Məktəblilər Xızıda Mikayıl Müşfiqin ev muzeyində oldular

Hit: 1020
Məktəblilər Xızıda Mikayıl Müşfiqin ev muzeyində oldular
Azərbyacan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xızı məktəbliləri görkəmli şair Mikayıl Müşfiqin rayonun Sayadlar kəndində yerləşən ev muzeyinə ekskursiya ediblər. Burada böyük sənətkara aid 150-dən çox fotoşəkil, müxtəlif sənədlər, portretlər və kitablar qorunur. 
 
Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə təşkil olunan tədbirdə ziyarətçilərə böyük şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, gənc yaşda repressiya qurbanı olmuş şairin Azərbaycan ədəbiyyatına verdiyi böyük töfvələr faktlar əsasında diqqətə çatdırılıb.
 
Bilik Fondunun Xızı rayonu üzrə nümayəndəsi, Şuraabad qəsəbə tam orta məktəbin direktoru Xatirə Həşimzadə “Mikayıl Müşfiq yaradıcılığı və yeniyetmələrin vətənpərvərlik tərbiyəsi”  mövzusunda mühazirə ilə çıxış edib.
 
Azərbaycan poeziyasında özünəməxsus yer tutan Mikayıl Müşfiqin həyat və yaradıcılığının Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olduğunu bildirən mühazirəçi, qeyd edib ki, şairin şəxsiyyəti milli şüur və vətənpərvərlik nümunəsi, yaradıcılığı isə gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
 
Bildirilib ki, fitri istedada malik olan Mikayıl Müşfiq az ömür sürsə də XX əsr Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri ilə seçilib. Bu romantik şairin nəğmə dolu sətirləri bu gün də müşfiqsevərlərin dilindən düşmür.
 
X.Həşimzadə şairin şeirlərindən nümunələr gətirib. O, M.Müşfiqin “Oxu, tar!”, “Ölkəm”, “Ana”, “Gecə düşüncəsi” və digər şeirlərindən söz açaraq, bu bədii əsərlərin poetik gücündən və lirik xüsusiyyətlərindən ətraflı şəkildə bəhs edib.
 
Mühazirəçi sonda onu da xüsusilə vurğulayib ki, M.Müşfiqin yaradıcılığını dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirlərini anlayan hər bir kəs öz davranışı ilə nümunəvi şəxsiyyətə çevrilə bilər. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı və onlara malik olmağı öyrədir.
 
Tədbirin bədii hissəsində məktəblilər şairin şeirlərini söyləyiblər. Ekskursiyadan sonra şagirdlərin iştirakı ilə M.Müşfiqin ev muzeyinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
 








Redaktorun seçimi