Nicat Qafuroğlu: “Kimsə deyə bilməz ki, mən Nicat Qafuroğlunu hansısa vəzifəyə gətirmişəm” - MÜSAHİBƏ

Hit: 5274
Nicat Qafuroğlu: “Kimsə deyə bilməz ki, mən Nicat Qafuroğlunu  hansısa vəzifəyə gətirmişəm” - MÜSAHİBƏ

“Televiziyada çalışmaq yaradıcığıma mənfi təsir edir”

Faktor.az-ın bu dəfəki müsahibi "ARB24"ün baş  prodüseri Nicat Qafuroğludur.

 

Nicat Qafuroğlu hansı təqdimatda özünü daha rahat hiss edir?

- Hər şeydən əvvəl Mustafayev Nicat Qafur oğlu şəxsiyyyət vəsiqəsi olan Azərbaycan vətəndaşıyam. Daha sonra isə qarışıq durumdu. Rejissor və televiziyaçı. Rejissorluğa həvəsim daha çox olsa da, son bir ildə televiziyaçı kimi daha çox fəaliyyət göstərirəm. Peşəm televiziyaçıdır.Amma mənə elə gəlir ki, daha çox rejissoram. Tamaşaçıya hələ sözünü deməmiş rejissor.

- Sizin “Məcbur” qısa filminizdə belə bir kəlmə ilə qarşılaşdım: “Oğlanlar evlənəndə heç vaxt kimsəni sevməyən qız axtarır və onları yalan danışmağa məcbur edirlər” – doğurdanmı belədir? Bəs Nicat Qafuroğlu evlənəndə bu fikirlərə nə qədər önəm verib...

- Mən xoşlamıram ki, müəllifin əsərlərdəki mövzularını şəxsi həyatı ilə əlaqələndirsinlər. Bu bir yanaşmadır, mənim müşahidələrimin nəticəsidir. Rayonda böyümüşəm deyə, oxuduğum məktəb dövründən apardığım müşahidənin nəticəsi budur ki, adətən ikitərəfli münasibətlərdə, yeniyetməlik dövründə daha çox oğlanlar qızlara istək səbəbindən yalan danışmağa başlayırlar. Və sonucda hər kəs evlənəndə istəyir ki, əvvəldən münasibətdə olmayan qız alsın.

Bizim mental baxışımız belədir. O filmin kökündə bir feminizm var. Qadın hüquqlarının pozulması haqqındadır. Qadınlar da evlənəndə həyatlarında heç vaxt qız olmayan kişi tapıb evlənməlidir. Amma bir məsələ var ki, elə bir kişini tapmayacaqlar. Mən bu mövzuda kino çəkməklə gəncləri əxlaqa dəvət edirəm. Çünki, ailəyə çevrilməyən münasibətlər sonradan problem kimi qalır. Təbliğat elə olmalıdır ki, ailə institutu güclü olsun. Daha çox kişilərdə günah gördüyüm üçün onlara çağırış edirəm.

 - Necə oldu ki, film çəkmək istədiniz, rejissorluq fikrinə düşdünüz? Bu sahədə təhsiliniz varmı?

- Xeyr, birbaşa rejissoruluq təhsilim yoxdur. Öz gördüklərimi çəkirəm. Mənim dünya filmləri haqqında biliklərim çox aşağı səviyyədədir. İncəsənət Universitetinin normal oxuyan tələbəsi təbii ki, məndən daha çox bilir. Mənim peşəm televiziyaçılıqdır. Bəxtim elə gətirib ki, İctimai Televiziyanın qurulması zamanı müxbir kimi rolum olub. Hazırki “Arb24”ün bilavastə qurulmasında iştirak etmişəm.

Amma rejissorluqda çəkdiklərim mənim iç dünyamda görmək istədiklərimdi. Yəni əsl özüm ordayam. Özümün təsdiqimi orda tapıram. Amma hələ də, filmimi çəkə bilməmişəm. Baxmayaraq ki, mənim tammetrajlı filmim var. Düşünürəm ki, o kamilliyə hələ hazır deyiləm. Mənə elə gəlir ki, ən yaxşı romanımı, ssenarimi 40 yaşımdan sonra yazıb, çəkəcəm.

- Çəkdiyiniz filmlərin ssenari müəllifi də özünüzsünüz. Niyəsi maraqlıdı. Çətinlik yaratmırmı?

- Məni rejissorluğa gətirən ədəbiyyatdı. Yazdıqlarımı o qədər yaşamışam ki, indi onu canlandırmaq istəyi peyda olur. İçimdə o yazıçılıq olmasa, təbii ki, rejissorluq kimi də fəaliyyətim olmaz. Mən heç vaxt kiminsə yazdığını çəkməyəcəm. Özüm yazıb, özüm çəkəcəyəm.

