Uşaq Filarmoniyasının binasının açılışı olub

Hit: 537
Uşaq Filarmoniyasının binasının açılışı olub

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub.

ONA-nın məlumatına görə, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev əsaslı təmir işlərindən sonra binada yaradılan yeniliklərlə tanış olub.

O bildirib ki, bu gün ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib: "Nəhayət ki, uzun zamandan sonra Azərbaycanın vacib mədəniyyət müəssisələrinin təmirdən sonra yenidən açılışını təmin etmişik. Dövlət Uşaq Filarmoniyası 1991-ci ildən fəaliyyət göstərir. Bu mədəniyyət ocağından Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edən layiqli sənət adamları çıxıb”.

Nazir əlavə edib ki, Dövlət Uşaq Filarmoniyası Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsidir: "Burada uşaqlar bir neçə istiqamət üzrə istedadlarını püxtələşdirir, inkişaf etdirirlər. Hazırda burada 500-ə yaxın uşaq təhsilini davam etdirir. Ən əsası odur ki, Uşaq Filarmoniyasında fəaliyyət göstərən iki ciddi sahə var; Uşaq Simfonik Orkestri və Xalq Çalğı Alətləri Orkestri. Yəqin ki, bundan sonra bura gələcək uşaqların sayı da artacaq. Mən fürsətdən istifadə edib bu işin gerçəkləşməsində göstərdiyi təşəbbüs və dəstəyə görə ölkə Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, buranı bitirən uşaqlar gələcəkdə ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər".

Tədbir bədii hissə ilə davam edib. 









Redaktorun seçimi