ƏSA Teatrının fəaliyyəti dayana bilər - FOTOLAR

Hit: 750
ƏSA Teatrının fəaliyyəti dayana bilər - FOTOLAR

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı bu ilin sentyabrında 3 yaşını qeyd etməyə bilər.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, yarandığı gündən daima inkişaf edərək, bütün tamaşalarını anşlaqla təqdim edən inklüziv ƏSA Teatrı özünün ən çətin dövrünü yaşayır: “ƏSA Teatrı yarandığı gündən fəaliyyəti ictimaiyyətin gözü önündə olub.  Fəaliyyətimizə kiçik səhnələrdə başlasaq da qısa müddətdə ən böyük teatr səhnələrində tamaşalarımızı nümayiş etdirərək, böyük auditoriyalara təqdim etmişik.

Lakin 2019-cu ildən tamaşaçıların haqlı iradları ilə üzləşirik ki, ƏSA Teatrı niyə tamaşa nümayiş etdirmir? Bildirmək istəyirəm ki, 2018-ci ilin 3 dekabr tarixində Dövlət Musiqili Teatrının səhnəsində təqdim etdiyimiz “Göy quş” tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsək də, tamaşalarımızı nümayiş etdirə bilməmişik.”

Teatrın baş meneceri hazırda üzləşdikləri çətinliklərdən bəhs edərək, təəssüflə vurğulayıb ki, fəaliyyətlərini davam etdirmək üçün maliyyə qaynaqları tapmaqda çətinlik çəkirlər:

“ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri öz sərt üzünü göstərir. Teatrın saxlanılması üçün məkan icarəsi, məşqlərin keçirilməsi üçün səhnənin olmaması, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə öz mənfi təsirini göstərir. Digər tərəfdən, tamaşaların nümayişi üçün teatr binasının tapılmaması da zəruri problemlərdəndir. Müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də hələ ki, effektiv nəticəsi olmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb”.

Nicat Qulam bildirib ki, 11 aprel tarixində ƏSA Teatrı Con Steynbekin “Adamlar və siçanlar 3 – Fermadan qaçış” tamaşasını nümayiş etdirməyi planlaşdırır. Baş menecerin sözlərinə görə, bunun üçün teatr binası axtarılır.

Qeyd edək ki, mövcud problemlər həllini tapmasa, bu respublikanın ilk inklüziv teatrı olan ƏSA Teatrının nümayiş etdirəcəyi son tamaşası ola bilər. 



 








Redaktorun seçimi