Professor Nigar Vəliyevanın yeni kitabı işıq üzü görüb

49 dəfə oxunub
Professor Nigar Vəliyevanın yeni kitabı işıq üzü görüb

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Qloballaşma şəraitində dilin, milli şüurun və mədəniyyətin sinergetikası” kitabı nəşr olunub. Kitab Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən işıq üzü görüb.

Monoqrafiya xarici dillərin tədrisində spesifik xüsusiyyətlərin öyrənilməsinə həsr edilib. Bu, təkcə izahın təsvir, analiz, ərizə-təsnifat yolları ilə deyil, bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə araşdırılması, qlobal dünyada çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişafının nəzərə alınması və digər məsələləri özündə ehtiva edir.

Monoqrafiya ingilis dili müəllimləri, dilçi alimlər, doktorant-dissertantlar, tələbələr, həmçinin pedaqogika, psixologiya, leksikologiya, sosial linqvistika, məntiq, region ədəbiyyatı ilə məşğul olan mütəxəssislər üçün mükəmməl vəsaitdir. Kitab, eyni zamanda, qloballaşma prosesində çoxmədəniyyətli kommunikasiyanın və onun milli dilə, mədəniyyətə, şüura təsiri ilə maraqlananlar üçün nəzərdə tutulur.

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edir ki, “Qloballaşma şəraitində dilin, milli şüurun və mədəniyyətin sinergetikası” monoqrafiyasının oxucuları bu sahədə onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Professor Nigar Vəliyeva innovativ araşdırma metodlarından istifadə edərək müasir dünya elmində qlobal deyərləri tədqiq etmək imkanı yaradır. Müəllif, həmçinin, Azərbaycan dinamik inkişafı, dünyada yeri, mədəniyyəti, dili, adət-ənənələri, yaradıcı potensialı haqqında müqayisələri oxuculara təqdim edib.

Monoqrafiyada “Dil və mədəniyyətin qədim və yeni körpüləri haqqında fikirlər”, “Qloballaşma. Bu nə deməkdir?”, “Qlobal ingilis dili”, “Mədəni qloballaşma”, “Ədəbi dilin problemi”, “Çoxmədəniyyətli kommunikasiya”, “Kütləvi medianın xarici dilin öyrənilməsi prosesində böyük təsiri” və “Milli konseptosfera anlayışı” kimi mövzular yer alıb.

Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin, 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 230-dan çox elmi işin, 21 monoqrafiyanın müəllifidir. Onun elmi məqalələri ABŞ, Rusiya, Braziliya, Polşa, Rumıniya, Serbiya, Fransa, Kanada və digər ölkələrdə, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq elmi jurnallarında çap olunub.



Redaktorun seçimi