- İndi ssenari və rejiossor məsələsində şikayətləri çox eşidirik. Əsas da yaşlı aktyorlar şikayətlənirlər ki, yaxşı rejissora, ssenariyə az rast gəlinir. Razısınızmı? Bu nə ilə bağlıdı?

- Qətiyyən razı deyiləm. Ad sadalamayacam. Azərbaycan imkanları çərçivəsində lazım olanları çəkirlər. Razıyam ki, bayağı komediya filmlərimiz çoxdur. Ona görə ki, onların ssenarisi zəif yazılır. Texniki baxımdan yetəri qədər inkişaf etmişik. Bəzən yutubda elə müasir kliplərə rast gəlirəm ki, doğurdan fərəhlənirəm.

- Niyə daha çox qısametrajlı filmə üstünlük verirsiniz?

- Bayaq dediyim  kimi ədəbiyyat və kino bir-birinə yaxın sahələrdir. Hər ikisi yaradıcılıqdır. Rejissorluqdan qabaq hekayələrim və şeirlərim dərc olunurdu. Daha sonra həmin ərəfədə İctimai Televiziyada da çalışırdım deyə, görüntüyə bir az yaxın idim. Düşündüm, yazdıqlarımı nəyə görə ekranlaşdırıb görməyim. Sadəcə texnikanı öyrənmək lazım idi. Bir dəfə kameranı götürüb yaşadığım və böyüdüyüm Kürdəmir torpağına getdim. İyul ayında Kürdəmirin istisini çəkdim. İnsanlar o istidə necə yaşayır, məişət problemləri və.s. O film respublikada ən yaxşı etnoqrafiya filmi seçildi. Bundan sonra daha da həvəsləndim. Ondan sonra kliplər çəkdim. Qısametrajlı filmlərim oldu.Və nəhayət qismətimdə tammetrajlı film çəkmək də oldu.

 

- Rejissorluqla yanaşı,bir kanalın rəhbər şəxslərindən birisiniz. İdarəetmə adamı bir az da məmurlaşdırır. Yaradıcılığınıza mənfi təsir edəcəyindən qorxmursunuzmu?

- Bəli, televiziyada çalışmaq yaradıcığıma mənfi təsir edir. Televiziya yaradıcı mühitdir. Bura mənim fərdi yaradıcılığım deyil, kollektiv yaradıcılığıdır. Televiziya film deyil, kino deyil, ayrı bir görüntüdür. Və bütün düşüncələrimi, ruhumu məndən aldığı üçün ola bilər ki, digər tərəfdən mənim məhsuldarlığıma ciddi şəkildə təsir edir. Oxşar tərəfləri budur ki, hər ikisində yaradıcılıq var.

- 35 yaşa görə xeyli uğur qazanmısnız. Sizin kimi olmaq istəyənlərə məsləhətiniz nədir?

- Onu deyə bilərəm ki, hər şey istəkdən aslıdır. İnsanın daxilində bir istək olmalıdır ki, sən nə istəyirsən? Və bu istəyin enerjisi insanı yönəltməlidir. Gənclərə tövsiyyə vermək hüququm çatırsa, ilk növbədə hər kəsi tənbəllikdən uzaq durmağa səsləyirəm. Əgər məqsədə doğru addım varsa, heç kimə zərər vermədən öz inkişafını nəzərdə tutursansa, heç kimi tapdalamadan qabağa gedə bilirsənsə, bunun üçün xüsüsi istedada ehtiyac yoxdur, nə də anadan dahi doğulmağa gərək yoxdur. Sadəcə zamanı düzgün planlaşdırmaq lazımdır. Bir məsəl var: “Uğura gedən ekskalator xarab olub, amma pilləkənlər həmişə açıqdır”. Qalxmaq lazımdırsa, deməli əziyyət də çəkməlisən. Ən  vacib olan isə səhər yuxudan tezdən qalxmaq lazımdır. Həyat burdan başlayır.  Mən başqa bir formula tanımıram. Uğurun sirri də mənə görə budur. Bir şeyi də qeyd edim ki, bu günə aid olan işi sabaha saxlamaq olmaz. Çünki sabahın da öz işi var. İnsan isə bunu heç vaxt nəzərə almır. Elə sabah eliyərəm deyib keçir.

- Tez-tez şikayət eşidirik ki, ölkəmizdə yaxşı vəzifəyə gəlmək üçün yaxşı adamın olmalıdır. Kifayət qədər normal vəzifədəsiniz. Sizi bu yerə kimsə gətiribmi? Kiməsə ehtiyac duymusunuzmu?

