Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Hit: 564
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Zəngin musiqi proqramları, qədim bayram personajları və hədiyyələri

Elimizə qədəm qoyan bahar təravətli Novruz bayramı şənlikləri paralel şəhərimizdən də yan keçmir. “Bakı Metropoliteni” QSC-nin ənənəvi bayram tədbirlərinə bu il yeni layihələr də əlavə edilib. 
Qeyd edək ki, Novruz sosial layihələri martın 14-15-də "İçərişəhər" stansiyasında keçirilən əl işləri yarmarkası ilə başlanıb. Üç gün davam edəcək xüsusi konsert proqramlarına "28 May" stansiyasında start verilib. Peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri stansiyanın vestibülündə sərnişinləri qarşılayıb. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçalarının üstünlük təşkil etdiyi konsert proqramı daha sonra "Sahil", "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında davam edib.
Qeyd edək ki, muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, kvartet Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.
Musiqi sovqatı eləcə də martın 20-21-də həmin stansiyalarda təqdim olunacaq. 
"İçərişəhər" stansiyasında sərnişinləri qarşılayan musiqi proqramları estafeti metropolitendə ilk dəfə keçirilən Novruz şənliyinə verib. Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosa şən səhnəcikləri, şeirləri, zarafatları, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edib. Bahar qızı rolunda çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Eleanora Mehdiyeva, Kosa və Keçəl obrazlarını isə 5 nömrəli Yaradıcılıq İnkişaf Mərkəzinin teatr rejissoru Namiq İbrahimov və Əməkdar artist Arzu Hüseynov sərnişinləri də bu bayram tamaşasının bir hissəsinə çevirərək, şounu yaddaqalan bir xatirəyə çeviriblər.
Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin çıxışları Novruz şənliyinin daha da zənginləşdirməsinə səbəb olub.
Tamaşanın çevik ab-havası daha sonra "İçərişəhər" stansiyasının plaftorması və xüsusən birinci stansiya yolunda nümayiş etdirilən retro vaqonlardan ibarət qatarda davam edib. Şənlik iştirakçıları Novruz qəhrəmanları ilə bol xatirə şəkilləri çəkdiriblər.
İki saat davam edən şənlikdə “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva və mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov xüsusi milli geyimlərdə azyaşlı sərnişinlərə uşaq oyuncaqları, hədiyyələr paylayıblar.
Bayram şənliyi martın 20-də davam etdiriləcək. Onu da əlavə edək ki, martın 21-dək sərnişinlər muzey eksponatı kimi "İçərişəhər" stansiyasında nümayiş etdirilən retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə bilərlər.
"Bakı Metropoliteni" QSC-nin tamaşaçılarına bayram sürprizləri bununla tamamlanmayıb. Bayram şənliyi estafeti yenə musiqi dəqiqələrinə verib. İlk dəfə metropolitendə solo-konsert proqramı ilə pianoçu çıxış edib. Mart ayının 19-da saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasının vestibülündə beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə ifası ilə sərnişinlərə zövq oxşayan xoş anlar bəxş edib. Onun sintezatorda iki saat davam edən repertuarında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələri, eləcə də məşhur dünya bəstələri yer alıb. Pianoçunun konserti martın 20-də davam edəcək.









Redaktorun seçimi