“Nənələr”in davamçıları - “Nəvələr” rəqs qrupu

Hit: 407
“Nənələr”in davamçıları - “Nəvələr” rəqs qrupu

Ölkəmizdə və onun hüdudlarından kənarda kifayət qədər tanınan "Nənələr" folklor kollektivinin adı dillər əzbəridir.

Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivinin ənənəsini "Nəvələr" rəqs qrupu uğurla davam etdirir.

Lənkəran şəhərindəki 5 nömrəli uşaq bağçası nəzdində yaradılan “Nəvələr” qrupu yarandığı az müddətdə çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.

Uşaq bağçasının müdiri Aybəniz Hüseynova bildirib ki, adı dillər əzbəri olan lənkəranlı “Nənələr”in davamçıları “Nəvələr” mahnı və rəqs qrupu dörd ildir fəaliyyət göstərir. Yarandığı az müddətdə rəqs qrupu “Nənələr” folklor kollektivi qədər sevilir.

“Nəvələr”in sayı, ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri “Nənələr”lə eynilik təşkil edir. Öz şux rəqsləri ilə iştirak etdikləri bütün tədbirlərdə böyük alqış qazanan “Nəvələr” qrupunun ən böyük üzvünün 5, ən kiçiyinin isə cəmi 3 yaşı var.

Altı nəfərdən ibarət “Nəvələr” mahnı və rəqs qrupunun repertuarında hələlik mahnı və rəqslərin sayının az olduğunu vurğulayan Aybəniz Hüseynova gələcəkdə mahnı və rəqslərinin sayını artıracaqlarını bildirib.

Rəqs qrupunun üzvləri hətta özlərinə Nənə də seçiblər. Onlar rayonda keçirilən tədbirlərdə seçdikləri Nənə ilə yanaşı çıxış edirlər.

 

 

 









Redaktorun seçimi