Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd edilib
Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq keçirilən Beynəlxalq Muğam festivalları və Muğam Televiziya müsabiqələri barədə danışan nazir qeyd edib ki, bu tədbirlər dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə də bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib: “Bu layihələrinin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir”.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə gecələri, yubileyləri və yaradıcılıq axşamları da təşkil edilir.
Başa çatmaqda olan 2018-ci ilin uğurlarından söz açan Əbülfəs Qarayev deyib: “Bu il ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb, o cümlədən xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.
Tədbir muğam konserti ilə davam edib.
Konsert proqramında Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli çıxış ediblər.(trend)