Novruz şənliyinin daha bir günü yaddaqalan olub

Hit: 477
Novruz şənliyinin daha bir günü yaddaqalan olub

Kosa və keçəlin yeni metro macəraları

“Bakı Metropoliteni” QSC-nin sərnişinlər üçün ilk dəfə Novruz bayramının əsas personajlarının iştirakı ilə təşkil etdiyi şənliyin ikinci günü yaddaqalan anlarla zəngin olub. Mart ayının 19-u start verilən tədbirlər silsiləsinə musiqili proqram, illüziya şousu və pianoçunun solo çıxışı daxil edilib.
Martın 20-si, bayram günü tədbirlər metropolitenin “28 May”, “Sahil”, “İçərişəhər”, ”Elmlər Akademiyası” stansiyalarında milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı təqdim edilib. Konsert proqramında sərnişinlərdən biri – Milli Konservatoriyanın məzunu Kəmalə Abbasova fəal iştirak edərək, milli muğam üçlüyünə dəstək olub və ifası alqışlara layiq görülüb.
Əsas bayram şənliyi qədim tarixi qoruq olan İçərişəhərin qoynunda yerləşən “İçərişəhər” stansiyasının vestibülündə davam etdirilib. Novruz personajları - Kosa və Keçəl, gözəl Bahar qızı sərnişinlərin və paytaxt qonaqlarının bayramını təbrik edib, səhnəcikləri ilə onlara xoş anlar bəxş ediblər. Tamaşanın gedişində bayram qəhrəmanları stansiyanın birinci baş yolunda unikal muzey eksponatı kimi nümayiş etdirilən retro vaqonlardan təşkil olunmuş qatarda sərnişinlərlə bayramlaşıb, şən dəqiqələr keçirib, uşaqların könlünü oxşayıb, şən zarafatları ilə yüksək ovqat yaradıblar.
İllüziyaçı Anar Əliyevin proqramı bayram tamaşasına xüsusi ab-hava gətirib.
Bayram tədbirləri beynəlxalq müsabiqələr laureatı, pianoçu Fuad Əlizadənin instrumental ifası ilə yekunlaşıb və sərnişinlərə sürpriz olub. Onun iki saat davam edən konsert proqramına Azərbaycan xalq və bəstəkar musiqisindən, dünya bəstələrindən nümunələr daxil idi.








Redaktorun seçimi