Ulu Öndərin xatirəsi Opera və Balet Teatrında anıldı

Hit: 371
Ulu Öndərin xatirəsi Opera və Balet Teatrında anıldı
 Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.
Tədbir Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
 Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asəf Əsgərov bildirib ki, bu gün ölkəmizin hər yerlərində ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur. Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışan natiq deyib ki, bu böyük siyasi xadimin əməlləri heç vaxt unudulmayacaq: "Hər bir xalqın tarixində onun gələcəyini müəyyənləşdirən böyük şəxsiyyətlər olur. Bizim də xalqınızın lideri Heydər Əliyevdir. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir, onun belə bir dahi oğlu var”.
 Bu gün müsəlman aləmində Ramazan ayının ilk gününün olduğunu bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov hər bir ailənin süfrəsinə ruzili-bərəkət arzulayıb.
 Ümummilli lider Heydər Əliyevi Azərbaycan xalqının taleyinə düşən ən qiymətli şəxsiyyətlərdən biri kimi xarakterizə edən natiq bildirib ki, Ulu Öndər daima Azərbaycanı düşünüb, onun rifahı üçün çalışıb. Bunun nəticəsidir ki, Azərbaycan hər kəsin fəxr etdiyi bir ölkəyə çevrilib.
 Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu gün gənclərimizin bayramıdır. Çünki müstəqilliyimizin ilk illərində gənclərimizin taleyi sual altında idi. O vaxtlar hər bir ailə uşağının taleyini fikirləşirdi, ölkədən çıxartmaq haqqında düşünürdü. Amma indi Azərbaycan gəncliyi Ulu Öndərin apardığı yorulmaz fəaliyyət nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır. Ulu Öndər Azərbaycan xalqının milli düşüncəsini, kimliyini özünə qaytarıb.
 Sonra ümummilli lider Heydər Əliyev haqda videoçarx nümayiş olunub və tədbir konsert proqramı ilə davam edib.

 









Redaktorun seçimi