Ruhumuzun körpə vaxtında...

Hit: 1054
Ruhumuzun körpə vaxtında...

Səsdə böyük qüdrət olduğunun hamımız şahidi olmuşuq. Səs adamı döyüşə qaldıra, kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək…

Bəli, SƏSin ucaltdığı ifaçılar, müğənnilər çox olub…

...Kim deyir, mərdlik kişilərə xasdır, kişilərə aiddir. Mərdlik dəyərdir, qadınlarda da olur- onda da var…
...Gözəllik- Allahın bəndəsindən əsirgəmədiyi lütf- onda da var…

...Kübarlıq- vücudu ruha təslim edən güc- onda da var…

Deyir ki, Türkiyədə istirahət edirdim. Şabalıd satan bir gəncə yaxınlaşıb, şabalıd aldım. Bu gəncin azərbaycanlıya oxşadığını görüb, haralı olduğunu dəqiqləşdirmək üçün sual verdim. Dedi ki, azərbaycanlıdır. Rayonların birində müəllim işləyir. Üç ay, yay tətilində Türkiyəyə gəlib alver edir ki, yeni qurduğu ailəni dolandıra bilsin…

Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr sahibinə çata bilsin. Buna ancaq nadanlar ağız büzər. Ondan fərqli olaraq, kişi həmkarı isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…

..Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ ali sovetinin deputatı olanda şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı…
...Bəzilərindən fərqli olaraq, özünü reklam etmədən kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Nə qədər ehtiyacı olanı sevindirdiyinin sayını özündən, bir də uca Tanrıdan başqa heç kim bilə bilməz. Ola bilsin ki, kiminsənin haqqı özünə çatmayıb. Amma haqq onda yox, arada itmiş olar…

...Əlbəttə ki, gözəldir. Bir əsrdən 18 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də boyuna biçilib, ona etibarlı qalıb, sədaqət göstərib…

…Kübardır, lazım bilmədiyi yerdə görünüb ucuz gündəmə qaçmaz. İctimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…

Zeynəb Xanlarova- Azərbaycan operasının Leylisi, Əslisi! Yeniyetmə çağlarımda, gənclik illərində adı gələndə minlərlə həmyaşıdım kimi, tələsik sehirli qutunun qarşısına yüyürdüyüm, sevə-sevə dinlədiyim xanım. Sizə sevənlərinizin mənəvi borcu var- ruhumuzun körpə, ac vaxtlarında, musiqi zövqümüzün formalaşmasında göstərdiyiniz xidmətə görə... 
...Görəsən, bu balaca yazıyla borcunuzdan bir zərrə ödəyə bildikmi?..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan









Redaktorun seçimi