Professor İlham Rəhimovun kitabı türk dilində çap olundu

Hit: 549
Professor İlham Rəhimovun  kitabı türk dilində çap olundu

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqda rus dilində çapdan çıxmış  “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”) adlı kitabı Türkiyədə türk dilində çap olunub.

Türk dilinə tərcümə olunmuş  əsərdə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016) adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Əvvəlki əsərlərdə İ.Rəhimov əsasən cəzanın, habelə, ölüm cəzasının fəlsəfi mahiyyətindən bəhs etmişdisə, bu kitabda həmin məsələlər çoxfunksiyalı problem kimi nəzərdən keçirilir, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji amillər konteksində tədqiq edilir.

Adından da göründüyü kimi, kitab bəşər tarixində qədim və mübahisəli cəza növü olan edam cəzasına həsr edilib. Müəllif oxucuya ölüm cəzası fenomeni ilə bağlı yalnız öz mühakimələri ilə deyil, həmçinin elmi ədəbiyyatlarda mövcud olan müxtəlif rəylərlə tanış olmaq imkanı verir. Belə yanaşma hər bir oxucuya aşağıdakı suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, olmasın?

Kitab ali məktəblərin tələbələri, doktorant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər, təcrübi işçilər, həmçinin filosoflar, tarixçilər, sosioloqlar, psixoloqlar, eyni  zamanda cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Səid Əhmədli Faktor .az

 

 









Redaktorun seçimi