Ayten Abdullayevanın "Stokholm- sütünlar üzərində ada" adlı fərdi sərgisi

85 dəfə oxunub
Ayten Abdullayevanın "Stokholm- sütünlar üzərində ada" adlı fərdi sərgisi

7-12 iyun tarixilərində Art Tower qalereyasında İşveçin Azərbaycandakı səfirliyi, Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ayten Abdullayevanın "Stokholm- sütünlar üzərində ada" adlı fərdi sərgisi təşkil olunub. 

Sahilləri Baltik dənizinin suları ilə yuylan və körpülərlə bir-birinə birləşən, on dörd ada üzərində yerləşən, ilk baxışdan al-əlvan rəngləri və sakinlərin gülərüzlüyü ilə özünə aşiq edən nağıl - şəhər! Stokholm şəhərinin adı "sütünlarla bərkidilmiş ada", "sütünlar üzərində ada" kimi tərcümə edilir. 

Stokholm şəhərinin əsası 1252-ci ildə riksqraf Birqer Yarl tərəfindən qoyulmuşdur. Şəhər su sahələrinin bolluğu, qala və parkların orijinal memarlığa sahib qədim və müasir binalarla ahəngi ilə seçilir. Stokholm gəzməli və görməli yerlərlə çox zəngindir. Qamla Stan (Qədim şəhər) adlandırılan ərazi şəhərin "qəlbi" hesab edilir və burada Kral Sarayı, Stokholm kilsəsi, məşhur "kökə evlər", Nobel Muzeyi və digər gözəl abidələr yerləşir. Şəhərin əsas "muzey arteriyası" kimi Yurgarden adasını qeyd etmək olar. Məhz burada Vikinqlər muzeyi, əfsanəvi ABBA musiqi qrupunun muzeyi, Nordiska Muzeyi, Okeanarium, Luna-park, dünyanın ilk açıq havada muzeyi olan Skansen, hər birimizi uşaqlıq illərinə aparan sevimli Karlson və Uzuncorap Pippi qəhramanlarının yaradıcısı Astrid Lindqrenin nağıllar muzeyi Yunibaken, dənizə buraxıldığı ilk gün batan və üç əsr sonra dənizin dibindən çıxarılaraq bərpa edilən əzəmətli Vasa gəmisi muzeyi yerləşir. Həmçinin şəhərin digər hissələrində yerləşən İsveç Milli Muzeyi, Karl və Olqa Milles cütlüyü tərəfidən yaradılmış bədii dövlət muzeyi və heykəltəraşlıq parkı olan Millesqardenin adını çəkməmək olmaz. 

İsveçin Bakıdakı Səfirliyinin dəstəyi ilə Ayten Abdullayeva bu gözəl şəhəri ziyarət edib öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edir. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı vəzifə idi. Aytenin özünün dediyinə görə, hava limanına çatan kimi bu ölkəyə хas olan qış sərinliyi lə dolğun şimal havasını hiss edir və pasport yoxlanışından keçdikdən sonra sakitcə insanların arasına qarışaraq nağıl şəhərinə tərəf tələsir. Stokholm həqiqətən çox gözəl şəhərdir. Səliqəli evciklər, yerli əhalinin mehribançılığını, şam ağacının təravətini, şirniyyat köşkünün tamını əks etdirən keşməkeşli küçələr. Heykəllər, parklar, meydanlar, dənizkənarı - hər şey özündə Stokholmun həyatını əks etdirən mozaikaya düzülür. Və "sərt" paytaxt heç də sərt təəssürat yaratmır. Əksinə, Aytenə, xaraktercə həssas xanıma, bu atmosfer o qədər güclü təsir etmişdir ki, o bütün uzun gəzintilərdən sonra bu kolorit haqda düşünməyə davam edirdi. Onun xəyalı siluetlər, cizgilər çəkirdi, əlləri isə fırça və boyalara tərəf uzanırdı. Bu macəralı səfərin nəticəsi ilə siz onun əsərlərinə baxmaqla tanış ola bilərsinizz. Onların içərisində onun qəlbi, təbiətin və insanın yaratdığı və bizə bəxş etdiyi nemətlər qarşısında şövq və ehtiramı dəyanır.

 

Rəssam və Qrafik dizayner Ayten Abdullayeva 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistr pilləsi üzrə təhsil almışdır. Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura pilləsi üzrə təhsil alır. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvüdür. Yerli və beynəlxalq layihə və sərgilərin iştirakçısı və qalibi olmuşdur. 

İnformasiya dəstəyi: Trend.az, Day.Az, Milli.Az



Redaktorun seçimi