Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək

87 dəfə oxunub
Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək

2019-cu ilin 8 may tarixində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

Məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olmuşdur. O, 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi dahi Üzeyir Hacıbəylinin evində yaşamağa başlamışdır. 1936-cı ildə texnikuma daxil olan gənc musiqiçi truba sinfində təhsilini davam etdirmişdir. O, 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olmuşdur. S.Hacıbəyov burada xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən mənimsəmişdir.

Hələ tələbə ikən Soltan Hacıbəyov Bakı Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət almışdır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlamış, onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyası ərsəyə gəlmişdir. "Qızıl gül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuş və uzun illər ərzində teatrın repertuarını bəzəmişdir.

Azərbaycan simfonizminin təməlini qoymuş ilk bəstəkarlardan biri olan Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İskəndər və çoban” uşaq operasının, simfonik, xalq çalğı alətləri orkestri, kvartet üçün müxtəlif janrlı əsərlərin, musiqili komediyaların, dram tamaşalarına musiqilərin, “Karvan” simfonik lövhəsinin müəllifidir.

S.Hacıbəyov yaradıcılıqla yanaşı ictimai xadim kimi də səmərəli fəaliyyət göstərmişdir. O, 1940-1942-ci illərdə Filarmoniyanın saz ansamblının rəhbəri, 1942-1945-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri olmuşdur. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan bəstəkar gənc kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərmişdir.

Sənətkar 1947-1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-1962-ci illərdə direktoru olmuşdur. Eyni zamanda o, 1963-cü ildə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Görkəmli bəstəkar 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır.

Milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə S.Hacıbəyov 1952-ci ildə Stalin mükafatına, 1960-cı ildə Azərbaycanın Xalq artisti fəxri adına, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına, 1973-cü ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür.

Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra Sumqayıt Musiqi Texnukumuna sənətkarın adı verilmiş, eyni zamanda Soltan Hacıbəyovun yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanmışdır.

7 may 2019-cu il tarixində saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Soltan Hacıbəyovun kamera əsərlərindən ibarət konsert keçiriləcəkdir. Tədbirdə tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova çıxış edəcəkdir.

8 may 2019-cu il tarixində saat 12.00-da Birinci Fəxri Xiyabanda Soltan Hacıbəyovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaqdır.



Redaktorun seçimi