- Qətiyyən. Kimsə çıxıb deyə bilməz ki, mən Nicat Qafuroğlunun hansısa bir vəzifəyə gəlməsinə dəstək vermişəm. Mənim daydayım mənim imzam olub. 17 yaşımdan imzam var. 18 yaşında artıq qəzet buraxmışam. Mən tarix müəlliminin oğluyam. Atam sovet dövründə həmişə vəzifələrdə olan adam olub. Qafur Mustafayev. Kürdəmirdə fəxri xiyabanda dəfn olunub. Kürdəmirin ictimai-siyasi həyatında vacib bir insan olub. Təhsil şöbəsinə uzun illər rəhbərlik edib. Bəli, onun adı bəzən mənə kömək olur. Amma karyeramda atam heç bir rol oynamayıb. Çünki 21 yaşımda onu itirmişəm.

- Gözəl şeirləriniz də var. Bu şeirlərə ürəyinizdə qalan əlçatmaz bir sevginin əl işləri demək olarmı?

- Bəli, bu izah olunmaz bir prosesdi. Şeirlər ruhdu. Planlaşmamış bir işdi. Şeirlərimin 99 faizi dəxlisiz anlarımda yazılıb.Şeirlər idarə olunmaz hisslərin əl işidir. Mənim də beynimdə qəhrəmanlar var ki, onları çalışıram romanımda canlandırım. Necə deyərlər, onları sevirəm, mənim bir yaradıcılıq dünyam var. Mən bəzən şeirimdə hamilə qadın olaram, bəzən isə... Hətta, şeir yazanda yarpaq da ola bilərsən, torpaq da...  Müxtəlif obrazlara girə bilərəm. Sadəcə o hisslərə qapılıb, yazmaq lazımdır.

- Yaradıcı şəxslərdə ürək işləri bir az başqa cür olur deyirlər. Məsələn, “Dahi” romanındakı rəssam Yucin kimi. Çılğıncasına sevir, qəfildən də uzaqlaşır. Sizcə, bu nədən qaynaqlanır?

- Yaradıcı adamlar hər zaman axtarışdadırlar. Yaradıcdırsa, lap dünyanın “best model” müsabiqəsinin qalibi olsun, o yenə qane olmayacaq.

- “Leyla və Fərid” filminin təqdimatı nə vaxtdır?

- Bu təqdimat uzun illər sonra olacaq yəqin. Konkret cavab verə bilməyəcəm. Çünki xərcləri çoxdur. Mən onu şəxsi vəsaitimlə çəkmək iqtidarımda deyiləm. Həm də PR və kommersiya tərəflərini nəzərə alsaq, buna hələ vaxtım da yoxdur.

- ”Ultions” filmi çəkdiyiniz ilk filmdir deyəsən. Gözləntilərinizi doğrultdumu? Adı da bir az qəribədir.

- Adı latın dilindədir. Mənası “Qisas” deməkdir. Filmdə Bakıda fəaliyyət göstərən gizli bir şəbəkənin oyunlarından söhbət gedir. Falçılardan ibarət böyük bir şəbəkədir. Oyuncaq mağazasının içində özlərinin bir iclas zalı var. Adı elə seçmişəm ki, başa düşülməsin. Əgər filmin adını qisas qoysaydım, əvvəldən mənası bəlli olardı və maraqsız olardı. İlk dəfə sizə bu haqda deyirəm: “Bu film bir qədər untimasson düşüncəyə xidmət edir. Massonların istifadə etdiyi dildir. Həmin o pis şəbəkəni massonlara bənzətmişdim”. Bu film müəllif filmi idi. Bu qədər məşhur olacağını gözləmirdim. Psixoloji treyler idi. Müasir gənclər üçün darıxdıcı film olduğunu gözləyirdim. Ona görə də, bu filmin çəkilib kinoteatrlarda yayımlanmasını istəmədim.

- Hansısa filminizdən gəlir götürmüsüz?

- Bəli, sənədli filmlərim üçün televiziyadan qonorar almışam. Başqa heç bir qazancım olmayıb.

- Azərbaycanda film büdcəsi niyə azdır?

- Çünki film şirkətləri tam formalaşmayıb. Ortada rəqabət olmalıdır. Həm də böyük məvacibi alacaq mütəxəssilər azdır. Kim ki, işinin mütəxəssisidir, çox da pul alır. Aşağı büdcəli, yuxarı büdcəli film anlayışı yoxdur.

Gülnar Nazimqızı

Foto:Bəşir Əli









Redaktorun seçimi