“Qətibə İnanc” yenidən səhnədə...

Hit: 482
“Qətibə İnanc” yenidən səhnədə...
 Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yeni tamaşalardan olan "Qətibə İnanc” növbəti dəfə təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən  bildirilib ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
 Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları Xalq artisti Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər  Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Rövşən Kərimduxt,aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcəklər.
 Rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna məxsus olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova aiddir.
 Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.
 Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov "Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.
 

 









Redaktorun seçimi