Milli Qəhrəman Seymur Məmmədova həsr olunmuş filmin təqdimatı keçirilib

45 dəfə oxunub
Milli Qəhrəman Seymur Məmmədova həsr olunmuş filmin təqdimatı keçirilib
Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib.
 
 “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.
 
Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açıb: “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimiz, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizdir. Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”.
 
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğulayıb ki, şəhidlər xalqımızın qürur və inam yeridir: “Ölkə Prezidentinin ötən il seçkilərdən sonra imzaladığı ilk sərəncam şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən, şəhid ailələrinə birdəfəlik yardım göstərildi. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda Birinci vitse- prezident Mehriban xanım Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü oldu. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir”.
 
Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirib ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
 
Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür edib.
 
Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olunub.
 
Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



Redaktorun seçimi