Bakıda Qəhvə və Çay Festivalı keçirilir

Hit: 306
Bakıda Qəhvə və Çay Festivalı keçirilir
Bakıda 11 yanvarda Qəhvə və Çay Festivalına start verilib.
 
 13 yanvara qədər davam edəcək festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək.
 
Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.
 
Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin (Specialty Coffee Association) dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək Dünya Barista Çempionatında (World Barista Championship) təmsil edəcək.
 
Həmçinin, festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.
 
Festival hər gün, saat 10:00-dan 17:00-dək ziyarətçiləri qəbul edəcək.
 
Qeyd edək ki, festivala xüsusi qonaq qismində Türkiyə də dəvət edilib. Ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi bildirib ki, ölkəsinin tədbirdə iştirakı rəmzi xarakter daşıyır: “2019-cu il üçün müşavirliyin proqramında bu tədbirdə iştirakı nəzərdə tutulmamışdır. Lakin dəyərli festival təşkilatçılarının Türkiyəni də bu tədbirdə görmək arzusu bizi iştiraka həvəsləndirdi”.
 
Türk qəhvəsi ilə bağlı bu il geniş təqdimat günləri və sərgilər keçirməyi planlaşdırdıqlarını deyən İrfan Çiftçi qeyd edib ki, Bakı qəhvə və çay festivalında da qonaqlar türk qəhvəsinin hazırlanma qaydası ilə tanış ola, ləziz təamların dadına baxa bilərlər.
 








Redaktorun seçimi