“Sabitlik və rifah naminə siyasət” kitabı təqdim olundu

66 dəfə oxunub
“Sabitlik və rifah naminə siyasət” kitabı təqdim olundu
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin müəllifi olduğu “Sabitlik və rifah naminə siyasət” kitabının təqdimatı keçirilib.
Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru Əli Həsənov, rəyçilər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, redaktoru “Azərbaycan” qəzetinin şöbə müdiri, əməkdar jurnalist Bəxtiyar Əzizlidir.
“Təhsil” Nəşriyyatında dərc edilən kitab Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunub. Kitabda əbədi müstəqilliyimizin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır, sabitlik və rifaha aparan dövlət siyasətinin ölkə başçısı tərəfindən müəyyən edilmiş hədəflərindən bəhs edilir.
Tədbirdə Milli Məclisin komitə sədri professor Siyavuş Novruzov, Milli Məclisin üzvləri, akademik Nizami Cəfərov, akademik Musa Qasımlı, müxbir üzv Bəxtiyar Əliyev, professor Elman Nəsirov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Dilarə Cəbrayılova, Sona Əliyeva, Ülviyyə Ağayeva, tanınmış elm xadimləri, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, professor Rəna Mirzəzadə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov, tanınmış ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müəllifə uğurlar arzulayaraq kitabın alimlər, tədqiqatçılar, politoloqlar və maarifləndirici fəaliyyətlə məşğul olan mühazirəçilər üçün 
yararlı vasitə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, kitabda güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah ölkə başçısının apardığı siyasətin prioritet hədəfləri kimi dəyərləndirilir, dövlətçiliklə siyasi varisliyin təntənəsi konkret faktlarla təhlil olunur.
Kitabda xüsusi olaraq vurğulanıb ki, 1991-ci ildə Xalq Cümhuriyyətinin ideyaları və tarixi varislik prinsipləri üzərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı bununla özünün qədim dövlətçilik ənənələrinə sadiqliyini göstərib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması, respublikamızın beynəlxalq nüfuzunun sürətlə artması, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin yorulmaz və gərgin əməyi sayəsində mümkün olmuşdur. Ulu öndərin respublikamızda uğurla gerçəkləşdirdiyi 
məqsədyönlü siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi ətrafında xalqın birliyini möhkəmləndirib, milli dövlətçiliyin hüquqi, iqtisadi və siyasi əsaslarını formalaşdırıb.
8 fəsildən ibarət kitab Heydər Əliyev və İlham Əliyevin imzaladıqları Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinə həsr olunan sərəncamlarının mətni ilə başlayır. Fəsillər “Müstəqilliyə aparan yol”, “Dövlətçilikdə uğurlu varislik”, “Tolerantlıq məkanı - Azərbaycan”, “Modernləşməyə aparan iqtisadi islahatlar”, “Sağlam və dayanıqlı inkişaf naminə”, “Milli maraqların təminatçısı”, “Ədalət və mərhəmət ünvanı”, “İntellektual gələcəyə doğru” başlıqları ilə təqdim olunur.
Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirərək onları maraqlandıran sualları cavablandırıb.
 
 
 
 
 
 
 
 
 
 
 



Redaktorun seçimi