrından tamaşaçılara şad xəbər! - VİDEO

Azərbaycanın əlilliyi olan aktyorlardan ibarət ilk və tək inklüziv ƏSA Teatrı cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını iyulun 6-da nümayiş etdirəcək.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Baş menecerin sözlərinə görə, ƏSA Teatrının repertuarındakı çoxsaylı tamaşaların arasında “Adamlar və siçanlar” tamaşası yerli və xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığından cari teatr mövsümünü paytaxtda məhz bu tamaşa ilə yekunlaşdırmaq qərara alınıb.

Nobel və Pultizer mükafatı laureatı amerikalı yazıçı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanan tamaşanın nümayişi iyulun 6-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Bünyamin Sailovdur.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, Cəmilə Məmmədli, İmran Lalayev, Riyad Sultanov, Günay Məmmədova, Fərid Əliyev və Bəhram Rəhimli canlandıracaq.

XX əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhranın insanlığa vurduğu mənəvi zərbələrin fonunda baş verən hadisələr əsasən insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayır.

“Adamlar və siçanlar” tamaşası paytaxt Bakı ilə yanaşı Naxçıvan şəhərində böyük coşğu ilə qarşılanıb. ƏSA Teatrı yay fəslində digər bölgələrdə də qastrol nümayişləri reallaşdıracaq.

Biletləri iTicket.az onlayn satış portalından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.



Redaktorun seçimi