Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Hit: 289
Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə “Açıq qapı” günü keçiriləcək.

Teatrdan verilən məlumata görə, “Açıq qapı” günü çərçivəsində “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Yanvarın 20-də nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Ramiz Məlik, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Əjdər Həmidov, Hacı İsmayılov, Sabir Məmmədov, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Rövşən Kərimduxt, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.









Redaktorun seçimi