BDU-da “Füyuzat Mərkəzi” açıldı

Hit: 459
BDU-da “Füyuzat Mərkəzi” açıldı

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu Bakı Dövlət Universiteti (BDU) ilə müqavilə bağlayaraq, Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi” təsis edib. 

Faktor.az xəbər verir ki, mayın 22-də “Füyuzat Mərkəzi”nin açılışı gerçəkləşib.

BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, MİMTA Fondu mərkəz üçün ayrılan otağı təmir və avadanlıqlarla təmin edərək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərmək, yaradıcılıq müsabiqələri keçirmək, Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində işlər görməyi qarşısına məqsəd qoyub.


Bu məqsədə nail olmaq üçün MİMTA Fondu BDU ailə birgə müqavilədə qeyd edildiyi kimi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:

- BDU-nun nizamnaməsini və MİMTA-nın nizamnaməsini əsas tutaraq, həmçinin medianın maarifləndirmə funksiyasını nəzərə almaqla gənclər arasında birgə maarifləndirici tədbirlərin təşkili və keçirilməsi;

- Azərbaycan mətbuat tarixinin öyrənilməsi və gənclər arasında təbliği;

- Bakı Dövlət Universitetinin professor-müəllim heyəti üzvlərinin BDU-nun və MİMTA-nın təşkilatçılığı ilə “Füyuzat mərkəzi”ndə və digər yerlərdə keçirilən maarifləndirici mühazirələrə cəlb olunması;

= BDU-nun və MİMTA-nın layihələri əsasında “Füyuzat mərkəzi”ndə BDU-nun tələbələri üçün MİMTA-nın əməkdaşları və BDU-nun professor-müəllim heyəti üzvləri tərəfindən təlimlərin, treninqlərin keçirilməsi;

- BDU və MİMTA tərəfindən onlayn media və nəşriyyat-poliqrafiya işi ilə bağlı müxtəlif dərnəklərin təşkili;

- MİMTA-nın əməkdaşları tərəfindən tələbələrin qəzet və jurnal dizaynı bilgilərinin artırılması istiqamətində dərnəklərin təşkili;

- Füyuzat jurnalının və MİMTA-nın digər mətbu orqanlarının yazarları ilə tələbə görüşlərinin təşkili;

- MİMTA-nın mətbu orqanlarında istedadlı tələbələrin və magistrantların təcrübə keçmələri üçün işə cəlb edilmələri;

- Gənc nəsildə milli-mənəvi dəyərlərin aşılanmasına və vətənpərvərlik şüurunun yüksəldilməsinə hədəflənən dəyirmi masaların, seminarların təşkili;

- BDU və MİMTA-nın layihələri əsasında tələbə və magistrantlar arasında istedadlı gənclərin üzə çıxarılması məqsədilə yaradıcılıq müsabiqələrinin və elmi araşdırmaların təşkili.

- MİMTA-nın layihələri əsasında Fakültə rəhbərliyi ilə razılaşdırılmış şəkildə mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliği istiqamətində fakültənin studiya imkanlarından və tələbə heyətindən istifadə edərək video çarxların, sənədli filmlərin çəkilməsi;

- BDU və MİMTA-nın təşkilatçılığı ilə tələbələrin istedadlarının üzə çıxarılmasını, elmi araşdırmalarının və yaradıcılıqlarının artırılmasını, milli mənəvi dəyərlərin və vətənpərvərlik şüurunun yüksəldilməsi üçün digər tədbir və layihələrin həyata keçirilməsi.

 

Qeyd edək ki, Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu 2005-ci il yanvar ayının 31-dən fəaliyyət göstərir.

Fondun fəaliyyətinin əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərlərimizi tədqiq edib həm ölkəmizdə, həm də ölkəmizdən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara, qaçqın və məcburi köçkünlərə, kimsəsizlərə, əlil və veteranlara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.

Yeni təsis edilən mərkəzin adını daşıdığı Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–07-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri var.

Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti tərəfindən çapı dayandırılmışdı. İrsimizin ayrılmaz parçası olan bu jurnalı Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa etmiş və professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlayıb.

Müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalıb.

“Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni, irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur. Fondun və “Füyuzat” jurnalının redaksiyasına gələn təşəkkür məktubları, abunəçilərin günü-gündən artması, eləcə də, jurnalın xarici ölkələrdə yayılması “Füyuzat” jurnalının ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir. (modern.az)









Redaktorun seçimi